Məhkəmə qərarları › İş №2(036)-105/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-105/2022

12.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-105/2022 12.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, iddiaçılar, İddiaçı1 Valeh oğlu və İddiaçı2, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçılar, Quliyev Vasif Valeh oğlu və qeyrilərinin cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar, Quliyev Vasif Valeh oğlu və qeyriləri cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması , qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbi tələbi barədə iddia qaldıraraq JN 0070 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda yeri təyin edilən İmişli rayonu Məhəmmədli kəndində yerləşən 0,62 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, mülkiyyət hüquqlarını pozan qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsindən qanunsuz istifadə nəticəsində dəymiş 17.000,0 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quliyev Vasif Valeh oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Göbəktala kəndində yaşayır və fərdi təsərrüfatından əldə etdiyi qazancla ailəsini saxlayır. İmişli rayonu Məhəmmədli kəndi ərazisində islahat nəticəsində dörd nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə cəmi 2,13 ha torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-0070 saylı Dövlət aktında göstərilmiş 0070 saylı plan əsasında yeri təyin edilərək təhkim edilmişdir. 2004-cü ildə həmin torpaq sahəsinin ərazisindən 1,51 ha ümumi razılıq əsasında Cavabdeh alqı-satqı yolu ilə stılmış, qalan 0,62 ha isə ailə üzvlərinin ( Quliyev Vasif Valeh oğlu, Quliyeva Simarə Xeyrulla qızı və Quliyeva Səadət Valeh qızının) ümumi mülkiyyətində saxlanılmışdır. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən cəmi 1,51 ha torpaq sahəsini əldə etməsinə baxmayaraq texniki səhv nəticəsində bütövlükdə 2,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmışdır. Cavabdeh bundan istifadə edərək özünə aid olmayan 0,62 ha torpaq sahəsini də zəbt edərək alqı-satqı yolu ilə əldə etdiyi 1,51 ha torpaq sahəsinə birləşdirmiş və ötən müddət ərzində əkərək təyinatı üzrə istifadə etmişdir. Ondan zəbt etdiyi 0,62 ha torpaq sahəsini buraxmasını və torpaq sahəsinin hüquqi statusuna dair sənədi dəyişilməsi üçün aidiyyəti orqana təqdim etməsini dəfələrlə tələb etməsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmələrinə baxmayaraq etdiyi cəhdlər nəticəsiz qalmışdır. Ona görə də, JN 0070 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda yeri təyin edilən İmişli rayonu Məhəmmədli kəndində yerləşən 0,62 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, mülkiyyət hüquqlarını pozan qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsindən qanunsuz istifadə nəticəsində dəymiş 17.000,0 manat məbləğində maddi zərərin ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı Quliyeva Simarə Xeyrulla qızı Quliyev Vasif Valeh oğlunun izahatında qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0070 saylı Dövlət Aktına əsasən İmişli rayonu Məhəmmədli kəndi ərazisində yerləşən 0070 saylı planda yeri təyin edilmiş 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildə Quliyeva Simarə Xeyrulla qızından alqı-satqı yolu ilə almış və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydə alınaraq adına Çıxarış verilmişdir. Torpaq sahəsi satılarkən Quliyev Vasif Valeh oğlu və Quliyeva Səadət Valeh qızı yetkinlik yaşına çatmadıqlarından Quliyeva Simarə Xeyrulla qızı tərəfindən təmsil olunmuş, X8 oğlu isə sağ olmadığından alqı-satqı prosesində iştirak etməmişdir. Bu səbəbdən alqı-satqı müqaviləsində torpaq sahəsinin X8 oğluna aid olan hissəsi ( 0,62 ha) haqqında qeyd olunmamışdır. Quliyev Vasif Valeh oğlu yetkinlik yaşına çatandan sonra onunla Quliyeva Simarə Xeyrulla qızı arasında əldə olunmuş razılaşmanı pozmuş və mərhum X8 oğlunun alqı-satqı prosesində iştirak etməməsinə əsaslanaraq 0,62 ha torpaq sahəsini ondan tələb etmişdir. Torpaq sahəsi satılarkən bütöv olmuş, 1,51 ha və 62,0 ha hissələrə bölünməmiş və pulu alınaraq ümumi plan əsasında bütövlükdə satılmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Torpağa mülkiyyət hüququna dair» JN-0070 saylı Dövlət Aktına əsasən İmişli rayonu Məhəmmədli kəndi ərazisində yerləşən 0070 saylı planda yeri təyin edilmiş 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 oğlu, Quliyev Vasif Valeh oğlu, Quliyeva Simarə Xeyrulla qızı və Quliyeva Səadət Valeh qızının ümumi mülkiyyətindədir. İşdə olan 05.10.2004-cü il tarixli ***-**** nömrəli Müqavilənin surətinə əsasən JN-0070 saylı Dövlət Aktına əsasən planda yeri göstərilən İmişli rayonu Məhəmmədli kəndi ərazisində yerləşən 1,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quliyeva Simarə Xeyrulla qızı tərəfindən 8700000,0 manata Cavabdeh satılmışdır. İşdə olan MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən AA 003075 nömrəli planda koordinatları və sərhədləri göstərilən İmişli rayonu Məhəmmədli kəndi ərazisində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına 16.04.2011-ci il tarixdə **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, JN 0070 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda yeri təyin edilən İmişli rayonu Məhəmmədli kəndində yerləşən 1,51 ha torpaq sahəsi 05.10.2004-cü il tarixdə Cavabdeh satılmış və həmin planda göstərilən sərhədlər daxilində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına 16.04.2011-ci il tarixdə **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. JN 0070 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən planda ayrıca 0,62 ha torpaq sahəsi nəzərdə tutulmamışdır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar, Quliyev Vasif Valeh oğlu, Quliyeva Simarə Xeyrulla qızı və Quliyeva Səadət Valeh qızının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən heç bir sənədləri olmadığından İmişli rayonu Məhəmmədli kəndi ərazisində yerləşən 0,62 ha torpaq sahəsini Cavabdeh tələb etməkdə haqlı deyillər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 ( bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar