Məhkəmə qərarları › İş №2(033)-331/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-331/2022

04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-331/2022 04.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 1995-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində doğulmuş X2 14 noyabr 2008-ci il tarixdə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun doğma qızıdır. O, 26 yanvar 1995-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində doğulmuşdur. 14 noyabr 2008-ci il tarixdə vəfat edərək Faldarlı kənd qəbiristanlığında dəf edilmişdir. Onun Faldarlı kəndində yaşaması və Faldarlı kəndində dəfn olunması barədə Faldarlı kənd icra nümayəndəliyinin arayışı və kənd sakinlərinin tərtib etdiyi akt vardır. O, 22 yanvar 2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün və öldüyü vaxtdan uzun müddət keçdiyi üçün Maraqlı şəxs imtina etmişdir. Hesab edir ki, qızının ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Mərhumun ölümünü başqa qaydada qeyd etdirə bilmədiyinə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin qızının ölümündən sonra başları yas mərasiminə qarışdığı üçün, daha sonra qızının ölümü onlara pis təsir etdiyindən uzun müddət stress içində olduqlarından ölüm haqqında şəhadətnamə almamışlar. Dövlət tərəfindən verilmiş torpaq paylarının DƏDRX-də qeydiyyata almaq üçün qızının ölümünün qeyd edilməsi zərurəti yaranmışdır. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X7 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İşin halları Maraqlı şəxs tərəfindən 28 oktyabr 2008-ci il tarixdə verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X6 10 noyabr 1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 24 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Məmmədov”, arvad isə “Məmmədova” soyadını qəbul etmişlər. Zaqatala rayonu Qandax kənd ərazi nümayəndəliyi tərəfindən 06 fevral 1995-ci il tarixdə verilmiş AZ-İİ 134202 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 26 yanvar 1995-ci il tarixdə il tarixdə anadan olmuş, onun atası Ərizəçi, anası isə X3r. Zaqatala rayonu İcra Hakimiyyəti Faldarlı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 59 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum qızı X5 14 noyabr 2008-ci il tarixdə Faldarlı qəbiristanlığında dəfn edilmişdir. Zaqatala rayonu Faldarlı kənd sakinləri X10, X8, X11 tərəfindən tərtib edilərək imzalanmış 31 yanvar 2022-ci il tarixli aktdan görünür ki, qonşuları Ərizəçi qızı X5 həqiqətən xəstəlikdən vəfat etmişdir. Onlar dəfn mərasimində iştirak etmişlər. Halhazırda Faldarlı kənd qəbiristanlığında qəbri var. Maraqlı şəxs tərəfindən 02 fevral 2022-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/q- 69/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi qızı-X5 14 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qızı-26 yanvar 1995-ci il təvəllüdlü, Zaqatala rayonu Faldarlı kəndində doğulmuş X2 14 noyabr 2008-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi qızı-26 yanvar 1995-ci il təvəllüdlü Zaqatala rayonu Faldarlı kəndində doğulmuş X2 14 noyabr 2008-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar