Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-510/2023 05.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, iddiaçı «Kapital bank” ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Kapital bank” ASC Cavabdehına qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehından «Kapital bank” ASC-nin xeyrinə 2751 manat 97 qəpik əsas, 779 manat 58 qəpik faiz, cəmi 3531 manat 55 qəpik pul vəsaitinin və 55 manat 32 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli BBLK4475489A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik 25 faiz dərəcəsi ilə 3845 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2751 manat 97 AZN əsas, 779 manat 58 qəpik faiz, cəmi 3531 manat 55 qəpik borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə Cavabdehına prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt göndərişinin izlənməsi barədə arayışdan görünür ki, Cavabdehının ünvanına göndərilmiş, lakin həmin qeydiyyatda olduğu ünvanda yaşamadığından bildiriş geri qaytarılmışdır. Həmin gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə, Cavabdehına qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş materiallarında olan «Kapital bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBLK4475489A299 saylı ( hesab, kart, kredit üzrə) Kredit müqaviləsinə müqaviləsindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: -1.1-ci bəndinə əsasən ödəniş kartı (Birkart və ya Kart) nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Nağdlaşdırma bankomat (ATM), POS-terminal və ya bankın yerli struktur bölməsi vasitəsilə nağd pul vəsaitinin alınması (məxarici) əməliyyatıdır. Nağdsız ödəniş nağd puldan istifadə edilmədən kart vasitəsilə malların və ya xidmətlərin (POS-terminal, ATM. mobil tətbiq və ya internet vasitəsilə) dəyərinin ödənilməsi əməliyyatı, habelə internet üzərindən edilən onlayn əməliyyatlardır; -2-ci bəndində əsasən bank müştəriyə “Birkart” ödəniş kartı verir, həmın karta bağlı müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; -3.1 - 3.3-cü bəndlərinə əsasən bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında 410100C**********299 saylı cari hesab (bundan sonra - Birkart hesabı və ya hesab) və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində banka məlumat verməli və bankin həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərafinfən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akeptsiz qaydada müştərinin hesabından silinə bilər. Hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, bank müştərini xəbərdar etmədən kartin fəaliyyətini dayandıra bilər; -4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 3845 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, müştəri, müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankin mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; - 4.3 - 4.5-ci bəndlərinə görə kredit xəttindən son istifadə tarixi, həmçinin kartın son istifadə tarixi 31 dekabr 2024-cü il tarixədəkdir. Kartın son istifadə tarixi başa çatdığı gündən etibarən həmin hesab sistemdə bağlanılır və hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasınının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür və bankın tariflərinə əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət haqqı tutulur. Müddət bitdikdən sonra bankdaxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə müqavilə üzrə yeni kart təqdim oluna bilər. Hesab müqavilənin 3.4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada bağlandıqda və ya kartdan istifadə müddəti bitdikdə, hesabdakı hər cür öhdəliklərdən azad pul vəsaiti bankda saxlanılır, müştəri müvafiq vəsaiti əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birlikdə banka müraciət etməlidir. Kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə illik 25 faiz (maksimal FİFD 26.29%) ödəyir, taksit əməliyyatları üzrə isə ödəniş etmir; -4.6 - 4.8-ci bəndləri ilə müəyyən edilir ki, kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. Ödəniş intervalı hər ayın 1-10 arası müəyyən edilir, ödənişin son tarixi qeyri-iş gününə düşərsə, sonrakı iş günü sonuncu gün hesab sayılır. Kredit xətti üzrə istifadə olunmuş məbləğə görə borclar taksit və qeyri-taksit əməliyyatları üzrə fərqlənərək aylıq ödənilir, həmçinin ödənilməli məbləğlər barədə bank müştərini SMS vasitəsilə məlumatlandıra da bilər; -5.3-cü bəndinin tələbinə görə kartın mülkiyyəti banka aiddir. Bank karti geri ala, istifadəsini dayandıra bilər, habelə vaxtı bitmiş kart(lar)ı yenisi ilə əvəz etməyə bilər. Müştəri kartin itməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır; -6.1 - 6.3-cü bəndlərndə qeyd edilir ki, kartdan istifadəyə görə aylıq xidmət haqqı kimi 2 manat vəsait tutulur, Kartdan istifadəyə görə aylıq xidmət haqqı bank tərəfindən hər növbəti təqvim ayının 11-ci günü (qeyri-iş gününə təsadüf edərsə növbəti iş günü) BirKart hesabından akseptsiz qaydada tutulur. Tutulmuş xidmət haqqı məbləği bu müqavilənin 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla müştərinin əsas borcuna əlavə olunur. Müqavilənin imzalandığı tarixdən sonrakı təqvim ayının sonuncu gününə qədər olan dövr kartdan istifadə üzrə birinci ay hesab olunur, Kart vasitəsilə əməliyyat aparılmayan təqvim ay(lar)ı üçün kartdan istifadəyə görə xidmət haqqı tutulmur. Növbəti ay(lar) ərzində kart vasitəsilə əməliyyat aparıldıqda (FİN kodun təyin edilməsi, kartın blokdan azad edilməsi, həmçinin yeni kart sifariş edilən zaman aktiv kart üzrə borcun yeni karta keçirilməsi əməliyyatları nəzərə alınmır), müvafiq ay üzrə xidmət haqqı hesablanarkən, xidmət haqqı tutulmayan öncəki ay(lar) üzrə xidmət haqq(lar)ı da hesablanaraq tutulur; -9.1 və 9.1.1-ci bəndlərinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda, bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu müqaviləyə xitam verə bilər; -10.1-ci bəndində qeyd edilir ki, müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrdən istifadə edilməklə müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və.s) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu müqavilə bağlanarkən imzalanan, həm də bu müqavilə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlər) də tətbiq olunur, bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə 2751 manat 97 qəpik əsas, 779 manat 58 qəpik faiz, cəmi 3531 manat 55 qəpik borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, «Kapital bank” ASC tərəfindən Cavabdehına mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə kredit müqaviləsində nəzərdə tutulmuş məbləğdə və müddətdə kredit xətti ayırması, sonuncunun isə həmin müqavilə üzrə ona verilmiş kredit məbləğini müqavilə şərtlərinə uyğun olaraq iddiaçı Açıq «Kapital bank” Səhmdar Cəmiyyətinə qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddiaçı «Kapital bank” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, BBLK4475489A299 saylı nömrəli kredit müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə olunmuş SMS məlumatları, həmçinin cavabdehə məxsus hesabdan çıxarışla sübuta yetirilir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş iddiaçı «Kapital bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 18 oktyabr 2022-ci il tarixli, 16/71352 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və iddiaçı «Kapital bank” Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının tələbi cavabdeh ilə onun arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli, BBLK4573713A299 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; -331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir; -331.5-ci maddəsində qeyd edilir ki, əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBLK4475489A299 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il tarixli, BBLK4475489A299 saylı kredit müqaviləsi üzrə Cavabdehından 2751 manat 97 qəpik əsas, 779 manat 58 qəpik faiz, cəmi 3531 manat 55 qəpik məbləğində pul alınaraq iddiaçı «Kapital bank” ASC-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat 32 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-6.1, 284- 6.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehından xx.xx.2021-ci il tarixli, BBLK4475489A299 saylı Kredit müqaviləsinə əsasən 2751 manat 97 qəpik əsas, 779 manat 58 qəpik faiz, cəmi 3531 manat 55 qəpik borc «Kapital bank” ASC-nin xeyrinə tutulsun. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdehından dövlət rüsumu üçün ödənilmiş 55 manat 32 qəpik məbləğində pul alınaraq iddiaçı «Kapital bank” ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-510/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-510/2023
05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver