Məhkəmə qərarları › İş №2(032)-731/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-731/2023

09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-731/2023 09.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1097,86 manat əsas, 254,01 manat faiz, 6,17 manat cərimə, cəmi 1358,04 manat və 33,99 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 132sYSMb/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdehə 60 ay müddətinə 10000 manata qədər məbləğdə kredit ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.7-ci bəndinə əsasən “Bank” “Borcalanın” bankda qeydiyyatda olan mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nəğd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə sms göndərir. Bu müqaviləni imzalamaqla “Borcalan” bütün şərtləri qəbul etmiş sayılır. Borcalan kart vasitəsi ilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Cavabdeh müqavilənin şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 132sYSMb/22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə 10000 manata qədər məbləğdə kredit ayırır. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixə "xxxx" KB ASC-yə 1097,86 manat əsas, 254,01 manat faiz, 6,17 manat cərimə, cəmi 1358,04 manat məbləğində borcu vardır. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 10000 manat kredit verilmiş, cavabdeh həmin müqavilə üzrə ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 132sYSMb/22 saylı kredit müqaviləsinə əsasən, 1097,86 manat əsas borc, 254,01 manat faiz borcu, 6,17 manat cərimə borcu cavabdehdən tutulması tələbinə dair iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 33,99 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1097,86 manat əsas, 254,01 manat faiz, 6,17 manat cərimə, cəmi 1358,04 manat məbləğində borc və ödənilmiş 33,99 manat dövlət rüsumu, ümumilikdə 1392,03 (bir min üç yüz doxsan iki manat 03 qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar