Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1346/2023 30.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1956cı il təvəllüdlü atası X1 xx.xx.2008-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü atası X3 xx.xx.2008-ci ildə İmişli rayonu, Bəcirəvan kəndində vəfat etmiş və İmişli rayonu, Bəcirəvan kənd qəbiristanlığında dəfn olunmuşdur. Səhlənkarlıqdan VVAQ-da qeyd etdirməmişdir. Aqrar islahat zamanı xüsusi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair Dövlət Aktında ailə üzvü kimi mərhum atası X1 adı da qeyd olunmuşdur. Hazırda vərəsəlik işi ilə bağlı olaraq atasının ölüm şəhadətnaməsi lazımdır. Ölümün qeydiyyata alınması ilə bağlı İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
3. Seriya AZE 02981539 nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən olur ki, X3 xx.xx.1956-cı il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində doğulmuşdur.
4. “Torpağa mülkiyyət hüququna dair” JN 0295 nömrəli, Kod 90702018 olan Dövlət Aktı ilə müəyyən olur ki, İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 10 saylı qərarı ilə İmişli rayonu, Bəcirəvan kəndinin ərazisində yerləşən 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi və mərhum X3 da daxil olmaqla digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir.
5. İmişli RİHB-nin Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 119 nömrəli arayışla müəyyən olur ki, X3 xx.xx.2008-ci ildə vəfat etmiş və İmişli rayonu, Bəcirəvan kənd qəbiristanlığında dəfn edilmişdir.
6. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə və ölüm faktını təsdiq edən başqa bir sənəd təqdim olunmadığından X1 ölümünün qeydə alınmasından imtina edilmişdir.
7. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
11. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.8. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.
13. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. Maddə 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
15. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
21. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
22. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0295 nömrəli, Kod 90702018 olan Dövlət Aktı ilə müəyyən olur ki, İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 10 saylı qərarı ilə İmişli rayonu, Bəcirəvan kəndinin ərazisində yerləşən 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi və mərhum X3 da daxil olmaqla digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İmişli RİHB-nin Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 119 nömrəli arayışda göstərilmişdir ki, X3 xx.xx.2008-ci ildə vəfat etmiş və İmişli rayonu, Bəcirəvan kənd qəbiristanlığında dəfn edilmişdir. X1 qəbrüstü fotoşəkilləri ilə onun xx.xx.2008-ci ildə ölməsi faktı təsdiq olunur.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X6 və X4 ifadə verərək göstərdilər ki, X3 xx.xx.2008-ci ildə İmişli rayonu, Bəcirəvan kəndində vəfat etmiş və İmişli rayonu, Bəcirəvan kənd qəbiristanlığında dəfn olunmuşdur.
24. Hazırkı mübahisənin mahiyyəti X1 xx.xx.2008-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində ölməsi faktının müəyyən edilməsindən ibarətdir.
25. Həmin faktın müəyyən edilməsinin ərizəçiyə ümumi, paylı mülkiyyətdə olan daşınmaz əmlakın vərəsəlik qaydasında rəsmiləşdirilməsi və müvafiq sənədləşmə işlərin aparılması üçün lazımdır.
26. Ərizəçinin atasının ölməsi barədə qeydinin başqa qaydada bərpası mümkün deyildir.
27. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
28. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
29. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
30. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
31. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.
32. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.
33. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, X1 xx.xx.2008-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində ölməsi faktı öz təsdiqini tapmışdır.
34. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.
35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
36. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
37. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2008-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində ölməsi faktı müəyyən edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2008-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmə aktı həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim : Telman Quliyev