Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-401/2025 03.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Zərdab Rayon Bıçaqçı Bələdiyyəsinin Cavabdeh qarşı “Torpaq sahəsindən çıxarılma,torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi və pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq mübahisəsi) Zərdab Rayon Məhkəməsi X13 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin sədri X6 iştirakı ilə, İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsi Cavabdeh qarşı “Torpaq sahəsindən çıxarılma,torpaq sahəsi üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Bıçaqçı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X5 Zərdab Rayon Bıçaqçı kənd Bələdiyyəsinə məxsus zəbt olunmuş gediş-gəliş yolundan məcburi qaydada çıxarılması, gediş-gəliş yolu üzərində inşa olunmuş tikililər və hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən təyinatına uyğun istifadə olunmadığına görə 3000 manat və torpaq sahəsindən 25 il ərzində istifadəyə görə 1500 (beş min dörd yüz) manat icarə haqqı olmaqla ümumilikdə 4500 (dörd min beş yüz) manat pulun cavabdehdən tutularaq Zərdab Rayon Bıçaqçı Bələdiyyəsinin hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaş X8 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özününkiləşdirmiş və şəxsi məqsədləri üçün istifadə edir. Sözü gedən zəbt olunmuş torpaq sahəsi Zərdab rayon Bıçaqçı bələdiyyəsinə məxsus xəritə ilə nəqliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulmuş kənd daxili yoldur. Cavabdeh həmin ərazini zəbt etməklə yolu daraltmışdır. Hazırda həmin yolun eni təxminən 1.5 metrə yaxındır. Buna əsasəndə həmin ərazidən avtomobillərin xüsusilədə kənd təsərrüfatı təyinatlı texnikaların hərəkəti imkansız hala gəlmişdir. Buda haqlı olaraq kənd sakinlərinin narazılığına səbəb olur. Bununla bağlı Zərdab rayon Bıçaqçı bələdiyyəsinə dəfələrlə vətəndaşlar tərəfindən rəsmi və qeyri rəsmi müraciətlər daxil olmuşdur. Daxil olmuş müraciətlər əsasında həmin əraziyə baxış keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Baxış zamanı sözü gedən yolun cavabdeh tərəfindən zəbt olunması faktı öz təsdiqini tapmışdır. Buna əsasən dəfələrlə cavabdehlə fərdi söhbətlər aparmış və mübahisənin məhkəmədən kənar həll olunmasına çalışılmışdır. Eyni zamanda mübahisə ilə bağlı cavabdehə rəsmi xəbərdarlıq məktubuda göndərilərək onun tərəfindən zəbt olunmuş torpaq sahəsini boşaltması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş onunla aparılmış fərdi söhbətlərə və ünvanlanmış rəsmi müraciətlərə məhəl qoymamış bələdiyyəyə məxsus və zəbt olunmuş torpaq sahəsində istifadəyə davam etmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün hazır ki,ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə qeyd edir ki,cavabdeh torpaq sahəsini zəb edib istifadə etməklə Bıçaqçı bələdiyyəsinə maddi ziyan vurmuşdur. Belə ki,həmin şəxs torpaq sahəsindən təyinatından kənar istifadə edərək onun üzərində tövlə inşa etmişdir. Bununlada o Bıçaqçı bələdiyyəsinə təxminən 3000 manat maddi ziyan vurmuşdur. Eyni zamanda bildirir ki, cavabdeh torpaq sahəsindən istifadə etdiyi müddət ərzində bələdiyyəyə icarə haqqı ödəməmiş və kənd arası yol üçün nəzərdə tutulmuş ərazinin infrastrukturuna ciddi ziyan vurmuşdur. Qeyd edir ki,hazırda kənd ərazisində torpaq sahəsinin illik icarə haqqı bazar qiymətinə uyğun olaraq hər il üçün 57 manat arası təşkil edir. Nəzərə alsaq ki,cavabdehin istifadəsində olan torpaq sahəsi 25 ildən artıqdır ki,onun istifadəsindədir və buna əsasən cavabdeh Bıçaqçı bələdiyyəsinə ümumilikdə 1500 manat icarə haqqı ödəməlidir. Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Zərdab Rayon Bıçaqçı Bələdiyyəsinin sədri X11 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X12 tərəfindən qəbul olunmuş 28 aprel 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, hazır ki, iş üzrə iddiaçı Zərdab RPŞ-nə müraciət edərək Cavabdeh və onun həyat yoldaşının Bıçaqçı bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt edərək kənd sakinlərinin gediş-gəliş yolunu bağlaması haqqında məlumat vermişdir. Həmin qərarda Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nın 188.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət,istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama,becərmə və ya dəyişdirmə,yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayətinin tərkib əlamətlərinin olması müəyyən olunmuşdur. İş materialında olan 20 may 2025-ci il tarixli AKT-dan müəyyən olunur ki, X4 sədri X6,Zərdab RİHB-nın Bıçaqçı İƏD-i üzrə nümayəndəsi X7,Zərdab RİHB-nın Bıçaqçı İƏD-i üzrə nümayəndəsinin müavini X3,Bıçaqçı Bələdiyyəsinin baş mühasibi X2 iştirakı ilə Bıçaqçı kənd sakini Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsinə baxış keçirilmiş baxış zamanı Cavabdeh kənd sakinlərinin gediş-gəliş yolunun zəbt olunması müəyyən olunmuşdur. İş materiallarında olan Zərdab Rayon Bıçaqçı Bələdiyyəsi tərəfindən tərtib olunmuş məktubdan müəyyən olunur ki,Cavabdeh mülkiyyətə dair hüquq müəyyən edici sənəd olmadan kənd sakinlərinin gediş gəliş yolunu zəbt etmişdir. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli 4 №-li Protokoldan müəyyən olunur ki,X1 Bələdiyyəsinə sədr seçilib. İş materiallarına əlavə olunmuş məktubdan görünür ki,iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün cavabdehə rəsmi müraciət ünvanlamış,cavabdeh müraciətlərə cavab verməmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13.2-ci maddəsinə əsasən Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60.1-ci maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 106.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edən prosessual hüquq normalarının müqayisəli təhlil edərək ilk öncə qeyd edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı, əsaslı şübhələr yaratmayan, digər sübutlarla təkzib edilməyən sübutu qəbul etməklə qiymətləndirilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Hazır ki,iş üçün məhkəmə qeyd edir ki,Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş lakin cavabdeh məhkəmə bildirişlərini alsada məhkəmədə iştirak etməmiş,iddiaya yazılı və şifahi etirazını bildirməmişdir. Buna əsasəndə məhkəmə cavabdehin iddiaya etirazı olmadığı qənaətinə gələrək iddiaya hüquqi qiymət verir. Eyni zamanda məhkəmə qeyd edir ki,iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sənədlər xüsusi ilə də Zərdab RPŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 aprel 2024-cü il tarixli Qərar işin obyektiv həlli üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki,qərardan müəyyən olunur ki,işi üzrə Zərdab RPŞ tərəfindən müvafiq araşdırılma aparılmış Zərdab Rayon Bıçaqçı Bələdiyyəsinə məxsus gediş-gəliş yolunun zəbt olunması faktı öz təsdiqini tapmışdır. Lakin iş mülki xarakterli olduğundan cinayət işi başlanmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh şəxs Zərdab RPŞ-də qərarını mübahisələndirməyərək ondan şikayət verməmişdir. Bu isə onu deməyə əsas verir ki,cavabdeh gediş-gəliş yolunu zəbt etməsini qəbul edir və zəbt etdiyi torpaq sahəsinin özünə məxsus olması ilə bağlı heç bir hüquq müəyyən edici sənəd və fikir irəli sürmür. Məhkəmə iddiaçının torpaq sahəsindən təyinatına uyğun istifadə olunmadığına görə 3000 manat və torpaq sahəsindən 25 il ərzində istifadəyə görə 1500 (beş min dörd yüz) manat icarə haqqı tələbinə münasibətdə isə bildirir ki,iddiaçının iddiası gediş gəliş yolunun zəbt olunması hissəsində əsaslı olsada lakin maddi ziyanlıq hissəsində əsaslı deyil. Gedişgəliş yolu zəbt olunması iş materialları ilə sübuta yetirilsədə lakin iddiaçı zəbt əsasında ona maddi ziyanlığın necə dəyməsi və dəymiş maddi ziyanlığın necə hesablanması məsələsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiasını həmin hissədə yalnız formal mülahizələrlə əsaslandırmışdır. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək belə hesab edir ki, iddia gediş-gəliş yolundan məcburi qaydada çıxarılma və onun üzərində inşa olunmuş tikililərin cavabdehin hesabına sökülməsi hissəsində əsaslı olduğundan təmin olunmalı digər hissələrdə isə rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Zərdab Rayon Bıçaqçı Bələdiyyəsinə məxsus gediş-gəliş yolundan məcburi qaydada çıxarılsın. Gediş-gəliş yolu üzərində inşa olunmuş tikililər cavabdehin hesabına sökülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-401/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-401/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver