Məhkəmə qərarları › İş №2(036)-1273/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1273/2021

14.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1273/2021 14.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı, onun vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh atasının fermada tikdirdiyi tövlələrin materiallarının, ot yığmaq üçün dəmir çardağın materiallarının, uzunluğu 12 metr olan vaqonun, dəmir metaldan çəkilmiş hasarın materiallarının və 1 ədəd işıq transformatorunun və ya onların dəyəri olan 10000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Nazirlər Kabinetinin 13.08.1973-cü il tarixli, 270 nömrəli Qərarı əsasında mərhum atası X1 İmişli- Vərəgə ərazisinin 130-132-ci kilometrliyində torpaq sahəsi ayrılmışdır. X13 1998-ci ildə həmin torpaq sahəsində bünövrəsi mişar daşlarından, yuxarı hissəsi isə çiy kərpicdən 30 metr uzunluğunda tövlə tikmiş, sonradan həmin tövlənin dam örtüyünü paslanmayan metal dam örtüyü ilə əvəz etmiş, tövlənin qarşısını isə dirəkləri dəmir yolu relslərindən olmaqla metal konstruktorlar ilə hasarlamışdır. Bundan əlavə mərhum atası həmin fermada heyvanlara ot kipləri saxlamaq üçün böyük metal çardağ tikmişdir, işıqlandırma üçün bir ədəd yeni işıq transformatoru qoymuş, bir ədəd bötöv metal vaqon qoyub içərisini kərpiclə hördürərək fermaya baxan işçinin yaşayış yeri üçün şərait yaratmış, o cümlədən 1 ədəd divarları taxtadan olan ümumi istifadə üçün əlavə vaqon qoymuşdur. Həmin fermanın ərazisində hasardakılardan əlavə yerdə 200 metrə yaxın dəmir yol relsləri də olmuşdur. Bundan əlavə mərhum atası həmin torpaq sahəsində başqa şəraitlər də yaratmışdır. Mərhum atası uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və onun mülicəsi üçün pul lazım olduğundan fermanı üzərində olan tikililər və avadanlıqlarla birlikdə istifadə etməsi üçün 7000 ABŞ dolları qarşılığında Cavabdeh ilə razılığa gəlmişlər. Sonradan həmin torpaq sahəsinə dair Ramazan ilə qonşu torpaq sahəsinin mülkiyyətçisi Sarvan arasında mübahisə yaranış və tərəflər mübahisənin həlli üçün məhkəməyə müraciət etmişlər. Məhkəmənin qərarı ilə həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması müəyyən edilərək torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi qərar alınmışdır. Bu barədə məhkəmə qətnaməsi icraya yönəldilərək tikililərin məcburi qaydada sökülməsi təmin edilmişdir. Həmin tikililər sökülərkən torpaqdan istifadə edən Cavabdeh orada olan bütün əmlakları aparıb başqa bir ərazidə istafadə etməyə başlamışdır. Həmin vaxt özü isə oradan təxminən 300 kq yaxın metal aparmış, qalan bütün əmlakları isə Ramazan aparmışdır. Ramazan bildirir ki, o, metallom işçisi Rafiq adlı şəxsi oraya aparmış və Rafiq vaqona 1600 manat qiymət qoymuşdur. Lakin orada bir deyil, iki vaqon olmuşdur. Vaqonun biri saz vəziyyətdə, digəri isə köhnə olmuşdur. Rafiq də həmin köhnə vaqona 1600 manat qiymət qoymuşdur. Saz vəziyyətdə olan vaqonu isə 5000 manata belə almaq mümkün deyildir. Əgər Ramazan istəyirsə gətirib onun vaqonunu qaytarsın, o da iddia tələbindən 5000 manat azalma ilə bağlı məhkəməyə ərizə təqdim edər. Ramazan onun köhnə vaqonunun dəyəri olan 1600 manatı qəbul edir, lakin ümumilikdə ona 2000 manat pul vermək istəyir. Belə çıxır ki, Ramazan onun qalan bütün əmlakına 400 manat qiymət qoyur. Bu isə haqsızlıqdır. Atası həmin şəraitin yaradılmasına 20000 manata yaxın xərc çəkib. Lakin o, Ramazandan 20000 manat deyil, 10000 manat tələb edir. Halbuki, həmin əmlaklardan 9 il istifadə etməklə xeyli miqdarda gəlir əldə edib. Buna baxmayaraq onun vaqondan əlavə digər əmlaklarına 400 manat pul vermək istəyir ki, bu da haqsızlıqdır. Bu azmış kimi Ramazan xahiş etdiyi üçün əmlakları aparıb müvəqqəti istifadə etməsinə etiraz etməmiş, lakin Ramazan sonradan məhkəmədə ona qarşı iddia qaldıraraq 7000 ABŞ dolları məbləğində pul tələb etmiş, məhkəmənin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq 7000 ABŞ dolları məbləğində pulun ondan tutulub Ramazanın xeyrinə ödənilməsi təmin edilmişdir. Həmin qətnamə tam şəkildə əsassız və qanunsuzdur. Belə ki, həmin qətnamədə onun ifadəsi absurd şəkildə göstərilmiş, vermədiyi izahat qətnaməyə qeyd olunaraq iddia tələbi əsaslı hesab edilmişdir. O, həmin qətnamədən narazı olsa da, qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə qətnamədən apelyasiya şikayəti verə bilməmişdir. Bunun nəticəsində onun əmək haqqından hazırkı vaxtadək 5000 manatdan çox tutulub ramazana ödənilmişdir. Halbuki o, həmin torpaq sahəsini Ramazanın mülkiyyətinə verilməklə satmamış, həmin torpaqdan istifadə etməsi üçün 7000 ABŞ dolları pul almış və Ramazan həmin torpaq sahəsindən üzərində olan tikililər və avadanlıqlarla birlikdə 9 il müddətə istifadə etmişdir. Buna baxmayaraq məhkəmə onun hüquqlarını kobud şəkildə pozaraq əsassız qətnamə qəbul etmişdir. Əgər məhkəmə ondan 7000 ABŞ dolları məbləğində pulun alınıb Ramazana verilməsini qət edirsə onunda əmlaklarını geri tələb etmək hüququ vardır. Lakin hazırda Ramazan onun əmlaklarını qaytarmaq istəmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X3 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı mərhum atası xəstə olduğundan mübahisə predmeti olan torpaq sahəsini üzərində inşa etdiyi tikililər və təmin etdiyi avadanlıqlarla birlikdə müvəqqəti istifadə etmək üçün 7000 ABŞ dolları məbləğində pul qarşılığında Cavabdeh vermişdir. Ramazan Əzimo torpaq sahəsindən 9 il müddətə istifadə etdikdən sonra qonşu torpaq sahəsinin mülkiyyətçisi Sarvan adlı şəxslə həmin torpaq sahəsinə dair aralarında mübahisə yaranmış və həmin mübahisəyə məhkəmə qaydasında baxılaraq torpaq sahəsinin Sarvana məxsus olması müəyyən edilmiş, orada inşa edilmiş tikililərin sökülərək əvvəlki vəziyyətinə bərpa olunması qərara alınmış və qətnamənin icrası təmin edilələrək həmin torpaq sahəsində olan bütün tikililər sökülmüşdür. Bundan sonra Cavabdeh İddiaçı qarşı pul tələbi ilə bağlı məhkməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə İddiaçı 7000 dollar məbləğində puıun tutulub Ramazana ödənilməsi qət edilmişdir. Həmin torpaq sahəsində olan olan tikililər və əmlaklar sökülməzdən əvvəl X15 Yunusova təklif etmişdir ki, Cavabdeh verməsi üçün ona 7000 manat pul versin, qarşılığında isə bütün əmlaklar və avadanlıqlar ona qalsın. Lakin Azər həmin əmlakların dəyərinin 7000 manatdan çox olduğunu və ondan 7000 dollar pulun tutulması barədə məhkəmə qətnaməsinin əsassız olduğunu və həmin qətnamədən şikayət verəcəyini bildirərək Sarvan Ataşovun bu təklifini qəbul etməmişdir. Lakin hazırda cavabdeh iddiaçının əmlaklarını 2000 manat dəyərində qiymətləndirir. Halbu ki, həmin əmlakların dəyəri azı 10000 manat təşkil edir. Həmin əmlakların dəyəri 10000 manatdan az olsaydı Sarvan Ataşov həmin əmlaklara görə öz ziyanına Azərə 7000 manat təklif etməzdi. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı saxta sənədlər əsasında ona 7000 ABŞ dollarına torpaq sahəsi satmışdır. O, həmin torpaq sahəsini bir neçə il istifadə etdikdən sonra məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Azərin ona verdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Ataşov Savalan məhkəməyə müraciət edərək onun istifadəsində olan torpaq sahəsindəki qanunsuz tikililərin sökülməsini tələb etmiş və məhkəmə onun iddiasını təmin etmişdir. Bundan sonra məhkəmə icraçıları həmin torpaq sahəsindəki bütün tikililəri sökmüşlər. Həmin vaxt İddiaçı oraya gələrək oradakı dəmirlərin bir hissəsini aparmışdır. Orada qalan dəmir vaqona qiymət qoyması üçün özü ilə Rafiq adlı şəxsi gətirmiş və Rafiq həmin vaqona 1600 manat qiymət qoymuşdur. Hazırda isə Azər bildirir ki, vaqonun qiyməti 5000 manatdır. Halbu ki, özünün gətirdiyi şəxs vaqona 1600 manat qiymət qoymuşdur. Odur ki, o iddianı qismən qəbul edir və Azərin ona verdiyi əmlakların dəyəri olaraq 2000 manat ödəməyə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 ifadəsində göstərdi ki, Cavabdeh istifadəsində olan torpaq sahəsindəki tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq tələbkar X2 təhvil veriməsi ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinin müvafiq icra sənədi borclu Cavabdeh tərfindən könüllü olaraq icra edilmədiyindən 2019-cü ilin iyun ayında məcburi icra tədbirlərinə başlanmış və məcburi icra tədbirləri nəticəsində həmin torpaq sahəsində olan tövlə, ot yığılması üçün nəzərdə tutulmuş dərmir çardağ, yaşayış üçün nəzərdə tutulmuş içərisi kərpiclə hörülən dəmir vaqonundan olan tikili və digər yardımçı tikililər sökülərək torpaq sahəsi boşaldılmış və tələbkar X2 təhvil verilmişdir. Həmin ərazi, ərazidə olan tikililər və digər əmlaklar İddiaçı məxsus olmuşdur. Lakin sonradan ərazinin İddiaçı və Cavabdeh qeyri-qanuni istifadələrində olduğu müəyyən olunduqdan sonra onların həmin əraziyə mülkiyyət hüquqları tanınmamış və ərazidəki tikililərin sökülməsi və boşaldılaraq X2 təhvil veriməsi qərara alınmışdır. O, məcburi icra tədbirləri aparılarkən, yəni qanunsuz tikililər sökülərkən şəxsən iştirak etmişdir. Belə ki, həmin vaxt ərazidə bünövrəsi mişar daşından olan çiy kərpicdən, dam örtüyü isə atsenkovu deyilən metal örtükdən olan malqaralar üçün nəzərdə tutulmuş böyük tövlə, ot yığılması üçün nəzərdə tutulmuş dərmir metaldan olan çardağ, dirəkləri dəmir relslərdən olan tövləyəbənzər tikili, yaşayış üçün nəzərdə tutulmuş içərisi kərpiclə hörülən bütöv dəmir vaqonundan olan tikili, həmin vaqondan əlavə yan hissələri taxtadan olan, lakin taxtaları sökülmüş təkərsiz dəmir vaqon olmuşdur. Bundan əlavə ərazidə, yerdə ölçüsünü dəqiq bilmədiyi dəmir yolu relsləri, işıq dirəyi və transformatoru da olmuşdur. Ərazi boşaldılarkən İddiaçı da əmlaklarını götürmək üçün oraya gəlmiş, lakin Ramazan ilə aralarında ona məlum olmayan söhbətdən sonra Azər özü ilə gətirdiyi “Qazel” markalı yük avtomobili ilə az miqdarda köhnə və istifadəyə yararsız dəmir parçaları aparmış qalan bütün əmlakları isə Ramazan özü ilə aparmışdır. Ramazan ilə Azərin hansı formada razılığa gəldiklərini və nə söhbət etdiklərini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı ferma kimi istifadə etdiyi ərazini Cavabdeh hansı formada və hansı sənədlər əsasında verdiyini bilmir, lakin həmin ərazi qanuni sənədlərlə ona məxsus olduğundan torpaq sahəsinin boşaldılaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmış və yekun olaraq Şirvan Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamə icra olunarkən, yəni mübahisəli torpaq sahəsindəki qanunsuz tikililərin sökülməsi prosesi zamanı o da həmin ərazidə olmuşdur. Onun bildiyinə görə Azər həmin torpaq sahəsini 7000 ABŞ dolları qarşılığında Ramazanın istifadəsinə vermiş, torpaq sahəsinin onlara dair mülkiyyət sənədləri olmadığından və qanuni əsaslarla ona məxsus olduğundan məhkəmə qərarı ilə torpaq sahəsi ona qaytarılması qərara alınmış, bundan sonra Ramazan Azərərə qarşı məhkəmədə iddia qaldıraraq həmin 7000 dolları geri tələb etmiş və məhkəmənin qətnaməsi ilə iddiası təmin olunmuşdur. Beləliklə də, Azər Ramazana 7000 dollar pul verməli, Ramazan da aralarındakı razılığa əsasən əmlakları Azərə qaytarmalı idi. O, isə bu halları nəzərə alaraq həmin torpaq sahəsindən ferma kimi istifadə edəcəyini və orada olan tikililərin və əmlakların ona lazım olacağını nəzərə alıb Azərə təklif etmişdir ki, həmin tikililər və əmlakların ona qalması qarşılığında Azərə 7000 manat pul versin, Azər də həmin 7000 manatı Ramazana verməklə aralarında üç tərəfli razılığa gəlsinlər, bununla da həm mübahisəni həll etmiş, həm də məhkəmə qətnamələrinin icrasını təmin etmiş olsunlar. Lakin əmlakların dəyəri 7000 manatdan çox olduğuna görə Azər onun təklifi ilə razılaşmamışdır. Bundan sonra məhkəmə icraçıları məcburi qaydada həmin tikililərin sökülməsi ilə bağlı göstəriş vermişlər və bir neçə icra məmuru, təcili yardım, polis əməkdaşları, bir neçə fəhlə, televiziya çəkliş qrupu və onların iştirakları ilə tikililər (bünövrəsi mişar daşından olan çiy kərpicdən, dam örtüyü isə dəmir şiferdən olan böyük tövlə, dərmir metaldan olan ot çardağı, dirəkləri dəmir relslərdən olan tövlə, yaşayış üçün nəzərdə tutulmuş dəmir vaqon, həmin vaqondan əlavə yan hissələri sökülmüş təkərsiz dəmir vaqon, təxminən 150-200 metr dəmir yolu relsləri, işıq dirəkləri və transformatoru) sökülmüşdür. Həmin vaxt İddiaçı oradan istifadyə yararsız metal dəmir parçaları aparmasını görmüşdür, həmin metalların çəkisi təxminən 300-350 kq olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, metal qəbulu işləri ilə məşğul olur. Azər ona zəng edərək 2-3 ton arası dəmir olduğunu və satmaq istədiyini bildirmiş, o da “Qazel” markalı yük avtomobili ilə Azərin bildirdiyi ferma ərazisinə getmiş, lakin orada Azər ona sadəcə köhnə vaqonun üst hissəsini vermiş və buna görə o, Azərə 250 manat pul vermişdir. Həmin vaqonu bütöv formada alması üçün isə 1600 manat pul təklif etmiş, lakin Azər razılaşmamışdır. O, orada olan digər vaqona baxmamış və ona qiymət qoymamışdır. Dəmirin az olduğuna görə Azərə etirazını bildirdikdə isə Azər qalan dəmirləri başqası ilə razılaşdığınından satmaq istəmədiyini bildirmişdir. Bundan sonra o, oradan çıxıb getmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Tərəflərin izahatları, şahidlərin ifadələri və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, İddiaçı üzərində mülkiyyət hüququ olmayan torpaq sahəsini ferma tipli şərait yaratmaqla istifadə etmiş, sonradan həmin ərazini 7000 ABŞ dolları qarşılığında Cavabdeh vermişdir. Mülki prosessual qanunvericiliyinə əsasən işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğundan iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qətnamənin qanuniliyi və əsaslılığı üçün ilk növbədə iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, onların mülkiyyətçisi, hazırda mövcud olduğu yer və faktik istifadəçisi, mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması və daha sonra onların dəyəri müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı məhkəməyə yazılı sübutlar təqdim etməsə də, tələb etdiyi əmlakların mövcudluğu, həmin əmlakların mülkiyyətçisinin İddiaçı olması, əmlakların hazırda Cavabdeh olması və iddiaçıya qaytarılmaması məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və cavabdehin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, şahidlərin təsdiqedici ifadələri ilə yanaşı Cavabdeh məhkəmə iclasında əmlakların dəyəri olaraq İddiaçı 2000 manat pul təklif etməsi iddia tələbində göstərilən əmlakların mövcudluğunu, həmin əmlaklara mülkiyyət hüququnun İddiaçı məxsus omasını, habelə onun qanunsuz sahibliyində olmasını bir daha təsdiq edir. Lakin həmin əmlaklar Cavabdeh istifadəsində olsa da hazırda faktik yeri məlum deyildir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan əmlaklar olmadığından onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, əmlakın dəyərinə münasibətdə isə hesab edir ki, işdə iştirak edən şəxslərin hər birinin şahid X5 tərəfindən ərazidə olan köhnə vaqonun 1600 manat dəyərində qiymətləndirildiyini təsdiq etməsi baxımından ərazidə normal vəziyyətdə olan vaqonun dəyəri ondan daha çox ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, ərazidə yalnız 1600 manat dəyərində olan dəmir yolu vaqonu deyil, ümumilikdə iki ədəd dəmir yolu vaqonu, bünövrəsi mişar daşından olan çiy kərpic ilə hörülmüş dam örtüyü isə dəmir şiferdən olan böyük tövlə, dərmir metaldan olan ot çardağı, dirəkləri dəmir relslərdən olan tövlə, təxminən 150-200 metr dəmir yolu relsləri və işıq transformatoru da mövcud olmuşdur, həmin əmlaklara görə də şahid X12 yunusova 7000 manat pul təklif etmişdir ki, bu hal da həmin əmlakların dəyərinin 7000 manatdan az olmadığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə işin araşdırılan hallarına və özünün daxili inamına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, cəmi 7030 (yeddi min otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar