Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-682/2025 08.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Qızıl-zinət tələbi və ya onların dəyəri) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 08 oktyabr 2025ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan ümumi çəkisi 20 qram olan Rusiya istehsalı 585 əyarlı komplekt qızıl boyunbağı (sep), qolbağı, sırğa, üzük- qiyməti 2000 manat, Rusiya istehsalı 585 əyarlı çəkisi 2 qram olan 1 ədəd nişan üzüyü, çəkisi 2 qram olan 2 ədəd qızıl üzük, çəkisi 1 qram olan 1 ədəd qızıl üzük- qiyməti 600 manat, çəkisi 2.5 qram olan Rusiya istehsalı 585 əyarlı 1 ədəd qızıl sırğa və ümumi çəkisi 5 qram olan Rusiya istehsalı 585 əyarlı iki ədəd qızıl üzük- qiyməti 640 manat olan qızıl-zinət əşyalarının və ya göstərilən qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3293 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 53 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X11 ilə xx.xx.2019-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından bir uşaqları xx.xx.2021-ci il təvəllüdlü X12 adlı övladı anadan olmuşdur. Ailə münasibətləri pisləşdiyinə görə aralarındakı nikah Zərdab Rayon Məhkəməsinin 2(035)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X12 onun himayəsində saxlanılmışdır. Hal-hazırda övladı ilə birlikdə Xırdalan şəhərində valideynləri ilə birlikdə yaşayır. Nişan-toy mərasimi ilə əlaqədar verilmiş ümumi çəkisi 20 qram olan Rusiya istehsalı 585 əyarlı komplekt qızıl boyunbağı (sep), qolbağı, sırğa, üzük- qiyməti 1800 manat, Rusiya istehsalı 585 əyarlı çəkisi 2 qram olan 1 ədəd nişan üzüyü, çəkisi 2 qram olan 2 ədəd qızıl üzük, çəkisi 1 qram olan 1 ədəd qızıl üzük- qiyməti 600 manat, çəkisi 2.5 qram olan Rusiya istehsalı 585 əyarlı 1 ədəd qızıl sırğa və ümumi çəkisi 5 qram olan Rusiya istehsalı 585 əyarlı iki ədəd qızıl üzük- qiyməti 640 manat olan qızıl-zinət əşyalarının ona verilməsini xahiş edir. Lakin, qayınanası Cavabdeh müxtəlif bəhanələr gətirərək bu günədək ona məxsus qızıl zinət əşyalarını qaytarmamışdır. Mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün fərdi qaydada fəaliyyət göstərən mediatora müraciət etsə də, məsələnin mediasiya vasitəsilə həlli mümkün olmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun keçmiş qayınanasıdır. Ailə həyatı qurduqdan sonra bir yerdə yaşamışlar. Ailədaxili mübahisələr olduğu üçün 102 xidmət mərkəzinə zəng vuraraq evdən çıxıb getmişdir və anası verən, həmçinin öz aldıqları qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Uşağının paltarlarını verməyi üçün 102 xidmət mərkəzinə zəng vurduqdan sonra polis əməkdaşlarının iştirakı ilə evdən zəruri əşyaları götürüb getmişdir. İddia edərək tələb etdiyi qızılların ona məxsus olmasına dair foto şəkilləri vardır. Ona məxsus cehiz əşyalar, mebellər evdən çıxarılması üçün cavabdeh tərəf zəng edərək demişdir ki, gəlin əşyalarınızı götürün. Özü getməsə də anası gedərək cavabdehin yaşadığı evdən ona məxsus cehiz əşyalarını götürmüşdür, ancaq qızıl-zinət əşyaları götürülməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. Pandemiya dövrü olduğu üçün oğluna toy etməmiş, nə də gəlin üçün qızıl-zinət əşyaları almamışdır. Ailə başçısını itirmişdir, təqaüdçüdür, maddi imkanı olmadığı üçün nişan mərasiminə bir qızıl üzük ala bilmişdir. Pandemiya dövrü olduğu üçün nə oğlan, nə də qız toyu keçirilməsinə icazə verilməmişdir. Gəlinin barmağına aldığı bir ədəd nişan üzüyünü taxmış və gecə saatlarında qardaşının və qızının iştirakı ilə gəlini öz yaşadığı evə gətirmişdir. Özünün evi olmamışdır, qardaşının evində yaşamışdır və uşaqlarını həmin evdə böyütmüşdür. İddiaçı 102 xidmət mərkəzinə zəng vuraraq evdən çıxıb gedərkən ona məxsus əyaların yerləşdiyi otağın açarını da özü ilə aparmışdır, onlarda əlavə açar olmamışdır, polis əməkdaşlarının iştirakı ilə iddiaçı evə gələrək özünə məxsus zəruri əşyaları götürüb evdən çıxıb getmişdir. İddiaçı əyalarını götürərkən ona heç bir müdaxilə etməmiş, heç bir söz də soruşmamışdır. Heç iddiaçının 102 xidmət mərkəzinə zəng vurmasından nə özünün, nə də mərhum oğlunun məlumatı olmamışdır. İddiaçının ailəsinin dağılmasının səbəbi iddiaçının anasının Bakı şəhərində ev alaraq ora köçməsi olmuşdur. İddiaçının anası zəng edərək Bakı şəhərində ev alması barədə məlumat verəndə, İddiaçı öz anasına “Kəmalə səni orada qalmağa mən peşman edəcəm, indi görəcəksən mən sözümün üstündə duracam, yoxsa durmayacam. O ev mənimdi, sən Bakıda yaşayacaqsansa məni niyə kəndə ərə verdin?” dedi. Bu hadisədən sonra bir neçə gün keçəndən sonra heç bir münaqişə, dava-dalaş olmadan o, 102 xidmət mərkəzinə zəng vuraraq evdən çıxıb getmişdir. İddiaçı səkkiz ay anasının evində qaldıqdan sonra kənd icra nümayəndəliyinin iştirakı ilə gəlib evdə qalan bütün cehiz əşyalarını götürüb aparmışdır, evdə iddiaçıya məxsus hər hansı qızıl-zinət əşyaları qalmamışdır. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X13 izahatında göstərmişdir ki, xx.xx.1962-ci il Zərdab rayonunda anadan olmuşdur. Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı və cavabdehi kənd sakinləri olaraq tanıyır. Vətəndaş İddiaçı əşyaları Cavabdeh evindən götürülərkən onu kənd icra nümayəndəsi kimi dəvət etmişlər ki, sonda akt tərtib etsin. Əmlaklar götürülərkən tərəflər arasında münasibət normal olmuş, heç bir münaqişə baş verməmişdir. Həmin zaman iddiaçının özü gəlməmiş, anası Kəmalə xanım iştirak etmişdir. İddiaçı məxsus bütün əmlaklar həmin evdən tamlıqla götürülmüşdür və heç bir narazılıq, yaxud mübahisə yaranmamışdır. Hətta əmlak götürüldükdən sonra iddiaçının anası Kəmalə xanıma hər hansı tələb və ya narazılıqlarının olub-olmamasını soruşmuşdur. Heç bir əlavə tələb olmamış və əmlakların götürülməsi barədə həmin tarixdə akt da tərtib olunaraq iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra tərəflər mehribancasına bir-biri ilə görüşüb ayrılmışlar. Əmlaklar götürülərkən qızıl-zinət əşyaları barədə ümumiyyətlə söhbət olmamışdır. Mülki işdə olan sənədlər: İş materiallarına olan mediator X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025-00043 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 53 manat pul ödəmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X7 arasında bağılanmış nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 16 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Zərdab RİHB Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 43 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Zərdab RİHB Bəyimli qəsəbə İƏD-si üzrə nümayəndəliyində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya məxsus cehiz əşyalar geriyə ata evinə aparılarkən heç bir çatışmazlıq olmamış və tərəflər arasında narazılıq baş verməmişdir. İş materiallarına əlavə olunan Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-351/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh X11 arasında xx.xx.2021-ci il tarixdə Ağcabədi “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 461 saylı nikah qeydinin pozulması, onların birgə nikahlarından anadan olmuş xx.xx.2021ci il X5 iddiaçı X2 himayəsində saxlanılması, 08 may 2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 hər ay sabit pul məbləğində 150 manat aliment və uşağın 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 30 manat tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-514/2024 saylı qərardadından görünür ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddiaçının cavabdeh X8 qarşı əmlak tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə dair sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı mübahisə predmeti olan qızılzinət əşyalarının ona məxsus olması və cavabdehin qanunsuz sahibliyində qalması kimi halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalması və həmin qızıl-zinət əşyalarının ona məxsus olması halına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akt təqdim edərək iddiaçının əmlaklarının kənd icra nümayəndəsinin iştirakı ilə götürüldüyünü bildirmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Zərdab Rayon İcra Hakimiyyəti başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X6 izahatından göründüyü kimi iddiaçıya məxsus bütün cehiz əmlaklar cavabdehin yaşadığı evdən heç bir maneə olmadan tamlıqla götürüldüyü və tərəflər arasında hər hansı mübahisə və ya əlavə tələb olmadığı məlum olmuşdur. İddiaçı ailədə münaqişə səbəbindən 102 xidmət mərkəzinə zəng vuraraq evdən çıxıb getdiyini bildirsə də, həmin şəraitdə evi tərk etməsinə dair hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavadeh isə öz növbəsində deyilənlərə münasibət bildirərək iddiaçının qohumlarının gələrək onu evdən aparmasını və gedərkən onun əşyalarının yerləşdiyi otağın açarını da özü ilə aparmasını və əlavə açarın olmamasını məhkəmə bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası qismində istinad etdiyi hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə idida tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olmamışdır. Belə ki, həmin maddənin dispozisiyasına görə tələb olunan əmlakın iddiaçının mülkiyyətində, lakin faktiki olaraq cavabdehin sahibliyində olması və həmin sahibliyin qanunsuz olması müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüququ dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına “mütəxəssis rəyi” adı ilə əlavə edilmiş sənəddə qiymətləndiricinin bu sahədə xüsusi biliyə malik olmasının qeyrimüəyyənliyi, həmçinin barəsində münasibət bildirilən qızıl-zinət əşyalarının üzərində fiziki və ya fotoşəkil vasitəsilə müşahidə aparılmadan, iddia ərizəsinin məzmunu ilə tanış olmaqla sadalanan qızıl-zinət əşyalarının əyarının, kütləsinin, habelə istehsal olunduğu ölkənin müəyyən edilməsinin mümkün olmaması səbəbindən mötəbər hesab olunmur və iddiaçının həmin rəylə təsdiq edilməsinə istinad etdiyi faktlar nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə iş materiallarında olan “mütəxəssis rəyi” adlı sənədi sübutların mötəbərliyi, ziddiyyətsizliyi və işə aidiyyəti olması şərtlərinə cavab vermədiyi üçün sübut olaraq qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına, yuxarıda qeyd olunan Azərbaycan Respublikasının qanunvericilik normalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı iddianın təmin edilməsi üçün məhkəməyə hansı bir mötəbər və şübhədən kənar sübut təqdim etməmiş və öz iddiasını sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-682/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-682/2025
08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver