Məhkəmə qərarları › İş №2(033)-580/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-580/2021

26.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-580/2021 26.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “TEREX” -820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın həcminin artırılması ilə bağlı ərizə verərək iddiaçıya məxsus “TEREX” -820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisinin Cavabdeh saz vəziyyətdə alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin iddianın həcminin artırılması ilə bağlı ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman əmlak-texnika hansı vəziyyətdə idisə, yəni işlək və saz vəziyyətdə texnikanın iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil 02.06.2021-ci il tarixli ərizə ilə müraciət edərək mülki iş üzrə Zaqatala rayonu Muxax kənd sakini X1 əlavə cavabdeh olaraq işə cəlb edilməsini xahiş etmişrlər. İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsi məhkəmənin icraatına qəbul edilərək X3 cavabdeh qismində, Ədalət Paşayev isə üçüncü şəxs qismində işə cəlb edilmişlər. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs qismində işə cəlb edilmiş Ədalət Paşayev məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, "TEREX"-820SX markalı, AZ 10D-980 dövlət deydiyyat nişanlı Ekskavator yükləyicisi qardaşı olan iddiaçının xüsusi mülkiyyətinə daxildir. Bununla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X10 Mərkəzindən 06 aprel 2021-ci il tarixdə 44 saylı məktub da əldə etmişdir. İddiaçıya məxsus "TEREX"-820SX markalı, AZ 10D-980 dövlət deydiyyat nişanlı Ekskavator yükləyicisini Cavabdeh qanunsuz və əsassız yollarla əldə etmiş və hazırda onun və digər cavabdeh X1 nəzarətində və istifadəsindədir. Cavabdeh yuxarıda qeyd edilən qanunsuz əməlləri barəsində X8 müraciət edilmiş, araşdırma aparılmış, cavabdeh iddiaçıya məxsus texnikanın onda olmasını etiraf etmiş və izahat vermiş, lakin mübahisə mülki xarakterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. iddia ərizəsinin predmetini təşkil edən texnika-"TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan Ekskavator - yükləyicisidir. İddiaçıya məxsus “TEREX"-820SX markalı, AZ 10D-980 dövlət deydiyyat nişanlı Ekskavator yükləyicisini cavabdehlər könüllü olaraq qaytarmaqdan imtina edir. Bu hal mülkiyyətçi olaraq qardaşı olan iddiaçının istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozur. Eyni zamanda, həmin texnikadan istifadə edərək İddiaçı ailəsinin dolanışığını təmin etmək istəyir. Texnikanın iddiaçıda olmaması həm də ona maddi ziyan vurur. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili olan Vəkil İddiaçı izahatına uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını və iddiaçıya mülkiyyət hüququ əsasında məxsus ekskovator yükləyicisinin Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman əmlak-texnika hansı vəziyyətdə idisə, yəni işlək və saz vəziyyətdə cavabdehlərdən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, İddiaçı ona qarşı olan, iddiaçıya məxsus “TEREX”- 820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavtor yükləyicisinin ondan alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi ilə razı deyil. Belə ki, o həmin yükəliyicini Xaçmaz rayon sakini Paşayev Ədalətdən faktiki olaraq almışdır. O 2021-ci ilin yanvar ayında Ədalət Paşayevə evində 20 000 manat pul və 14 000 manat dəyərində Hyundai Terracan markalı avtomobili ona verərək almışdır. O avtomobili üçün Ədalət Paşayevə baş etibarnamə vermiş, Ədalət Paşayev isə ona “adamım var bir ay ərzində yükləyicini sənin adına sənədləşdirəcəyik.” demişdir. Bundan sonra o dostu ilə Yevlax rayonuna texniki pasportda adı olan şəxsin yanına etibarnamə almaq üçün getmişlər. O zaman ona həmin şəxs yükləyicini 7 ildi axtardıqlarını demiş və etibarnamə verməkdən imtina etmişdir. Sonra onu məhkəməyə vermişlər. O yükləyicini alan zaman Ədalət Paşayev demişdir ki, yükləyici problemsizdir. Lakin o yükləyicini aldıqdan sonra ona 15-16 min manat arası pul qoymuşdur. O vicdanlı alıcıdır, pulunu verib əmlak almışdır. Hazırda həmin texnikadan o və digər cavabdeh X3 istifadə edərək sahiblik edirlər. İddia tələbini qəbul etmir və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh qismində cəlb edilmiş X3 izahat verərək göstərdi ki, Cavabdeh onun tanışıdır və o özü üçün yükləyici tarktor (ekskavator) almaq istəyirdi. Buna görə də Amid 2021-ci ilin yanvar ayında “Tap.az” saytında satış üçün qoyulmuş yükləyici traktorlar (ekskavator) elanlarına baxdığı zaman orada 39500 manata TEREX-820SX markalı traktor satıldığı barədə elan görmüş və qiymətinin münasib olduğunu görüb həmin elandakı ***-***-**-** saylı mobil nömrəyə zəng vurub özünü Ədalət kimi qələmə verən şəxslə əlaqə saxlamışdır. Telefon danışdığı zamanı Amid Ədalətə tarktor üçün 20000 manat pul və özünə məxsus olan “Hyundai Teracan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilini verə biləcəyini bildirmişdir. Ədalət razı olmuş və Amidə traktorun Xaçmaz rayonunda olduğunu bildirmişdir. Sonra Amidlə o üzərlərinə 20000 manat pul götürüb Xaçmaz rayonuna getmişlər. Xaçmaz rayonunda Ədalətlə görüşmüşlər. Traktor Xaçmaz rayonunun adını unutduğu kəndində Ədalətin yaşadığı evin həyətində idi. Orada Ədalət traktorun qeydiyyat şəhadətnaməsini Amidə təqdim etmişdir. Sonra Ədalət 2-3 ay ərzində tanışı vasitəsi ilə traktoru Amidin adına sənədləşdirəcəyini bildirmişdir. Onlar Ədalətə inanmışlar. Amid 20000 manat pulu ona vermişdir. Sonra Bakı şəhərində yaşayan evakuator sürücüsü olan tanışları Tahir adlı şəxsə zəng vurub onu Xaçmaz rayonuna çağırmışlar. Tahir Xaçmaz rayonuna gəlmiş və onlar traktoru evakuatora yükləyib Zaqatala rayonuna gətirmişlər. Ədalət də onlarla Zaqatala rayonuna “Hyundai Teracan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili aparmağa gəlmişdir. Amid Ədalətə etibarnamə vermişdir. Ədalətin avtomobilinin mühərrik hissəsində nasazlıq olduğundan onlarla Zaqatala rayonuna gələn Ədalət traktoru gətirdiyi evakuatorla “Hyundai Teracan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinə aparmışdır. Həmin vaxt o Ədalətlə Bakı şəhərinə qayıtmışdır. Yolda Ədalət ona traktoru Amidin adına sənədləşdirəcək tanışının ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Amidlə o həmin nömrəyə zəng vurub əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs təxminən 2 ay ərzində traktoru Amidin adına sənədləşdirəcəyini, bunun müqabilində 3000 manat pul alacağını bildirmişdir. Sonra Amid 5000 manat pul xərcləyib traktoru tam saz vəziyyətə gətirmişdir. Hal-hazırda həmin traktor Suvagil kəndində Amidin yaşadığı evin həyətindədir. Tam saz vəziyyətə gətirdikdən sonra traktorun qeydiyyat şəhadətnaməsi Yevlax rayonu Rüstəmli kənd sakini Nümayəndə adına olduğu üçün Sadiqdən etibarnamə almaq istəmişlər. Həmin vaxt Sadiq traktorun özünə məxsus olduğunu əvvəl traktorunun oğurlandığını, traktorun bankda kreditdə olduğunu bildirərək etibarnamə verməkdən imtina etmişdir. Bundan sonra Sadiq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd etdiyi kimi Amid TEREX-820SX markalı traktor üçün Ədalətə Xaçmaz rayonunda 20000 manat pul, Zaqatala rayonunda isə dəyəri 15000 manat olan “Hyundai Teracan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilini vermişdir. Hazırda həmin traktor onun və Amidin istifadəsindədir. İddia tələbini qəbul etmir və Cavabdeh həmin yükləyici üçün 35 000 manat ödədiyini onun təmiri və baxımı üçün əlavə xərclər çəkdiyini bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X10 Mərkəzinin 44 nömrəli 06 aprel 2021-ci il tarixli məktubundan görünür ki, “TEREX”-820SX markalı, AZ 10D-980 dövlət qeydiyyat nişanlı Ekskavator yükləyicisi Azərbaycan ’Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin “Texnaz App” elektron sistemində Yevlax rayonu, Rüstəmli kənd sakini İddiaçı adına qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 22.09.2018-ci il tarixli məktubdan görünür ki, ona məxsus Ekskavator yükləyici Terex-820SX markalı 10 D 980 dövlət qeydiyyat nişanlı traktor etibarnaməsiz idarə olunduğu üçün Ağdaş rayon Polis Şöbəsinin mühavizə olunan duracağına yerləşdirilmişdir. Traktoru təhvil almaq üçün ondan Ağdaş RPŞ-in DYPB-nə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə gəlməyi xahiş edilmişdir. İşdə olan 31 dekabr 2018-ci il tarixli minik avtomobili üçün 01 nömrəli yol vəsiqəsinin surətindən görünür ki, AZ10D 980 dövlət qeydiyyatlı ekskovator yükləyicisi X9 MMC-nin tapşırığı əsasında sürücü Əyyam Mirzəyev tərəfindən Azərbaycan Respublikası ərazisində idarə edilməsinə icazə verilmişdir. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 26 iyul 2021-ci il tarixli 106260 nömrəli məktubundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-580/2021 nömrəli, 28.04.2021-ci il tarixli icra sənədinə əsasən 17.05.2021-ci il tarixdə Cavabdeh Zaqatala rayon Suvagil kəndində yerləşən evinə baxış keçirilmiş və baxış zamanı icra sənədində qeyd edilmiş AZ 10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisinin həqiqətən də Cavabdeh istifadəsində olduğu, nəqliyyat vasitəsinin işlək və saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsi X6 CM-nin 303-cü maddəsi izah olunmaqla özünə təhvil verilmişdir. İşdə olan 24 iyul 2013-cü il tarixli TŞ 036700 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, :"TEREX"-820SX markalı, ağ rəngli, 2010-cu ildə istehsal edilmiş, 238924 və 40772634 mühərrik nömrəli, zavod nömrəsi şassi HM9117, qeydiyyat nömrəsi AZ 10D-980 olan ekskavator - yükləyicisi İddiaçı adına, AZKT001539TŞ033939 nömrəli hesab arayışa əsasən qeydiyyata alınmışdır. Texnika 24.07.2015-ci il tarixədək AG Bank“ ASC-də girovdadır qeydi əalvə qeyd hissəsində əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. İş materiallarından da görünür ki, İddiaçı tələb etdiyi «TEREX-820 SX» markalı 238924, 40772634 mühərrik nömrəli HM9117 şassi nömrəli AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicisi 24 iyul 2013-cü il tarixdən onun adına qeydiyyatdadır və onun mülkiyyətindədir. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici İddiaçı mülkiyyətində olan mübahisəli ekskavator-yükləyici Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə cavabdehlərin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehlərin onlara dəymiş maddi zərər barədə aidiyyətı üzrə müraciət etmək hüquqları vardır. Hansı ki, etirazlarında göstərirlər ki, pul vəsaiti verməklə «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisini əldə etmişlər. Bunun nəticəsində aldadılmışlar və onlara zərər dəymişdir. Məhkəmə eyni zamanda cavabdehlərin vicdanlı alıcı olmaları ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehlər «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisinin mülkiyyətçisinin onlara satan Ədalət Paşayev olmadığını bilmişlər, eyni zamanda iddiaçının mülkiyyətində olan texnika onun iradəsinə zidd şəkildə onun sahibliyindən çıxmışdır. Bu hallar işdə olan sənədlərlə, tərəflərin izahatları və Zaqatala RPŞ-nin İstintaq bölməsinin HK-1/204 nömrəli materialında toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də, cavabdehlər qeyd olunan texnikanı vicdanlı əldə edən sayılmır. Göründüyü kimi, İddiaçı "«TEREX-820 SX»" markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavatoryükləyicisinin cavabdehdə olması və ekskavator-yükləyicisinin cavabdehlərin istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan ekskavator-yükləyicisindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlərin qanunsuz sahibliyində olan «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyici alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh və X1 qanunsuz sahibliyində olan «TEREX-820 SX» markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisi alınaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman olduğu işlək və saz vəziyyətdə İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 242-244, və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "TEREX-820 SX" markalı AZ10D-980 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicisi cavabdehlər Cavabdeh və X1 qanunsuz sahibliyindən alınaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlaka həbs qoyulan zaman olduğu işlək və saz vəziyyətdə İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar