Məhkəmə qərarları › İş №2(032)-374/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-374/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-374/2023 28.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını onunla əsaslandırmışdır ki, Şirvan şəhəri L-NT İbrahimov küçəsi, 1 saylı evdə anası ilə yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Uzun illərdir ki, ailəvi gedişgəlişləri var. Evlərində olan LG markalı televizoru yenisi ilə əvəz etmək qərarına gəlmiç, bu barədə Cavabdeh söhbət əsnasında məlumat veriblər. 2020-ci ildə LG markalı televizoru 600 manat məbləğində razılaşmaqla qonşusuna satmaq adı ilə cavabdehə vermiş, cavabdeh televizorun dəyərindən 200 manat ödəməklə 400 manat borclu qalmışdır. Hər ayın 12-ci günü 100 manat məbləğində ödəniş etməyi söz versə də, dəfələrlə pulun ödənilməsini tələb etdikdə ödənişdən yayınmışdır. Cavabdeh vurulmuş ziyanı könüllü qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (məhkəmə bildirişi və elektron qaydada sms bildiriş) baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, İddiaçı və cavabdeh X1 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı şikayət verdiyi ərizəsində və verdiyi izahatlardan görünür ki, o, Cavabdeh 600 manat dəyərində televizor satdığını, cavabdeh 200 manatını ödəsə də, qalan 400 manat borcunu ödəmədiyi barədə sonuncu barədə tədbir görülməsini xahiş edir. Cavabdeh Şirvan Şəhər Polis Şöbəsində verdiyi izahatlardan görünür ki, o, 2 il bundan əvvəl tanıdığı Arzu və Bəygül adlı qadınlardan 600 manata alıb tanışı Leyla adlı qadına vermiş, 200 manat pulu vermiş, lakin 400 manatı verə bilmir, nə də ki, Leylanı tapa bilmədiyini bildirmişdir. Şirvan Şəhər Polis Şöbəsinin sahə rəisi N.Hüseynəliyevin İddiaçı polis şöbəsinə etdiyi müraciəti ilə əlaqədar tərtib etdiyi arayışda göstərilmişdir ki, İddiaçı polis şöbəsinə ərizə ilə müraciət edərək tanıdığı Cavabdeh 600 manat dəyərində televizor satdığını, 200 manatını alması, qalan 400 manat pulu ala bilməməsini bildirmişdir. Araşdırma zamanı hər iki şəxsin izahatı alınmışdır. “WhatsApp” telefon danışıqlarının çıxarışlarından görünür ki, iddiaçı (onun anası) ilə Cəmalə Tv adlı abonent arasında televizor satılması və həmin televizora görə 200 manat pul verilməsi və 400 manat pulun isə borc olaraq qalması barədə yazışmalar əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin sahə rəisi N.Hüseynəliyev ifadəsində bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə polis şöbəsinə etdiyi müraciəti ilə əlaqədar göstərmişdir ki, tanıdığı Cavabdeh 600 manat dəyərində televizor satmış, sonuncu 200 manatını ona versə də, qalan 400 manat pulu ala bilmir. Araşdırma zamanı hər iki şəxsin izahatı alınmış, müraciət edənə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mülki işlə bağlı mövqeyi və əsaslandığı hallar: Beləliklə, mülki işin araşdırılması zamanı müəyyən olunur ki, 2020-ci il tarixdə tərəflər arasında şifahi razılaşma şəklində bağlanmış nisyə alqı-atqı müqaviləsinin şərtinə əsasən cavabdeh iddiaçının televizorunu 600 manata almağı öhdəsinə götürmüş, həmin puldan 200 manatı iddiaçıya vermiş, lakin ona 400 manat borcu qalmış, onu ödəməmişdir. Cavabdeh polis qurumuna yazdığı izahatlarında və vatsap yazışmalarında da televizoru Leyla adlı qadına satmasını və pulu da onun verməli olmasını bildirsə də, iddiaçı Leyla adlı qadını tanımadığını, əşyasını məhz cavabdehə satmasını və pulunu da ondan tələb etməsini bildirir. Çünki o Leylanı tanımamış, əşyanı cavabdehlə tanışlıq münasibətlərindən irəli gələrək ona eibar edərək hissə-hissə ödənilməklə satmışdır. Polis qurumuna da cavabdehdən şikayət etmişdir və pulunu da ondan tələb edir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır, cavabdeh alıcı kimi öhdəsinə götürdüyü “LG” markalı televizor üçün qalan borcunu, yəni 400 manatı ödəməmiş, öhdəliyini tam icra etməmişdir. Göstərilənlərə və yuxarıda araşdırılaraq obyektiv qiymət verilən sübutlara əsasən iddia təmin edilməli və Cavabdeh 400 manat alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 31 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar