Məhkəmə qərarları › İş №2(035)-107/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-107/2024

04.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-107/2024 04.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması və həmin torpaq sahəsinin girişinə qadağa qoyulması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Torpaq tələbi) Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması və həmin torpaq sahəsinin girişinə qadağa qoyulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 04 dekabr 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Zərdab rayonunun Pərvanlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,7515 hektar torpaq sahəsindən çıxarılmasını və cavabdehin həmin torpaq sahəsinin girişinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən iddiaçıya və onn ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Pərvanlı kəndi ərazisində 0.7515 ha çöl pay torpaq sahəsi ayrılmış və bu barədə onlara xx.xx.2000-ci il tarixli, JN-54 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin, iddiaçı hesab edir ki, ona və onun ailə üzvlərinin mülkiyyətində olan 0.7515 ha çöl pay torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən maneçilik törədilməklə, həmin torpaq sahəsində qanunsuz istifadə edir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Pərvanlı kənd ərazisində ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.7515 ha pay torpaq sahəsindən cavabdehin çıxarılmasına və cavabdehin həmin torpağa girişinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Pərvanlı kəndi ərazisindən 0.7515 ha çöl pay torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan bir ailə olaraq daim səmərəli şəkildə istifadə etməklə əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, rəsmi Çıxarışa əsasən ona və onun ailə üzvlərinə aid olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, 2021-ci ilin sentyabr ayının 20-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən çöl pay torpaq sahələri ölçülən zaman müəyyən olmuşdur ki, torpaq sahələri elektron uçot qaydasına keçdikdən sonra sürüşmələr olmuş, ona məxsus torpaq sahəsi isə cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə, cavabdeh ilkin olaraq razılaşsada, lakin, sonradan buna məhəl qoymayaraq çıxmayacağını bildirmişdir. Onların yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, O, torpaq sahəsində iddiaçı ilə qonşudur. Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Pərvanlı kəndi ərazisindən çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Hazırda o, öz torpaq sahəsindədir və onun tərəfindən iddiaçıya heç-bir maneə yoxdur. Hazırda ona və onun ailə üzvlərinə aid olan çöl pay torpaq sahəsi ilə əlaqədər Çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişlər. Odur ki, Çıxarışlarını aldıqdan sonra özlərinə məxsus çöl pay torpaq sahəsi ilə əlaqədər məhkəməyə iddia ərizəsi ilə müracət edəcəklər. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışın surətindən görünür ki, İddiaçı və onların ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Pərvanlı kənd ərazisindən 0.7515 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/5296 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2563/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 1.23 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarından təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCAD məlumatlarında göstərilən İddiaçı və ailə üzvülərinin **********93 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.75 ha torpaq sahəsinin 0.59 ha hissəsi ilə üst-üstə düşdüyünü, **********93 reyestr nömrəli çıxarışla iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.75 ha torpaq sahəsinin 0.59 ha hissəsi cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Pərvanlı kəndi ərazisində 0.7515 ha çöl pay torpaq sahəsi ayrılmış və bu barədə onlara xx.xx.2000ci il tarixli, JN-54 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.7515 ha çöl pay torpaq sahəsinin onun tərəfindən zəbt edildiyini etiraf etmişdir. Məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillər 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə və məhkəmə mühəndis-tikinti ekspertizasının müvafiq ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus 0.59 ha torpaq sahəsinin zəbt edildiyi məlum olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixi Çıxarışın və məhkəmə mühəndis-texniki ekspertizasının 3-16-16/2-10/5269 saylı, xx.xx.2024-cü il tarixli rəyinə, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərzəsində dövlət rüsumunu tələb etmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışında göstərilən İddiaçı (və onun ailə üzvlərinə) məxsus Zərdab rayonu Pərvanlı kəndində yerləşən 0.7515 ha torpaq sahəsinin zəbt etdiyi 0.59 ha hissəsindən çıxarılsın. Cavabdehin həmin torpaq sahəsinin girişinə qadağa qoyulsun. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab-Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar