Məhkəmə qərarları › İş №2(033)-3/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-3/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-3/2023 23.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin onlara təhvil verilməsi və sərhəd hasarının çəkilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin onlara təhvil verilməsi və sərhəd hasarının çəkilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu Danaçı kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 1,58 ha torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin onlara təhvil verilməsi, sərhəd hasarının çəkilməsinə və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsi Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh icazəsiz və qanunsuz olaraq onların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək öz məqsədi üçün istifadə edir və onları öz torpaqlarından istifadə etməyə qoymur. Belə ki, onların torpaq sahəsində olan fındıq topalarının məhsulu həmin zəbt olunmuş hissəyə tökülür və onlar öz məhsullarını yığa bilmirlər. Beləliklə də onların mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuşdur. Dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsələr də, heç bir müsbət nəticə olmamışdır. Cavabdeh könüllü olaraq torpaqdan çıxmadığına görə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar Makarova Mı̇ na Abakər qızı, Allahverdı̇ yeva Sevı̇ nc Nurullah qızı, Makarov Şamı̇ l Nurullah oğlu və Vı̇ cı̇ layeva Hürüney Nurullah qızı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 12 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05 fevral 2021-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, Makarova Mı̇ na Abakər qızı, Allahverdı̇ yeva Sevı̇ nc Nurullah qızı, Makarov Şamı̇ l Nurullah oğlu və Vı̇ cı̇ layeva Hürüney Nurullah qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “X2” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 362000347, qeydiyyat tarixi 05 fevral 2021-ci il olan Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölü sənədlərində qeyd olunan koordinatlar naturada dəqiqləşdirilmişdir. Tədqiq olunan torpaq sahəsinin cənub-qərbdən 1.5 m, şimal qərbdən isə 2 metr enində 310 metr uzunluğunda olan hissəsi Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir. Torpaq sahəsinin cavabdehin istifadəsində olan hissəsi 0,542 ha təşkil edir və coğrafi yerləşməsi informasiya proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərimişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2023-cü il tarixli 10/8571 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 362000347, qeydiyyat tarixi 05 fevral 2021-ci il olan Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0715 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 12 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 362000347, qeydiyyat tarixi 05 fevral 2021-ci il olan Çıxarışa əsasən Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2023-cü il tarixli 10/8571 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 362000347, qeydiyyat tarixi 05 fevral 2021-ci il olan Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0715 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidirlər və onların öz əmlakından öz istədiyi kimi istifadə etmək hüquqları vardır. Həmin torpaq sahəsinin 0.0715 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıların ümumi birgə mülkiyyətində olan 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0715 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılara təhvil verilməli və torpaq sahəsinə sərhəd hasarı çəkilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05 fevral 2021-ci il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0715 ha hissəsindən Cavabdeh çıxarılsın, həmin torpaq sahəsi iddiaçılara təhvil verilsin və torpaq sahəsinə sərhəd hasarı çəkilsin. Dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar