Məhkəmə qərarları › İş №2(032)-695/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-695/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-695/2023 06.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 6050 manat 54 qəpik əsas, 1692 manat 57 qəpik faiz, 31 manat 71 qəpik cərimə, cəmi 7774 manat 82 qəpik borcu və iş üzrə ödənilmiş 98 manat 15 qəpik dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 2986nkSLY/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 6051 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə boreverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə boreverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 “elektron Məhkəmə”sistemi vasitəsi ilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək izahat verərək bildirdi ki, onun həqiqətən də banka 7774 manat 82 qəpik borcu vardır. Maddi vəziyyəti pisləşdiyindən və atası rəhmətə getdiyindən banka olan borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, 2986nkSLY/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6051 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan pretenzya məktubuna əsasən cavabdehə borcun ödənilməsi təklif edilsədə, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə 6050 manat 54 qəpik əsas, 1692 manat 57 qəpik faiz, 31 manat 71 qəpik cərimə, cəmi 7774 manat 82 qəpik borc təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, 2986nkSLY/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6051 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehr borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nə 7774 manat 82 qəpik məbləğində borcu olmasını etiraf etdiyindən iddia təmin edilməli, 22 dekabr 2021-ci il tarixli, 2986nkSLY/21 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 6050 manat 54 qəpik əsas, 1692 manat 57 qəpik faiz, 31 manat 71 qəpik cərimə, cəmi 7774 manat 82 qəpik məbləğində pul alınaraq "xxxx" Kommersiya Bankı ASC-nə verilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 98 manat 15 qəpik məbləğində pul iddiaçı "xxxx" Kommersiya Bankı ASC -i tərəfindən ödənilmişdir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 98 manat 15 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 98 manat 15 qəpik məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 dekabr 2021-ci il tarixli, 2986nkSLY/21 nömrəli kredit müqaviləsi üzrə 6050 manat 54 qəpik əsas, 1692 manat 57 qəpik faiz, 31 manat 71 qəpik cərimə, cəmi 7774 manat 82 qəpik məbləğində borc məbləğində pul alınıb iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 98 manat 15 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nə verilsin. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar