Məhkəmə qərarları › İş №2(032)-495/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-495/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-495/2023 13.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC ilə bağlanmış 25 noyabr 2019-cu il tarixli, 021CASA193290019 nömrəli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh3 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla 3476,96 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2 ilə 021FİZAM17457903 nömrəli, 25 noyabr 2019-cu il tarixli, Cavabdeh1 ilə 021FİZAM77964302 nömrəli, 25 noyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2078 manat 64 qəpik əsas borc, 4 manat 88 qəpik faiz borcu, 4 manat 63 manat cərimə borc, cəmi 2088 manat 15 qəpik pulun və ödənilmiş 40 manat 89 qəpik dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh3 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çatdırılmışdır. Lakin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində cavabdehlərin iddiaya qarşı əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 25 noyabr 2019-cu il tarixli, 021CASA193290019 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla 1476 manat 96 qəpik məbləğində kredit verilmişdir. 25 noyabr 2019-cu il tarixli, 021FİZAM17457903 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 İddiaçı ASC qarşısında 25 noyabr 2019-cu il tarixli, 021CASA193290019 nömrəli güzəştli kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. 25 noyabr 2019-cu il tarixli, 021FİZAM77964302 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 İddiaçı ASC qarşısında 25 noyabr 2019-cu il tarixli, 021CASA193290019 nömrəli güzəştli kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. Maliyyə arayışından görünür ki, Cavabdeh3 25 noyabr 2019-cu il tarixli, 021CASA193290019 nömrəli krediti müqaviləsi üzrə xx.xx.2023-cü tarixə 2078 manat 64 qəpik əsas borc, 4 manat 88 qəpik faiz borcu, 4 manat 63 qəpik, cəmi 2088 manat 15 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, 107 nömrəli bildirişin və göndərilməsini təsdiq edən xəbərnamələrdən görünür ki, iddiaçı cavabdehləri mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə Cavabdeh3 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 2078 manat 64 qəpik əsas borc, 4 manat 88 qəpik faiz borcu, 4 manat 63 qəpik, cəmi 2088 manat 15 qəpik məbləğində pulu İddiaçı ASC-nə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 ilə birlikdə İddiaçı ASC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlərdən müştərək qaydada 2078 manat 64 qəpik əsas borc, 4 manat 88 qəpik faiz borcu, 4 manat 63 qəpik, cəmi 2088 manat 15 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 40 manat 89 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2078 (iki min yetmiş səkkiz) manat 64 (altmış dörd) qəpik əsas borc, 4 (dörd) manat 88 (səksən səkkiz) qəpik faiz borcu, 4 (dörd) manat 63 (altmış üç) qəpik cərimə borcu, cəmi 2088 (iki min səksən səkkiz) manat 15 (on beş) qəpik məbləğində pul, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat 89 (səksən doqquz) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar