Məhkəmə qərarları › İş №2(032)-1923/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1923/2025

31.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1923/2025 31.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə ailə həyatı qurmuş və nikahları Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 252 saylı akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Cavabdehlə evləndikdən bir müddət sonra aralarında olan münasibət pisləşməyə başlamışdır. Könüllü olaraq nikahlarının pozulması ilə əlaqədar mediasiyaya müraciət etmişlər. Mediasiya prosesi zamanı nikahlarının pozulmasına razılıq vermişlər. Nikah pozulduqdan sonra uşaqların onun himayəsində qalmasına razılaşmışlar. Övladlarının saxlanılması üçün ataları Maraqlı şəxs hər uşağa 80 manat olmaqla, ümumilikdə 240 manat aliment ödəyəcəyinə, eyni zamanda uşaqların atası Maraqlı şəxs istənilən vaxt ünsiyyətdə olacağı barədə razılığa gəlmişlər. Bu barədə aralarında mediatorun iştirakı ilə saziş imzalanmışdır. Lakin barışıq sazişinin imzalandığı vaxtdan (sazişin tarixi 21 yanvar 2025-ci il, alimentin hesablanma tarixi xx.xx.2025-ci il), yəni 01 fevral 2025-ci il tarixdən 10 aydan çox vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən könüllü surətdə tam icra edilməmiş və birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın sonuna qədər hər ay uşağa 80 manat sabit pul məbləğində alimenti tam ödəmir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X3, xx.xx.2016-cı il tarixdə X6 və xx.xx.2019-cu il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-482/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindan görünür ki, iddia təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 02 may 2013-cü il tarixli 400 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 may 2025-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah qeydi Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnmaəsinə əsasən pozulmuş, nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə, 63 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT-045/2025/00044AK nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə mediasiya sessiyasında nikahın pozulması, uşağın ananın himayəsində qalması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 26 aprel 2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-045/2025/00044AK nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. İş üzrə ərizəçi tərəfindən ödənilmiş olan 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar