Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-638/2021 03.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı X3, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, ona məxsus xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33, 15 saylı mənzilin satışından əldə edilmiş 52.000 manat pulu mənimsəmiş Cavabdeh həmin 52.000 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33, mənzil 15 mənim xüsusi mülkiyyəti olmuş, DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Orada o, həyat yoldaşı Nağı və boşanmış qızı Yeganə azyaşlı övladı ilə birlikdə yaşamışlar. Ev 3 otaqlı olmuş, 1 qonaq otağı, 2 yataq otağından ibarətdir. O, xəstəliyilə əlaqədar 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən evini qalxıb düşə bilmədiyindən həmin evi satıb, ucuz və aşağı mərtəbəli olan ev almaq qərarına gəlmişdir. Qızı Yeganə boşandıqdan sonra qonşuluqda yaşayan Cavabdeh ilə faktiki ailə həyatı qurmuşdur. 2016-cı ilin avqust ayının əvəllərində müalicə olunmaq üçün Naftalan şəhərinə getmişdir. Naftalan şəhərində olarkən qızı Yeganə onunla əlaqə saxlayıb bildirmişdir ki, makler evə baxmaq istəyir, evi almaq üçün müştəri çıxmışdır. Rasif ilə Yeganə Naftalana gəlmiş, o, Rasifdən evin neçəyə satılacağını soruşarkən o, ona 52000 manata danışdığını bildirmişdir. O, qızına etibarnamə vermişdir. Rasif ona söz vermişdir ki, evi satıb, pulunu verəcəkdir. Bir neçə gündən sonra o, Sumqayıta gələrkən evin hələ satılmadığını görüb, nə üçün satılmadığını soruşduqda Rasif ona bildirmişdir ki, sənədləşmə işi çox vaxt aparır, həyat yoldaşı Nağı da evin satılmasına razılıq verməlidir. Bir neçə gündən sonra Rusiya Federasiyasında olan həyat yoldaşı gələrək evin satılmasına razılıq vermişdir. 18.08.2016-cı il tarixində qızı Yeganə ilə Rasif evi satmışlar. O, evi 55.000 manata satışa qoysa da, Rasif evi 52.000 manata satmışdır. O, evi satan kimi pulunu ona verməyi tapşırmışdır. Ev satılan kimi Rasifdən pulu tələb edərkən Rasif ona narahat olmamağı, pulu təhlükəsizlik üçün atasının evində seyfə qoyduğunu və ev tapan kimi pulu verib ev alacağını bildirmişdir. Evini alan şəxslə razılığa gəlmişlər ki, evin pulunu verən gündən sonra 10 gün müddətində də evdə qalacaqlar. Xəstəliyilə əlaqədar TTYX-da müalicə olunmağa məcbur olmuşdur. Ona görə də həmin ərəfədə yeni ev haqqında maraqlana bilməmişdir. Xəstəxanadan çıxdıqdan sonra Rasif onu ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə aparıb onun evini satdığı pula bu evi aldığını bildirmişdir. Ev 3 otaqlı, təmirli, boş ev idi. O, Rasifdən evi neçəyə aldığını soruşarkən, o, ona 63000 manata aldığını bildirmişdir. O, 13000 manatı haradan tapdığını soruşarkən Rasif ona həmin pulu özü qoyduğunu demişdir. Rasiflə razılaşmayaraq bildirmişdir ki, şərikli ev almaq istəmir. O, bir müddət Rasifın göstərdiyi evdə qalmış, həmin mənzili öz mənzili hesab etmişdir. 2017-ci ilin mart ayında həyat yoldaşı Nağı Rusiya Federasiyasından gəlmiş, Rasifdən evin sənədlərini istəyərkən Rasifin yalanlarının üstü açılmışdır. Rasif evin sahibinin Almaniyada olduğunu, evi almaq üçün 1000 manat beh verdiyini, pulun qalanını isə atasının seyfində olduğunu bildirmişdir. O, Rasifə “Bəs deyirdin evi almışam, indi deyirsən ki, tam alınmayıb, 1000 manat beh vermişəm, bu nə məsələdir?" deyə soruşmuşdur. Rasif demişdir ki, “Evin sahibi Almaniyada olur, ona görə evi sənədləşdirə bilmirik, onsuz da evi almış kimiyik, behi vermişəm". O, Rasifə bildirmişdir ki, əllərində pul ola-ola niyə kimisə gözləməlidirlər. Başqa ev almaq mümkündür. Həmin ərəfədə qorxusundan və onların könüllərini almaq üçün Rasif qızı Yeganə ilə rəsmi nikaha girmişdir ki, bəlkə qızına görə ondan pul istəməsinlər. Buna baxmayaraq o, ondan pulunu tələb etmişdir. Rasif pulun atasında olduğunu, atası fermadan qayıdan kimi pulunu qaytaraqcağını bildirmişdir. 10 gün keçdikdən sonra həyat yoldaşı Nağı Rasifdən pulu tələb etdikdə sonuncu qızlarını boşayacağı ilə onları hədələmişdir. Onlar Yeganənin yetkin insan olduğunu, boşayıb-boşamamasından asılı olmayaraq pullarını geri istəmişlər. 2017-ci ilin may ayında 1 nəfər şəxs yaşadıqları evə gələrək ev pulu istəmişdir. 28 may 2017-ci il tarixində Zöhrab adlı şəxs onun xüsusi evi hesab etdiyi mənzilə gəlib, həmin evin ona məxsus olduğunu və 2 aylıq kirayə borclarının olduğunu bildirərək, pulu istəmişdir və bildirmişdir ki, Rasif onun evini kirayə götürmüşdür, aralarında olan razılaşmaya əsasən evin kirayə götürülməsi barədə ailə üzvləri bilməməli, pulu Rasif qabaqcadan evdən kənarda ödəyəcəkdir. Rasifin onun xəstəliyindən istifadə edərək, evinin satılmasından əldə olunan pulu mənimsədiyini həmin şəxsə bildirmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Həmin əməli törətdiyinə görə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli N1(060)-102/2018-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4 maddələri ilə 3 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Cavabdeh 12.09.2017-ci il tarixindən 14.09.2017-ci il tarixinədək tutulması nəzərə alınmış, təyin olunacaq cəza müddətinə hesablanmış və onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qızı Yeganə cavabdeh ilə birgə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin cavabdeh onu da belə aldadıb evin pulunu götürdüyündan və evin satışından əldə olunmuş pul cavabdehdə olduğuna görə qızı Yeganəni bu mülki iş üzrə cavabdeh qismində cəlb etməmişdir. Əğər qızı evin pulundan heç olmasa bir hissəsini xərcləmiş olsaydı o, ümumiyyətlə bu işi məhkəməyə verməzdi. Cavabdeh onu da evsiz qoymuşdur. Hal-hazırda cavabdeh həbsxanadan çıxmışdır. Onun pulunu bu günədək geri qaytarmır və geri qaytarmaq fikri də yoxdur. Cavabdehin həbs edilməsi o demək deyil ki, onu aldadıb, evinin satışından əldə edilmiş pulu mənimsəsin. Cəza alsa da belə həmin pulu geri qaytarmalıdır. Hesab edir ki, cavabdeh ona məxsus evinin satışından əldə edilmiş və onun tərəfindən mənimsənilmiş 52000 manat pulu ona geri qaytarmalıdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib iddiaçının dediklərini tam təsdiq edərək məhkəmədən tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində ondan 52000 manat məbləğində pulun tutulması tələb edilir. Halbu ki, mənzilin 51 800 manata satıldığı, bu məbləğdən 1344 manat rüsumun ödənildiyi, 2500 manat komunal xidmətlərə və 400 manatın isə maklerə ödənildiyi iddiaçıya məlumdur. İddiaçı bunu bilə bilə 47556 manat deyil, məhz 52000 manat pul tələb edir və bu hal onun səmimi olmadığını təsdiq edir. İddiaçı Sumqayıt şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş hökmə əsaslanır. Hökm ilə yalnız o, cəza almamış, iddiaçının qızı da onunla bərabər cəza almışdır. Pulun yalnız ondan tələb edilməsi tam qanunsuzdur. İddianın yalnız ona qarşı qaldırılması iddiaçının qeyri-səmimi davrandığını, niyyətinin onu cəzalandırmaq, əvəz çıxmaq olduğunu təsdiq edir. Nəzərə alınmalıdır ki, evin satışı, satışa görə ödənilmiş məbləğin bank hesabından çıxarılması hüququ yalnız iddiaçının qızı olan Yeganə xanıma məxsus idi. Məbləğin ödənilməsinin qızından yox ondan tələb edilməsi isə tam qanunsuzdur. Yalnız bu hal iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, iddiaçının qızı ona iddiaçının şəxsən özü tərəfindən notarial qaydada verilmiş etibarnamə əsasında evi satmışdır. Məhz iddiaçının qızı ona verilmiş etibarnamə əsasında bank hesabından pulu nəğdləşdirmişdir. O pulun sonradan onun tərəfindən ona verilməsi və ya başqa şəxsə verilməsi, öz istəyi ilə xərcləməsi ona və ya başqa şəxsə qarşı iddia qaldırmaq hüququ vermir. Ümumiyyətlə barəsində verilmiş şikayət, indi qaldırılmış iddia əsasızdır. Belə ki, iddiaçı öz qızı ilə əl bir olmuş, onun cəzalandırılmasını, incidilməsini, psixoloji olaraq stress keçirtməsini istəyirlər. Hökm ilə cəza alsa da onun evin satışından əldə edilmiş məbləğə heç bir aidiyyatı olmamışdır. Cinayət işinin başlandığı dövürdə aldadılaraq bu işə cəlb olunmuşdur. Belə ki, iddiaçı və qızı güya aralarında mübahisə olduğunu, biri-biri ilə danışmadığını, aralarında münasibətin kəskinləşdiyini göstərmişdilər. O, da həmin zaman faktiki münasibətlərdə olduğu qadının tutulma təhlükəsi altında olduğuna inandırılmış və bu səbəbdən müəyyən hissədə günahının olduğunu demişdir. Sonradan isə bilmişdir ki, bu iddiaçı ilə qızı arasında hazırlanmış, planlaşdırılmış bir oyundur. İddiaçının indi qızına qarşı deyil, məhz ona qarşı dəymiş ziyandan da daha çox məbləğə dair iddia qaldırması bu halları sübut edir. İddiaçı iddia müddətini ötürmək ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən hallardan da bəlli olur ki, iddia olunan pozuntu 2017-ci ildə baş vermişdir. Bu tip işlər üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində Sumqayıt şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsaslanır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı həmin dövrdə məhkəmə istintaqı başlanana kimi mülki iddia qaldırmaq hüququna malik idi. Amma bunu etməmişdir. İddiaçı nə cinayət işi üzrə ibtidai istintaq dövründə, nə məhkəmə istintaqı dövründə, nə də ki, ayrıca formada mülki iddia icraatı qaydasında iddia irəli sürməmişdir. Bu halları əsas tutaraq hesab edir ki, iddiaçı iddia müddətini ötürmək ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ona verilən sual-cavablarda əlavə olaraq bildirmişdir ki, iddiaçının qızı Yeganə ilə münasibətləri olmuş, o vaxt evi satmaq istəmişlər, Yeganə ilə danışdıqda demişdir ki, maklerlər evə baxmağa gəlir. Maklerlər kişi olduğuna görə danışmağa o, getmişdir. 12 aprel 2016-cı ildən həmin evdə olmuş, evdə Yeganədən başqa qalan olmamışdır. Makler gəlmiş, qiyməti 51800 manat danışmışlar, 200 manat beh vermişlər. Yanında olduğuna görə behi o, götürmüşdür. Evin pulundan 400 manat maklerə ödənilib, 1344 manat dövlət rüsumu ödənilmişdir. 2500 manatını da Yeganənin anası həmin vaxt Naftalanda olmuşdur. Anası ilə danışıb yanına getmiş, alqı-satqı üçün etibarnamə götürmuşdur. Evi satıb pulu özü xərcləmiş, iddiaçının qızı ilə xərcləmişdir. Yeganənin atasına evin pulu atasının seyfində olduğunu demişdir. Yeganə evdən çıxanda özü ona demişdir ki, atası soruşsa deyərsən pul seyfdədir. Polisdə də işi onun üstünə yükləmişlər. Onun tək niyyəti iddiaçının qızını qorumaq olmuşdur. Qız həmin pulu öz pulu kimi təqdim edib birlikdə xərcləmişlər. Alqı-satqıda qızı iştirak etmiş, puluda qızı götürmüşdür. Atasının şəhərdə evi var özləri bağda qaldıqlarına görə o şəhərdə tək qalırmışdır. Evi avqust ayında satmışlar. Cinayət işi tək ona yox, xanımın qızınada qarşı açılmışdır. Onun öz evi var idi. Yeganə ondan onunla yaşamasını xahiş etmişdir. Həmin vaxt o Yeganə ilə evli olmayıb. Ona demişdir ki, ora sənin atanın evidir gəl mənimlə qal. Sevdiyi insanın xətrinə anasına xəstə olanda baxmış, dərman lazım olurdu almışdır. Atası dekabr ayında gəldi sənədi göstərmək lazım idi. O, öz pulunuda xərcləmişdir. Tək atasına vurduğu zərər 117000 manat olmuşdur. Kirayə evi də özü tapmışdır. Pulu Yeganə ilə ikisi xərcləmişlər. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, anasının adına olan evdə uşağı ilə birlikdə yaşamışdır. Sonra cavabdehlə ailə həyatı qurmuşdur. Başqa yerdən ev almaq üçün evi satmışlar. Yoldaşına etibar etdiyi üçün evini pulunu götürüb ona vermişdir, düşünmüşdür ki, cavabdeh pislik etməz. X1 məhkəmə iclasında ona verilən sual-cavablarda əlavə olaraq bildirmişdir ki, ev anasının olmuşdur. Ev yuxarı mərtəbə olduğu üçün anası çıxıb düşə bilmədiyindən birlikdə satmağı qərarlaşdırmışlar və anasına ev almaq istəmişlər. Onlar evdən çıxacaqmışlar. Evi 52.000 manata satmaq istəmişlər. Anası həmin vaxtı Naftalanda olmuşdur. Anası ona etibarnamə vermişdir. Evi satmışlar, pulu isə alıcı yoldaşına vermişdir. Pulu başqa bir şeyə xərcləməmişlər. Cavabdehdən pulu soruşanda deyirdi ki, pul etibarlı yerdə atasının seyfindədir. Anası gəlmiş, lakin pulu cavabdehdən ala bilməmişdir. Yoldaşı kirayə ev tutmuş, bu evi satıb alacaqlarını demişdir. Sənədləri tələb etdikdə demişdir ki, ev sahibi xaricdədir. Sonra öyrənmişlər ki, kirayə ödəyir. Alıcı evi alanda pulu cavabdehə vermişdir. Ev satılan vaxtı onlar rəsmi nikahda olmamışlar, lakin birgə yaşamışlar, bir azyaşlı uşağı omuşdur və özü də hamilə olmuşdur. Ona görə də evin alqısatqısının bütün sənədləşdirməsini Rasif aparmışdır. Proses rəsmi olmuşdur. Pul banka qoyulmuşdur. Pul ordan götürülüb Rasifə verilmişdir. Kişi xeylaqları danışmışlar. Banka birgə getmişlər, o sənədləri imzalamışdır, pulu Rasif götürmüşdür. Cinayət işində də pulları Rasifə verdiyini demişdir. Atası isə xaricdə olmuşdur. Sənədləşdirmə onun adına olduğuna görə o, da həmin cinayət işinə cəlb olunmuşdur. Evi aldığını demiş, lakin sənədləşmə olmamışdır. Demişdir ki, evin yiyəsi yoxdur, xaricdədir. Sənədləşmə gələndə olacaqdır. Pul Rafisdə olmuşdur.Onlar nikahın bağlanması ilə bağlı ərizə verəndə cavabdehin evin satılacağından xəbəri olmuşdur. Dəqiq tarixlər isə sənədlərdə göstərilmişdir. Evin puluna heçnə almamışlar. Əksinə cavabdeh onun əşyalarını da satmışdır. Rayona birlikdə getmiş, oteldə qalmışlar. Maksimum orada 2000 manat pul xərcləsinlər. Qalan pullar və evin əşyaları satıldığı pullar Rasifdə olmuşdur. Hazırda Sumqayıtda anası və uşaqları ilə birlikdə kirayədə yaşayırlar.Cavabdeh onları aldadıb evsiz qoymuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsininin 19.06.2018-ci il tarixli 1(060)-102/2018 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası himayəsində olan azyaşlı uşağının 14 yaşına çatanadək, yəni 20.07.2031-ci il tarixədək təxirə salınmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə onuda qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür( MM.21). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olmuşdur ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33, mənzil 15 İddiaçı xüsusi mülkiyyəti olmuş, DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Orada o, həyat yoldaşı Nağı və boşanmış qızı Yeganə azyaşlı övladı ilə birlikdə yaşamışlar. Ev 3 otaqdan 1 qonaq otağı və 2 yataq otağından ibarət olmuşdur. Xəstəliyilə əlaqədar 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən evinı qalxıb düşə bilmədiyindən həmin evi satıb, ucuz və aşağı mərtəbəli olan ev almaq qərarına gəlmişdir. Qızı Yeganə boşandıqdan sonra qonşuluqda yaşayan Cavabdeh ilə faktiki ailə həyatı qurmuşdur. 2016-cı ilin avqust ayının əvəllərində Naftalan şəhərində müalicədə olarkən qızı Yeganə onunla əlaqə saxlayaraq evi almaq üçün müştəri çıxmasını bildirmişdir. Rasif ilə Yeganə Naftalana gəlmiş, o, Rasifdən evin neçəyə satılacağını soruşarkən ona 52000 manata danışdığını bildirmişdir. İddiaçı evin satılması üçün qızına etibarnamə vermişdir. Rusiya Federasiyasında olan həyat yoldaşı da gələrək evin satılmasına razılıq vermişdir. Maklerlər kişi oduğuna görə evin alqı-satqısına dair danışıqları Cavabdeh aparmışdır. 18.08.2016-cı il tarixində iddiaçının qızı Yeganə ilə cavabdeh Rasif evi 51800 manata satmışlar. Alqı-satqısında iddiaçının qızı iştirak edərək sənətləri imzalamışdır və evin pullarını cavabdehə vermişdir. Evin pulundan 1344 manatını dövlət rüsumuna, 400 manatını maklerə vermişlər, 2500 manatını isə xərcləmişlər. Məhkəmə araşdırması zamanı Cavabdeh evin satılmasından əldə olunan pulları iddiaçının qızı Yeganə ilə birgə xərclədiklərini bildirsə də, belə bir böyük məbləğin nələrə xərclədiyini sübuta yetirə bilməmişdir. Əksinə, iddiaçı ev satılan kimi Rasifdən pulu tələb edərkən Rasif ona narahat olmamağı, pulu təhlükəsizlik üçün atasının evində seyfə qoyduğunu və ev tapan kimi pulu verib ev alacağını bildirmişdir. İddiaçı xəstəxanadan çıxdıqdan sonra cavabdeh onu ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə aparıb onun evini satdığı pula bu evi aldığını bildirmişdir. Ev 3 otaqlı, təmirli, boş ev olmuşdur. İddiaçı həmin mənzili öz mənzili hesab etmişdir. 2017-ci ilin mart ayında həyat yoldaşı Nağı Rusiya Federasiyasından gələndən sonra cavabdehdən evin sənədlərini istəyərkən Rasifın yalanları üzə çıxmışdır və iddiaçı öz evi hesab etdiyi evin kirayə olduğunu və cavabdeh onu aldadıb evin pulunu mənimsədiyini bilmişdir. İddiaçının dəlillərini cavabdehin həyat yoldaşı X4 da məhkəmə araşdırması zamanı tam təsdiq edərək , ev satılandan sonra evin satışından əldə olunmuş pulu Rasifə verildiyini, evin pulu heçnəyə xərclənmədiyini, əksinə cavabdeh onunda əşyalarını satdığını, Şəki rayonuna və İsmayıllı rayonlara getsələrdə orada ən çoxu 2000 manatdan çox xərcləndiyini, sonradan Rasif kirayə ev aldığını və həmin evi satın alacağını, sonradan həmin evi aldığını, sənədləri soruşanda isə evin sahibinin xaricdə olduğunu, pul etibarlı yerdə atasının seyfində olduğunu, sonradan isə bilmişdir ki ev kirayə olduğunu bildirmişdir. Cavabdeh tərəfindən pulu mənimsənildyi üçün iddiaçı cavabdeh barəsində hüquq-mühafizə orqanlarına müraciət etmiş və bunun nəticəsi kimi qızı və cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində hökm çıxarılmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, ev 51 800 manata satılmış, həmin məbləğdən 1344 manat rüsumu, 2500 manat kommunal xidmətlərə və 400 manatın isə maklerə ödənilmiş, yerdə 47556 manat pul qalmışdır. Cavabdehin iddiaçıya 47556 manat məbləğində maddi ziyan vurması Sumqayıt Şəhər Məhkəməsinin 19.06.2018-ci il tarixli 1(060)- 102/2018 saylı hökmündə öz əksini tapmışdır. Belə olan halda məhkəmə, Cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan evin satışından əldə etdiyi pulu mənimsəyərək ziyan vurması tam sübuta yetirildiyindən, belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin olunmalı və Cavabdeh 47556 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, cavabdeh iddiaçının iddia müddətini ötürməklə iddia verdiyini əsas gətirərək, bu iş üzrə iddia müddətini tədbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (MM-nin 373.1;373.2) Bu işlə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə bağlanmadığından və hazırki mülki iş cinayət əməli nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı olduğundan bu mülki iş üzrə üç illik iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-638/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-638/2021
03.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver