Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-168/2025 14.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun maraqlı şəxs X2 ilə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikahın pozulması məsələsi ilə ilk olaraq mediasiya şurasına müraciət etmiş, mediasiya təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə aralarında barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə birgə nigahdan doğulmuş xx.xx.2017 təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat olmaqla iş üzrə ikinci tərəf olan Maraqlı şəxs tərəfindən ödənilməsi şərtlərini qəbul etmiş, iş üzrə ikinci tərəf olan Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2017 təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat olmaqla iş üzrə birinci tərəf olan Ərizəçi onun adına olan kart vasitəsi ilə ödəyəcəyini şərtləşir, bununla bağlı olan bütün məsuliyyəti öz üzərinə götürür, tərəflərin qarşılıqlı olaraq digər tələbləri yoxdur. Göründüyü kimi, aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazırda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı ildə ailə qurmuş, bu nikahdan onların xx.xx.2017-ci ildə X3 anadan olmuşdur. Əvvəl ailə münasibətləri normal olsa da, artıq ailə münasibətləri alınmır, maraqlı şəxs 2 aydır ki, aliment ödəyir. O, ata ilə oğlunun ünsiyyətinə maneçilik törətməməsinə baxmayaraq , ata uşağı ona qarşı öyrədir. Evdən çıxmasına səbəb isə maraqlı şəxslə yola getməməsi olmuş, çünki bu uşağına mənfi təsir etmişdir. Onun atadan istəyi uşağı təhsildən yayındırmamasıdır. Sonda məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək, izahatında bildirmişdir ki, o, Ərizəçi ilə xx.xx.2016-cı ildə ailə qurmuş, bu nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Oğlunu özü ilə aparanda uşaq anasının yanına qayıtmaq istəmir. O, oğlunu heç vaxt anasına qarşı öyrətməmişdir. Oğlunun ananın yanında qalmasına etiraz etmir. Sonda məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və bu barədə Sumqayıt «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində akt qeydəri kitabında 2144 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, «tərəflər birgə nikahdan doğulmuş xx.xx.2017 təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat olmaqla iş üzrə ikinci tərəf olan Maraqlı şəxs tərəfindən ödənilməsi şərtlərini qəbul etmiş, iş üzrə ikinci tərəf olan Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat olmaqla iş üzrə birinci tərəf olan Ərizəçi onun adına olan kart vasitəsi ilə ödəyəcəyini, bununla bağlı olan bütün məsuliyyəti öz üzərinə götürür, tərəflərin qarşılıqlı olaraq digər tələbləri yoxdur” şərtləri ilə razılığa gəlmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Tərəflər birgə nikahdan olan uşağın saxlanması üçün alimentin tutulması ilə bağlı mediasiya şurasına müraciət etmiş, tərəflər arasında Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü tarixli barışıq sazişi bağlanmış, barışıq sazişinin şərtlərinə görə ata, yəni Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarında olan xx.xx.2017 təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat alimenti Ərizəçi onun adına olan kart vasitəsi ilə ödəyəcəyini, bununla bağlı olan bütün məsuliyyəti öz üzərinə götürməsin, tərəflərin qarşılıqlı olaraq digər tələblərinin olmaması qeyd edilmişdir. Eyni ilə də məhkəmə iclasında iştirak edən hər iki tərəf aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 01 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat alimenti Ərizəçi adına olan kart hesabına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimenti Ərizəçi adına olan kart hesabına ödəsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apedlyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-168/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-168/2025
14.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver