Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-505/2025 12.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-176/2022 saylı qətnaməsinə əsasən iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması , uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırılmışdır. Birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment alınaraq iddiaçı Ərizəçi verilməsi barədə iddia təmin edilmişdir. Hazırda tərəflər arasında aliment məbləğinin 1/3 hissəsindən dəyişib sabit pul məbləğində tutulması barədə xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01695 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişi üzrə öhdəliyin icrası zamanı Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən barışıq sazişi icra edilməsi çətinliklər yaratmışdır. Məhkəmə iclasında Ərizəçi mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, cavabdeh barışıq sazişində nəzərdə tutulan alimentlə bağlı ödənişləri vaxtında etsə də ondan alimentin hissəvi deyil, sabit şəkildə tutulması üçün icra şöbəsinə təqdim etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında ödəyir. Lakin ərizəçi ilə alimentin tutulması qaydasının dəyişdirilməsi ilə bağlı razılığa gəlmişlər və aralarında barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişini icra şöbəsinə təqdim etdikdə onlara məhkəməyə müraciət etmələri olduğu bildirimişdir. Barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-176/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Şirvan şəhər Qeydiyyat şöbəsində 10 noyabr 2015-ci ildə 525 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 iddiaçı Ərizəçi yanında qalması müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs 28 dekabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment alınaraq iddiaçı Ərizəçi verilməsi, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024- 01695 saylı barışıq sazişindən görünür ki, “Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-176/2022 saylı qətnaməsinə əsasən iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırılmışdır. Birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment alınaraq iddiaçı Ərizəçi verilməsi barədə iddia təmin edilmişdir. Lakin hal-hazırda Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-176/2022 saylı qətnaməsinə əsasən aliment 1/3 hissəsi ödənilməsinə baxmayaraq , biz X3 aramızda razılığa gələrək xx.xx.2024-cü il tarixdən etibarən mən , Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq , xx.xx.2017-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün alimenti 1/3 hissəsindən imtina edib, alimentin ödənilməsini dəyişdirib sabit pul məbləğində ödənilməsini öhdəliyimə götürürəm. Mən, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq alimenti 1/3 hissəsindən dəyişib sabit pul məbləğində hər ay hər uşağa görə 200 (iki yüz əlli) manat sabit pul məbləğində olmaqla, cəmi 400 (dörd yüz) manat alimenti hər ayın əvvəli Ərizəçi verməyi öz öhdəliyimə götürürəm. Mən Ərizəçi və Maraqlı şəxs ilə birgə nikahımızdan anadan olmuş xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2018-ci ildə anadan olmuş X3 adlı iki övladımızın saxlanılması üçün yetkinlik yaşına çatana kimi kimi alimenti 1/3 hissəsindən dəyişib sabit pul məbləğində hər ay bir uşağa 200 (iki yüz əlli) manat sabit pul məbləğində olmaqla, cəmi 400 (dörd yüz) manat aliment ödəməsinə razıyam. Saziş imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Lakin hazırki iş üzrə məhkəmə iclasında tərəflərin verdiyi izahatlarından tərəflərin hər hansı birinin barışıq sazişinin şərtlərinin könüllü qaydada icra edilməməsi və ya onun könüllü icrasından imtina etməsinə dair halın mövcudluğu müəyyən edilməmiş, həmçinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-176/2022 saylı icra vərəqəsi hazırda icra şöbəsində icraatda olmaqla borclu Maraqlı şəxs tərəfindən hər ay olmaqla vaxtı-vaxtında icra olunur. Dolayısı ilə hazırda mediasiya vasitəsilə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün həmin sazişin məcburi icrasını zəruri edən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğuna dair sübut ərizəyə əlavə edilməmişdir. Beləliklə, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni həmin maddədə qeyd olunan şərtlər (barışıq sazişi könüllü qaydada icra edilməməlidir; barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır) mövcud olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-505/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-505/2025
12.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver