Məhkəmə qərarları › İş №2(033)-130/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-130/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-130/2021 01.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X14 katibliyi İddiaçı vəkili X15 və Cavabdeh1 vəkili X28 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X1ndan ona vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəliyin açılması, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun mərhum X1nun Zaqatala rayonu Danaçı kəndində 0,4 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Qeyd olunan 0,4 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1996-cı il tarixli, 23 saylı qərarı ilə mərhum X1nun mülkiyyətinə verilmiş və onun həmin əmlak üzərində hüquqları JN-177A, KOD 40206018 nömrəli şəhadətnamə ilə, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə 18 saylı DƏDRX-nin 18 saylı ərazi idarəsində 16 dekabr 2019-cu il tarixdə verilmiş çıxarışla ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. X1 02 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Atası 22 iyun 2007-ci il tarixdə Danaçı bələdiyyəsində vəsiyyətnamə tərtib edərək Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ona vəsiyyət etmişdir.Lakin, bacısı iş üzrə Cavabdeh1 atasının ona miras qoyduğu əmlaklardan istifadə etməyə imkan vermir. Həmin əmlaklara dair çıxarışlar da var. O, yalnız atasından miras qalmış əmlaklardan vəsiyyət üzrə payını tələb edir. Həmin əmlakların bir hissəsindən istifadə edir. O, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı vəkili X26 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddiaçının göstərdiyi xüsusatları təsdiq etdi. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1996-cı il tarixli, 23 saylı qərarı ilə mərhum X1nun, onun və digər qardaşı X16 mülkiyyətinə Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan başqa, Zaqatala rayonu Danaçı bələdiyyəsi tərəfindən onlara 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş, sonuncu qeyd edilən 0,49 ha və 0,64 ha torpaq sahələrini adlarına qeydiyyata aldırmaqla çıxarış əldə etmişlər. İddiaçı da mərhum atasından miras qalmış torpaq sahələrindən vəsiyyət üzrə payını tələb edir. O da buna etiraz etmir. Ancaq onu qeyd edir ki, hazırda o da atasından miras qalmış əmlaklardan istifadə edir. Ona görə də, mərhum atasından miras qalmış torpaq sahələrindən onun da məcburi payı vardır. Mərhum atasından miras qalmış torpaq sahələrinin vəsiyyət üzrə vərəsəlik hüququnun iddiaçıya verilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı Cavabdeh1 vəkili X30 çıxış edərək tərəflərin mərhum X1ndan iddiaçıya vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun iddiaçıya verilməsinə etiraz etmirlər. Lakin cavabdeh də atasından miras qalmış torpaq sahələrindən istifadə edərək mirası faktiki qəbul etdiyindən hesab edir ki, cavabdehin də həmin torpaq sahələrindən məcburi payı vardır. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-145/69 nömrəli çıxarışdan görünür ki, X8 ilə X19 20 oktyabr 1958-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 23 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “İbrahimov”, arvad isə “İbrahimova” soyadını qəbul etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-141/69 nömrəli arayışdan görünür ki, X6 07 fevral 1970-ci il tarixdə anadan olmuş, onun X1, anası isə X13r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-144/69 nömrəli arayışdan görünür ki, X9 13 sentyabr 1958ci il tarixdə anadan olmuş, onun X1, anası isə X13r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-143/69 nömrəli arayışdan görünür ki, X10 13 sentyabr 1958-ci il tarixdə anadan olmuş, onun X1, anası isə X13r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-140/69 nömrəli arayışdan görünür ki, İddiaçı 21 avqust 1964-cü il tarixdə anadan olmuş, onun X1, anası isə X13r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-142/69 nömrəli arayışdan görünür ki, X7 16 iyul 1956-cı il tarixdə anadan olmuş, onun X1, anası isə X13r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-146/69 nömrəli arayışdan görünür ki, X11 01 may 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-177A seriyalı, kod 40206018 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4, Cavabdeh1 Əhməd qızına və X20 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1996-cı il tarixli 23 saylı qərarı ilə Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********47 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X3 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 16 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********46 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X3 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 16 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Danaçı bələdiyyəsi tərəfindən 22 iyun 2007-ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yaşayan X8 ona məxsus olan Zaqatala rayonu Danaçı kəndində yerləşən torpaq sahəsini, evini və ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Danaçı kənd inzibati ərazi dairəsinin 25 iyun 2020-ci il tarixli 730 nömrəli arayışından görünür ki, Cavabdeh1 mərhum X1 vəfat etdiyi günədək Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olmuş, birincinin vəfatından sonra X12, X7, X10, X9, X6 və İddiaçı adlı sağ qalmış varisləri var. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 18 may 2020-ci il tarixli 379 nömrəli məktubdan görünür ki, mərhum 02 sentyabr 2011-ci il tarixdə ölmüş X2 miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda mərhumun digər vərəsəsi olan bacısı-Cavabdeh1 ilə arasında mübahisə olduğunu bildirmişdir. Odur ki, mübahisəli işin notariat qaydasında həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mirasqoyan mərhum X8 02 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən öncə 22 iyun 2007-ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamə ilə ona məxsus olan Zaqatala rayonu Danaçı kəndində yerləşən torpaq sahəsini, evini və ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. Həmçinin mirasqoyan vəfat etdikdən sonra həmin əmlaklardan hazıradək iddiaçı və cavabdeh miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edirlər. İddiaçı mərhum X1ndan ona vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə mərhum X1ndan iddiaçıya vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun iddiaçıya verilməsinə etiraz etmir. Lakin onun da atasından miras qalmış torpaq sahələrindən istifadə edərək mirası faktiki qəbul etdiyindən həmin torpaq sahələrindən məcburi payı olduğunu bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). Məhkəmə qeyd edir ki, vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu iradənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır. Məhkəmə bildirir ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Konstitusiyada bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri və müstəqilliyinin təminatı dəqiq göstərilmişdir. Konstitusiyada sadalanan səlahiyyətlərlə yanaşı, yerli özünüidarə orqanlarına qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər (Konstitusiyanın 144-cü maddəsinin İİ hissəsi). Konstitusiyanın göstərilən müddəasına əsaslanaraq «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci addəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyaya uyğun olaraq dövlətin bələdiyyələrə verdiyi səlahiyyətlərdən biri də MM-in 1179-cu maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 1179.1-ci maddəsində göstərilmişdir ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. MM-in 1179.2ci maddəsinə əsasən isə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanları təsdiqləsin. Yuxarıda göstərilən maddənin mahiyyətindən göründüyü kimi, qanunverici vəsiyyətnamənin notariat formasının təsdiqini notariusun səlahiyyətinə aid etsə də, istisna hal kimi notariusun olmadığı yerlərdə bu hərəkətin yerli özünüidarə orqanı tərəfindən də həyata keçirilməsinə imkan verir. Qeyd etmək lazımdır ki, qanunvericilikdə yerli özünüidarə orqanları ilə yanaşı, digər subyektlər tərəfindən də notariat fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, «Notariat haqqında» Qanunun 15-ci maddəsinə müvafiq olaraq, dövlət vasitəsilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. Həmçinin Qanunun 18-ci maddəsində göstərilir ki, notariat olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli Fərmanının 3-cü bəndinin 5-ci abzasına əsasən həmin Qanunun 15-ci maddəsində, 18-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri həyata keçirirlər. Yuxarıda göstərilən Qanunun 18-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər. Göründüyü kimi «Notariat haqqında» Qanunun yuxarıda göstərilən normaları yalnız dövlət idarələrində notariat fəaliyyətinin əsaslarını tənzimləyir. Bu normalarda, o cümlədən 15 və 18-1-ci maddələrində, bələdiyyələr tərəfindən vəsiyyətnamalərin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının MM-in 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Məhkəmə hesab edir ki, iddiaçının “mərhum X1ndan ona vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi mülki qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğundur. İş materiallarından görünür ki, mərhum X8 02 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən öncə 22 iyun 2007-ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamə ilə ona məxsus olan Zaqatala rayonu Danaçı kəndində yerləşən torpaq sahəsini, evini və ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. Həmçinin mirasqoyan vəfat etdikdən sonra həmin əmlaklardan hazıradək iddiaçı və cavabdeh miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edirlər. İşin mübahisələndirilməyən hallarından da görünür ki, cavabdeh mərhum X1ndan iddiaçıya vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun iddiaçıya verilməsinə etiraz etmir. Həmçinin, cavabdeh də atasından miras qalmış torpaq sahələrindən istifadə edərək mirası faktiki qəbul etdiyindən cavabdehin də həmin torpaq sahələrindən məcburi payı vardır. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, həmin fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək X2 miras qalmış Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X4 aid hissəsi üzərində İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin edilən hissəsinə qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdı̇ : İddia qismən təmin edilsin. X2 miras qalmış Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X4 aid hissəsi üzərində İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar