Məhkəmə qərarları › İş №2(035)-3/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-3/2024

23.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-3/2024 23.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı (həmçinin X2, X4 və X1 qəyyumu və nümayəndəsi) cavabdehlər Cavabdeh1 və X3 qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Torpaq tələbi) Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı (həmçinin X2, X4 və X1 qəyyumu və nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 23 yanvar 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı (həmçinin X2, X4 və X1 qəyyumu və nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən Zərdab rayonu Təzəkənd kənd ərazisində ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 7.06 ha pay torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçıya və onn ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Lakin, cavbdehlər həmin torpaq sahəsinin bir hissəsinin qanunsuz zəbt etməklə həmin torpaq sahəsində yonca əkmişlər. Hazırda cavabdehlər həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törədirlər. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. O, hesab edir ki, sözügedən torpaq sahəsini cavabdehlər qanunsuz zəbt edərək həmin torpaq sahəsində yonca əkmişlər. Hal-hazırda cavabdehlər onlara həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədirlər. Hətta onlara məxsus torpaq sahəsindən cavabdehlər 2-ci çalım yoncanı özbaşına biçərək aparmışlar. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Təzəkənd kəndi ərazisindən torpaq sahəsi verilmişdir. O, çöl pay torpaq sahəsində iddiaçı ilə qonşudur. Əksinə iddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Hazırda o, öz torpaq sahəsindədir və onun tərəfindən iddiaçıya heç-bir maneə yoxdur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh2 Eynulla oğlu izahatında bildirmişdir ki, tərəflər hər ikisi onun həmkəndlisi olmaqla Zərdab rayonu Təzəkənd kəndində yaşayırlar. Sözü gedən mübahisəli torpaq sahəsini Cavabdeh1 icarəyə götürmüşdür. O, torpaq sahəsini Cavabdeh1 icarəyə götürəndə Cavabdeh1 ona bildirmişdir ki, bu torpaq sahəsi Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi kimi verilmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0045 KOD 90501018 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə hazırkı İddiaçı və onların ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisindən 7.06 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7461 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.06 ha torpaq sahəsinin 2.18 ha (JN-45A) hissəsinin 0.14 ha torpaq sahəsinin Cavabdeh1 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.73 ha torpaq ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillər 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə və məhkəmə tikinti ekspertizasının müvafiq ekspert rəyi ilə təkzib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Torpağ Mülkiyyət Hüququna dair JN-0045 Kod 90501018 nömrəli Dövlət Aktın və məhkəmə tikintitexniki ekspertizasının 3-16-16/2-10/7461 saylı, xx.xx.2023-cü il tarixli rəyinən, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı (həmçinin X2, X4 və X1 qəyyumu və nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eynulla oğluna qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçıdan tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar