Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-733/2025 10.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq mübahisəsi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi ilə, İddiaçı sədri X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh adına olan xx.xx.2005-ci il tarixli, 3 saylı qərarla verilmiş 50.0 ha icarə torpaq sahəsinin icarə müddətinin vaxtı bitdiyi üçün Çallı bələdiyyəsinə geri qaytarılması və bələdiyyəyə olan 5501,13 manat icarə və vergi borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh xx.xx.2005-ci il tarixli, 3 saylı qərarla Zərdab rayonu, Çallı kəndi ərazisindən 50.0 ha torpaq sahəsini 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə götürmüşdür. xx.xx.2025-ci il tarixində 20 il tamam olaraq icarə müqaviləsinin vaxtı qurtarmışdır. Zərdab rayonu Çallı bələdiyyəsi tərəfindən həmin 50.0 ha torpaq sahəsinin boşaldılaraq bələdiyyə təhvil verilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə icarədar Cavabdeh, xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə, xx.xx.2025-ci il tarixdə Zərdab Rayon Polis Şöbəsinə müraciət olunsa da, bu günə qədər həmin 50.0 ha torpaq sahəsinin geri qaytarılması təmin olunmamışdır. Çallı kənd sakini icarədar Cavabdeh yazılı və şifahi müraciətlərə baxmayaraq müxtəlif bəhanələr gətirərək 12 ildir ki, həmin torpaq sahəsinin icarə haqqı və vergi borcunun ödənilməsindən yayınır. Cavabdeh Zərdab rayonu Çallı bələdiyyəsinə xx.xx.2025-ci il tarixinə 5066.70 manat icarə haqqı və 434.43 manat vergi borcu, cəmi 5501,13 manat borcu vardır. İş üzrə vəsatətlər, ərizələr və etirazlar: İşin məhkəmədə baxılmağa hazırlanması zamanı Zərdab rayonu, Çallı kənd sakini X4 ərizə ilə məhkəməyə müraciət edərək, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması və işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh və X4 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə etirazlar (ərizələr) göndərilərək, İddiaçı Cavabdeh qarşı “icarə borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair ərizəsinə Zərdab Rayon Məhkəməsində baxılmaması və qonşu rayon məhkəmələrinin birində baxılmasının təmin edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında etirazlar müzakirə edilərək baxılmamış saxlanılmışdır. X4 tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınma və işə cəlb olunma haqqında vəsatətə baxış keçirilərkən Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinin tələblərinə uyğun olaraq Əyyub Əzizov tərəfindən mülki iş üzrə tərəflərə qarşı hər hansı iddia irəli sürülmədiyi müəyyən olunmuş, ərizədə yalnız mülki iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin onun hüquq və maraqlarına təsir göstərə biləcəyi qeyd olmuşdur. Məhkəmə müvafiq ərizəyə məhkəmə iclasında baxaraq, X2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması və işə cəlb olunması barədə ərizəsini təmin etməmiş, lakin, məhkəmə qətnaməsi ilə onun hüquq və maraqlarına toxunma ehtimalı ola biləcəyi üçün Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-733/2025 saylı qərardadı ilə iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə borcunun ödənilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə yenidən yazılı etiraz verilərək, İddiaçı Cavabdeh qarşı “icarə borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki işə başqa rayon məhkəmələrinin birində baxılmasının təmin edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-733/2025 saylı qərardadı ilə mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş etiraz baxılmamış saxlanılmışdır. İş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə vəsatət, xx.xx.2025-ci il tarixdə isə iddiaya etiraz etməsi barədə məhkəməyə müraciət edərək, icarəsində olan torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin artırılması, əks halda təsərrüfat qurarkən sərf ediyi 150000 (bir yüz əlli min) manat məbləğində vəsaitin iddiaçıdan alınaraq ona verilməsi xahiş etmişdir. Verilən vəsatət və iddiaya etiraz xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müzakirə edilərək təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin, cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı sədri Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ərizədə göstərdiyi kimi cavabdeh icarə haqqını illərlə ödəmir. Əvvələr icarə torpaqlarına vergi nəzərdə tutulmasa da sonardan Nazirlər Kabinetinin qərarına əsasən 01 yanvar 2023-cü il tarixindən icarə haqqı ilə yanaşı vergi də tutulması nəzərdə tutulmuşdur. Vergilər isə adi pay torpaqlarına hesablanan qaydada hesablanmışdır. Torpaq sahəsinə dair sənədlər xüsusi proqrama yerləşdirilir və proqram özü həmin vergiləri də hesablayır. Ancaq cavabdeh icarə haqqını və vergi borclarını ödəməmişdir. Yalnız məhkəməyə ərizə ilə müraciət etdikdən sonra cavabdeh icarə haqqından 1351 manat ödəmişdir. Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh xx.xx.2005-ci il tarixli 3 saylı qərarla Çallı kənd ərazisindən 50.0 ha torpaq sahəsini 20 il müddətinə icarəyə götürmüş və xx.xx.2025-ci tarixində 20 il tamam olduğu üçün icarə müqaviləsinin vaxtı bitmişdir. Dəfələrlə cavabdehə müraciət etmiş, icra və vergi borcunun ödənilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi ondan tələb edilmiş, lakin, heç bir müsbət nəticəsi olmamışdır. Hətta, bələdiyyə sədri olaraq məcbur olub bu barədə aidiyyəti dövlət qurumlarına da müraciətlər etmişdir. İcarə müqaviləsinin vaxtının şəhadətnamə alındıqdan sonra başlamasına münasibətdə isə bildirir ki, hazırki vaxtadək Cavabdeh şəhadətnamə almaya da bilərdi. Ancaq torpaq sahəsi müavilə imzalan andan onun istifadəsinə verilmişdir. Hesab edir ki, Çalli bələdiyyəsi ilə Cavabdeh arasında bağlanan torpaq icarə müqaviləsinin vaxtı bitmiş hesab olunaraq cavabdeh torpaq sahəsindən çıxarılmalı, icarə və vergi borcu cavabdehdən alınmalıdır. Əlavə olaraq bildirir ki, 2008-ci ildən etibarən bələdiyyə iclasının qərarı ilə icarə haqqları 100 faiz qaldırılmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X4 izahatında göstərmişdir ki, dövlət qeydiyyatından keçmiş “Fəzli” firmasının tərkibində kənd təsərrüfatı məhsullarının istehsalı üçün yaradılmış 26 ailədən ibarət “Babək” ailə-kəndli fermer təsərrüfatı yaratmışlar. Cavabdeh təsərrüfatın üzvlərindən biridir, özü isə yaratdıqları təsərrüfatın rəhbəridir. Təsərrüfata daxil olan torpaq sahələri ilə bağlı bütün maliyyə işlərini özü aparır. İddia ərizəsində qeyd olunan torpaq sahəsi Cavabdeh verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixli 3 saylı qərarla Çallı kənd ərazisindən 50.0 ha torpaq sahəsini 20 il müddətinə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin əlavə şərt hissəsində, altıncı bənddə icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə isə 24 may 2006-ci il tarixdə alınmışdır. Ona görə də müqavilənin müddəti 24 may 2026-ci il tarixdə bitməlidir. Həmin icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqlarına və vergi borcuna münasibətdə bildirir ki, torpaq vergisi bələdiyyənin torpaqların icarə haqqının daxilində ödənilməlidir. Qanunvericiliyi tələblərinə görə icarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Vergilər nəzərdə tutulmuş icarə haqqının 1/10 həcmində, 0,6 əmsal həddində nəzərdə tutulur. Ona görə də, iddiaçının vergi tələbi əsassızdır. İcarə haqqları isə Çapayev Çingiz tərəfindən son 6 ilədək ödənilmişdir. Lakin son 6 il ərzində bələdiyyə tərəfindən həmin torpaqdan istifadəyə şərait yardılmadığı üçün icarə haqqları ödənilməmişdir. Hazırda bələdiyyəyə icarə haqqı üzrə cəmi 400 manat ödənilməmiş borcu vardır. Məhkəmədən iddianın icarə haqqının ödənilməsi hissəsində, yəni, qismən təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayonu Çallı bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 3 saylı iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyənin ehtiyat torpaq üçün nəzərdə tutulmuş əkinə az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh 20 il müddətinə 50.0 ha torpaq sahəsi verilmişdir. Sözü gedən iclas protokolunun 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş "Torpağa Mülkiyyət və İstifadə haqqına dair sənədlərin hazırlanması qeydiyyatı və verilməsi haqqında əsasnamə"yə müvafiq olaraq torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə aldıqdan sonra torpaqdan istifadəyə icazə verilir. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 aprel 2005ci il tarixli müqavilədən görünür ki, Çallı bələdiyyəsinin xx.xx.2005 tarixli, 3 saylı qərarı əsasında 50.0 ha torpaq sahəsi əkinçiliyin inkişafı və örüş məqsədilə 20 il müddətinə Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin əlavə şərt hissəsində (6-cı bənd) icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. İş materiallarında olan torpaqdan müvəqqəti istifadə hüququna dair 24 may 2006-ci il tarixli, JN-9700 nömrəli, KOD 90511018 olan şəhadətnamənin surətindən görünür ki, Çallı bələdiyyəsinin xx.xx.2005 tarixli, 3 saylı qərarı və 01 aprel 2005-ci il tarixli müqaviləsi ilə Zərdab rayonu Çallı bələdiyəsinin ərazisində 50.0 ha torpaq sahəsi 20 il müddətinə Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh istifadəsinə kənd təsərrüfatı məhsulları və heyvandarlığı inkişaf etdirmək şərtilə verilmişdir. İş materiallarında olan Zərdab rayonu Çallı bələdiyyəsinin 17 fevral 2025-ci il tarixli, ilk iclasının 4 №-li Protokolundan görünür ki, Umudov X3 rayonu Çallı Bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan cavadehə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin (pretenziyanın) surətindən görünür ki, xx.xx.2025-ci il tarixinə 5000 manat icarə haqqı, 420,48 manat torpaq vergisi olmaqla cəmi 5420,48 manat icarə borcunu 10 gün müddətdə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks halda icarə borcunun ödənilməsi və icarə müqavilənin ləğv olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan cavadehə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, 25 mart 2005-ci il tarixli, 3 saylı iclas qərarı ilə 20 il müddətinə götürülmüş 50.0 ha torpaq sahəsinin icarə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi və həmin 50.0 ha torpaq sahəsinin 10 gün müddətinə Zərdab rayonu Çallı bələdiyyəsinə qaytarılmasının təmin edilməsi bildirilmişdir. İş materiallarında olan Zərdab rayonu Çallı bələdiyyəsi tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 2005-ci il üzrə 150 manat, 2006-ci il üzrə 200 manat, 2007-ci il üzrə 200 manat, 2008-ci il üzrə 300 manat, 2009-cu ildən 2024-cü ilədək hər ilə görə 400 manat, 2025-ci il üzrə 66 manat cəmi 7316 manat icarə haqqı hesablanmış, cavabdeh isə 2006-cı ilə üzrə 117,3 manat, 2008-ci il üzrə 310 manat, 2010cu il üzrə 1222 manat, 2011-ci il üzrə 200 manat, 2019-cu il üzrə 200 manat, 2020-ci il üzrə 200 manat olmaqla cəmi 2449.30 manat ödəniş edilmiş, 5066.70 manat icarə haqqı və 434.43 manat vergi borcu qalmışdır. İş materiallarına əlavə olunan Zərdab rayonu Çallı bələdiyyəsinin ümumi iclasının xx.xx.2008-ci il tarixli, 6 saylı protokolundan çıxarışdan görünür ki, Çallı bələdiyyəsi tərəfindən icarəçilərə verilmiş torpaq sahələrinin icarə haqqları hər bir icarəçi üzrə ayrıayrılıqda müəyyən edilmiş qiymətlərinin 100 faiz qaldırılması qərara alınmışdır. İş materiallarına əlavə olunan Zərdab rayonu Çallı bələdiyyəsi tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 600 manat və xx.xx.2025-ci il tarixdə 151 manat olmaqla ümumilikdə 1351 manat ödənilmişdir. İş materiallarına əlavə olunan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh bələdiyyə mülkiyyətinin icarəsinə görə Zərdab rayonu Çallı bələdiyyəsinin hesabına xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 600 manat, xx.xx.2025-ci il tarixdə 151 manat icarə haqqı ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.2-ci maddəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29.2-ci maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71.1-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsıin əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 722.1-ci maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2-ci maddəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 99.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 99.2-ci maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 11.9-cu maddəsinə görə bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 19.2-ci maddəsinə əsasən carəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 106.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 aprel 2005-ci il tarixli müqavilə bağlanmışdır. Zərdab rayonu Çallı bələdiyyəsi və Cavabdeh mülki hüququn bərabər hüquqlu subyekti kimi icarə münasibələrinə daxil olaraq müqavilə bağlamış və könüllü iradə ifadəsi olaraq həmin müqavilənin şərtlərini müstəqil olaraq öz aralarında razılaşdırmışlar. Müqaviləyə görə Zərdab rayonu Çallı bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 3 saylı qərarı əsasında Cavabdeh istifadəsinə əkinçiliyin inkişafı məqsədilə 50.0 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə olunan 01 aprel 2005-ci il tarixli icarə müqaviləsinin 20 il müddətinə bağlandığı və həmin icarə müqaviləsinin 6-cı bəndində icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra müqavilənin qüvvəyə minməsi qeyd edilmişdir. İş materiallarında olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən isə görünür ki, torpaq sahəsinə dair şəhadətnamə Cavabdeh xx.xx.2006-cı il tarixdə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, müqavilənin başlanğıc tarixi sözü gedən icarə müqaviləsinin imzalandığı 01 aprel 2005ci il tarixdən deyil, həmin müqavilənin özündə şərtləndirildiyi kimi icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra, yəni xx.xx.2006-cı il tarixdən hesablanmalı və tərəflər arasında bağlanmış 01 aprel 2005-ci il tarixli icarə müqaviləsinin qüvvədə olma müddətinin son günü 24 may 2026-cı il tarix hesab olunmalıdır. Məhkəmə iddiada irəli sürülən icarə haqqı və vergi borcunun ödənilməsi ilə bağı iddiaçının tələbinə münasibətdə isə qeyd etmək istəyir ki, yuxarıda adı çəkilən qanunvericilik normalarının tələblərinə görə icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İddiaçı tərəfindən cavabdehə qarşı icarə haqqından əlavə olaraq vergi borcunun tələb edilməsi qanunun tələblərinə uyğun deyildir, həmçinin bu barədə əsaslandırılmış sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia vergi borcunun alınması hissəsində deyil, icarə borcunun alınması hissəsində baxılıb hüquqi qiymət verilməlidir. İşin araşdırılan hallarından və iş materiallarından göründüyü kimi cavabdeh icarə müqaviləsi üzrə icarə haqqını tam ödəməməklə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri vardır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan arayışdan görünür, cavabdeh 2005-2025-ci illər üzrə qalıq qalmış 5066.70 manat məbləğində icarə borcundan məhkəməyə müraciət edildiyi tarixdən sonra 1351 manat hissəsini ödəmiş, 3715,70 manat icarə borcu qalmışdır. Zərdab rayonu Çallı bələdiyyəsinin ümumi iclasının xx.xx.2008-ci il tarixli qərarı ilə icarə haqlarının hər bir icarəçiyə münasibətdə ayrı-ayrılıqda müəyyən edilmiş qiymətlərinin 100 faiz artırılaraq hesablanmasına və tələbin sözgüdən həcmdə cavabdehdən tələb olunmasına aid hissədə məhkəmə qeyd etmək istəyir ki, müvafiq bələdiyyə iclasının nəticəsində qəbul edilmiş qərar əsasında cavabdehdən icarə haqqının tələb edilməsinə və ötən müddət ərzində mövcud hüquq münasibətlərinin normal axarda davam etməsinə baxmayaraq, cavabdehin həmin qərardan məlumatsız olması real görünmür. Bu halda cavabdehin həmin qərarı hazırki günədək mübahisələndirməməsi və normal mülki dövriyyə şəraitində iddiaçının bu qərara etimadı işin həlli istiqamətində məhkəməyə bu sübutu mötəbər hesab etməyə kifayət qədər əsas verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, torpaq icarə müqaviləsinin müddəti bitmədiyi üçün tərəflər arasında olan hüquq münasibətlərinə xitam verilmədiyindən iddia torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsinə dair hissədə təmin edilməməli, icarə və vergi borcunun ödənilməsinə dair hissədə isə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı bələdiyyə orqanı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğu və iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilməli dövlət rüsumu iddianın təmin edilən hissəsi üzrə mütənasib hesablanaraq cavabdehdən tutulmalı, qalan hissədə isə dövlət hesabına aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3715,70 (üç min yeddi yüz on beş manat, yetmiş qəpik) manat məbləğində icarə haqqı tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 57,16 (əlli yeddi manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-733/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-733/2025
10.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver