Məhkəmə qərarları › İş №2(036)-1264/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1264/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1264/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. Ərizəçi İddiaçı maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı-xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi ilə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı-xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmiş və İmişli rayonu, Rəsullu kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin vaxtında həyat yoldaşının ölümü ilə bağlı həkimdən tibbi rəy almamışdır. Hal-hazırda vərəsəlik məsələlərinin həlli üçün ölüm faktının qeyd edilməsi zərurəti yaranmışdır. Ölümünün qeydiyyata alınması ilə bağlı İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibbi müəssisəsinin müvafiq sənədi olmadığına görə ölümün qeydə alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmin fakt ərazi nümayəndəliyinin arayışı ilə təsdiq olunur və bu faktı şahidlər də təsdiq edə bilərlər.

3. 17.01.2014-cü il tarixli AZE 09571189 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti ilə müəyən olunur ki, X3 xx.xx.1960-cı il tarixdə İmişli rayonu Rəsullu kəndində doğulmuşdur.

4. İmişli rayon qeydiyyat şöbəsinin 08 aprel 2024-cü il tarixli arayışı olə müəyyən olur ki, X3 və X8 arasında İmişli rayon Rəsullu icra nümayəndəliyində xx.xx.1991-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir.

5. İmişli Rayon İcra Hakimiyyəti başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, İddiaçı həyat yoldaşı X3 xx.xx.2024-ci il tarixdə vəfat etmiş və İmişli rayonu Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur.

6. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə və ölüm faktını təsdiq edən başqa bir sənəd təqdim olunmadığından X2 ölümünün qeydə alınmasından imtina edilmişdir.

7. Məhkəmə iclasında şahidlər X5, X7 və X6 ifadə verərək xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və İmişli rayonu, Rəsullu kənd qəbiristanlığında dəfn olunmasını təsdiq etdilər.

8. xx.xx.1960-cı il təvəllüdlü X1 vəfat etməsi iş materiallarına əlavə edilmiş mərhumun başdaşının fotosu ilə də təsdiq olunur.

9. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə ilə məlumat vermişdir.

12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

14. Maddə 307.2.8. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.

15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

16. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

17. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

23. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.

24. Hazırkı mübahisənin mahiyyəti xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsindən ibarətdir.

25. İş materialları ilə müəyyən olur ki, X3 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Rəsullu kənd qəbiristanlığında dəfn olunmuşdur.

26. Həmin faktın müəyyən edilməsi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi kimi sənədləşmə işlərin aparılması üçün lazımdır.

27. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə və ölüm faktını təsdiq edən başqa bir sənəd təqdim olunmadığından X1 ölümünün qeydə alınmasından imtina edilmişdir.

28. Ərizəçinin həyat yoldaşının ölməsi barədə qeydinin başqa qaydada bərpası mümkün deyildir.

29. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

31. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

32. Mülki Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

33. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.

34. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.

35. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı öz təsdiqini tapmışdır.

36. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.

37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

38. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

39. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi İddiaçı maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə aktı həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar