Məhkəmə qərarları › İş №2(034)-76/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-76/2022

14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-76/2022 14.02.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 18.02.1990-cı il təvəllüdlü qızı X3 28.09.1993-cü ildə Zəngilan rayonunda, 28.06.1992-ci il təvəllüdlü oğlu X8 isə 18.11.1994-cü ildə Əlibayramlı şəhərində ölməsi faktının müəyyən edilməsi, onların adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasının Zəngilan rayonu X2 Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, o, X9 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Bu nikahdan hələ rayon işğal olunmamışdan əvvəl 18.02.1990-ci il tarixdə X6 və 28.06.1992-ci tarixdə X13 adlı uşaqları doğulmuşdur. Uşaqları 18.02.1990-cı il tarixdə doğulan X6 28.09.1993cü il tarixdə, 28.06.1992-ci ildə tarixdə doğulan X13 18.11.1994-cü il tarixdə rəhmətə getmişlər. Uşaqlar rəhmətə getdiyindən o, və ailə üzvləri cox pis olduqları üçün onlara ölüm haqqında şəhadətnamə götürə bilməmişlər. Uşaqlar rəhmətə getdikdən sonra onlar 18.02.1990-cı il tarixdə X4 Zəngilan rayonunda yerləşən qəbiristanlığında dəfn etmişlər. 28.06.1992-ci il tarixdə doğulan X13nu isə Əlibayramlı şəhərində rəhmətə getmiş və onu orda da dəfn etmişlər. Uşaqlar erməni işğalçıları rayonlarına hücum edəndə qorxmuş və onların hər ikisi qorxduqları üçün qəfildən rəhmətə getmişlər. O, isə uşaqlar rəhmətə getdikdən sonra iki il özündə olmamış, daim xəstəxanada və müalicələrdə olmuş, yaddaşınıda itirmişdir. Son vaxtlar isə o sənədləşmə aparmaq istədikdə ona bildirmişlər ki, onların digər övladlarının adı sistemdə çıxır, o, bildirdikdə ki, həmin uşaqlar rəhmətə getmişlər, ondan ölüm haqqında şəhadətnamə istəmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Zəngilan Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirmişlər ki, 18.02.1990-cı il tarixdə doğulan X6 və 28.06.1992-ci il tarixdə doğulan X8 doğumu barədə, nə də ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmədə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi bacısıdır. 18.02.1990-ci il tarixdə X6 və 28.06.1992-ci tarixdə X13 anadan olmuşlar. X6 1993-cü ildə Zəngilanda rəhmətə getmişdir. Araz qırağında onlarda böyük get-gəl olmuş, döyüş vaxtı idi, atışmanın səsindən uşaq həyəcanlanmış, qorxub rəhmətə getmişdir. Rayon işğal olandan sonra onlar, elə bacısının ailəsi ilə birlikdə bir müddət Əlibayramlı rayonunda məskunlaşmışlar. 1994-cü ildə bacısının oğlu X13 rəhmət getmişdir. Uşağın qorxudan ürəyi partlayıb ölmüşdür. X1 rəhmətə getmişdir. Qulağından, burnundan qan gəlmişdir. Sudurğası olmuş, atası həkim çağırmışdır. Həkim ölümü təsdiqləmiş və ölümün səbəbini həyəcan və qorxudan olduğunu bildirmişdir. Onlar zavodda qalırmışlar, evə gəlmiş və uşağın rəhmətə getdiyini bilmişdir. Uşağı Əlibayramlıda dəfn etmişlər. Qaçqınlıq olduğu üçün yası qohumlar öz aralarında keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızıdır. 1991-ci ildə ailə qurmuş, həmin kənddə yaşamış, sonradan gəlin köçmüşdür. Baldızının 18.02.1990-ci il təvəllüdlü X6 və 28.06.1992-ci təvəllüdlü X13 adında uşaqları olmuşlar. X6 1993-cü ildə Zəngilanda rəhmətə getmişdir. Araz qırağında onlarda böyük get-gəl olmuş, döyüş vaxtı atışmanın səsindən uşaq həyəcanlanmış, qorxub rəhmətə getmişdir. Rayon işqal olandan sonra onlar bir müddət Əlibayramlı rayonunda məsqunlaşmışlar. 1994-cü ildə isə baldızının X13 adlı uşağı da rəhmət getmişdir. Uşağın qorxudan ürəyi partlayıb ölmüşdür. X13 isə Əlibayramlıda rəhmətə getmişdir. Qulağından, burnundan qan gəlmiş, sudurğası olmuşdur. Həkimi qaynatası çağırmışdır. Həkim ölümü təsdiqləmiş və ölümün səbəbini həyəcan və qorxudan olduğunu bildirmişdir. Onlar zavodda qalırmışlar, evə gəlmiş və uşağın rəhmətə getdiyini bilmişdir. Əlibayramlıda dəfn etmişlər. Qaçqınlıq olduğu üçün yası öz aralarında keçirmişlər. Uşaq olduğu üçün məzar yeri götürməmişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünüri ki, X9 ilə Ərizəçi 24.11.1985-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 18.02.1990-cı ildə, X13 isə 28.06.1992-ci ildə anadan olmuşlar. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanlanmış 05Q-136/11 nömrəli 25.11.2021-ci il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən şöbə ölüm haqqında müvafiq qeydiyyat aparılmasından imtina etmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizəçiyə yaşadığı yerin məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, 18.02.1990-cı il təvəllüdlü X3 28.09.1993-cü ildə Zəngilan rayonunda, 28.06.1992-ci il təvəllüdlü X8 isə 18.11.1994-cü ildə Əlibayramlı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 18.02.1990-cı il təvəllüdlü X3 28.09.1993-cü ildə Zəngilan rayonunda, 28.06.1992-ci il təvəllüdlü X8 isə 18.11.1994-cü ildə Əlibayramlı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Zəngilan rayon Qeydiyyat şöbəsinə havələ edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar