Məhkəmə qərarları › İş №2(035)-436/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-436/2025

07.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-436/2025 07.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Qızıl-zinət tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 07 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus çəkisi 6 qram olan 1 dəst Rusiya istehsalı 583 əyarlı sırğa, çəkisi 8 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı qolbaq, ümumi çəkisi 8 qram olan 2 ədəd Rusiya istehsalı 583 əyarlı sep, çəkisi 5 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı üzük və ya göstərilən zinət əşyalarının ümumi dəyəri olan 2930 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, iddiaçının övladının keçmiş həyat yoldaşı, yəni keçmiş gəlinidir. Cavabdeh, iddiaçının övladı Ramil Əhmədovla nikahda olduğu müddətdə, hazırda iddiaçının faktiki yaşadığı mənzilə gəlin kimi köçmüş və bir müddət həmin mənzildə yaşamışdır. İddiaçı müəyyən müddət ərzində həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün bu dövrdə cavabdeh və onun həyat yoldaşı həmin mənzildə qalmağa davam etmişlər. Sonradan cavabdehin əri ilə arasında ailə münaqişələri yaranmış və cavabdeh həmin mənzili tərk edərək oradan getmişdir. Mənzili tərk edərkən cavabdeh, iddiaçıya məxsus, çəkisi 6 qram olan 1 dəst Rusiya istehsalı 583 əyarlı sırğa, çəkisi 8 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı qolbaq, çəkisi 8 qram olan 2 ədəd Rusiya istehsalı 583 əyarlı sep, çəkisi 5 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı üzüyü özü ilə aparmışdır. İddiaçı bu əşyaların geri qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh bu müraciətlərə müsbət cavab verməmiş və əşyaları qaytarmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh X1 onun övladı Ramil Əhmədovun keçmiş həyat yoldaşıdır. Cavabdeh övladı ilə nikahda olduğu müddətdə onun hazırda faktiki yaşadığı mənzilə gəlin kimi köçmüş və bir müddət həmin mənzildə yaşamışdır. Onun özü isə müəyyən müddət ərzində həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün bu dövrdə cavabdeh və onun həyat yoldaşı onun mənzilində qalmağa davam etmişlər. Rusiyaya gedərkən özünə məxsus qızılları saxlamaq üçün gəlini, yəni hazırkı Cavabdeh vermişdir. Sonradan tərəflər arasında yaranmış mübahisələr səbəbindən cavabdeh evi tərk etmişdir. Mənzili tərk edərkən cavabdeh, ona məxsus, çəkisi 6 qram olan 1 dəst Rusiya istehsalı 583 əyarlı sırğa, çəkisi 8 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı qolbaq, ümumi çəkisi 8 qram olan 2 ədəd Rusiya istehsalı 583 əyarlı sep, çəkisi 5 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı üzüyü özü ilə aparmışdır. O, bu əşyaların geri qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh bu müraciətlərə müsbət cavab verməmiş və həmin əşyaları qaytarmamışdır. O, ilkin olaraq məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş qaynanasıdır. İddiaçının övladı Ramil Əhmədovla nikahda olduğu müddətdə, hazırda iddiaçının faktiki yaşadığı mənzilə gəlin kimi köçmüş və bir müddət həmin mənzildə yaşamışdır. İddiaçı müəyyən müddət ərzində həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün, həmin dövrdə o və onun həyat yoldaşı bu mənzildə qalmağa davam etmişlər. Sonradan əri ilə aralarında yaranmış mübahisələr səbəbindən o, qaynanasına məxsus mənzili tərk etmişdir. Lakin, qaynanası heç vaxt saxlamaq üçün ona qızıl-zinət əşyaları verməmişdir. İddiaçının dedikləri böhtandır. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş mediator X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-02247 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən “Qarışıq mallar“ mağazasının sahibi (satıcı) X3 çəkisi 6 qram olan 1 dəst Rusiya istehsalı 583 əyarlı sırğa qiyməti 480 manat, çəkisi 8 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı qolbaq qiyməti 900 manat, çəkisi 8 qram olan 2 ədəd Rusiya istehsalı 583 əyarlı sep qiyməti 1000 manat, çəkisi 5 qram olan 1 ədəd Rusiya istehsalı 583 əyarlı üzük qiyməti 550 manat olmaqla, ümumi bazar qiyməti bugünə 2930 manat təşkil etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 49.3 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, araşdırılan iddia ərizəsindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, cavabdeh, iddiaçının keçmiş gəlinidir. Cavabdeh, iddiaçının övladı Ramil Əhmədovla nikahda olduğu müddətdə, hazırda iddiaçının faktiki yaşadığı mənzilə gəlin kimi köçmüş və bir müddət həmin mənzildə yaşamışlar. İddiaçı müəyyən müddət ərzində həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün bu dövrdə cavabdeh və onun həyat yoldaşı həmin mənzilində qalmağa davam etmişlər. Sonradan tərəflər arasında ailə münaqişələri yaranmış və cavabdeh həmin mənzili tərk edərək oradan getmişdir. İddiaçı iddia edir ki, cavabdeh mənzili tərk edərkən, iddiaçıya məxsus, çəkisi 6 qram olan Rusiya istehsalı 1 dəst 583 əyarlı sırğa çəkisi 8 qram, 1 ədəd Rusiya istehsalı 583 əyar qolbaq, ümumi çəkisi 8 qram, 2 ədəd Rusiya istehsalı 583 əyarlı sep, çəkisi 5 qram, 1 ədəd Rusiya istehsalı 583 əyarlı, 5 qram çəkili üzüyü özü ilə aparmışdır. Cavabdeh isə qaynanasının izahatının böhtan olduğunu, iddia tələbinın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd ounan hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər və şübhədən kənar sübut təqdim etməmiş və öz iddiasını sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbinə” dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar