Məhkəmə qərarları › İş №2(036)-142/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-142/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-142/2025 28.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən törətdiyi inzibati xəta nəticəsində vurulmuş zərərə görə 4490 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən törətdiyi inzibati xəta nəticəsində vurulmuş zərərə görə 4490 manat məbləğində pulun və 65 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus “Mersedes-Benz S320” minik markalı “90NG979” dövlət nömrə nişanlı avtomobili X2 vermişdir. X4 xx.xx.2023-cü il tarixdə saat 19 radələrində avtomobili İmişli şəhəri H.Əliyev prospektində saxladığı zaman Cavabdeh idarə etdiyi “Mersedes-Benz 190” minik markalı “90ZS497” dövlət nömrə nişanlı avtomobillə qəza törətmiş, nəticədə iddiaçının avtomobilinə 8490 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. İmişli rayon polis şöbəsinin əməkdaşı hadisə yerinə gəlib protokol tərtib etmişdir. İXP ******* nömrəli protokolla müəyyən edilmişdir ki, Cavabdeh Yol hərəkəti haqqında qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Cavabdeh iddiaçının avtomobilinə vurulmuş maddi zərəri könüllü ödəmək istəmir. Sığorta ona vurulmuş zərəri 4000 manat həcmində ödəmiş, qalan ziyanın təqsirkar şəxsdən məhkəmə qaydasında alınmalı olduğunu bildirmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının tələbi və onunla bağlı göstərdikləri əsassız olmaqla, həqiqətə uyğun deyil. Belə ki, 2024-cü ilin noyabrın 20-də İmişli şəhərində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində digər şəxsə məxsus minik maşını onun idarə etdiyi "Mersedes-Benz 190" markalı, “90ZS497” dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb itələməsi ilə əlaqədar başqa şəxslər kimi ona da maddi zərər dəymişdir. Bu işdə heç bir təqsirinin olmadığına baxmayaraq, İmişli RPŞ-nin X7 bölməsi əməkdaşı tərəfindən "yolayırıcını keçmə qaydalarını pozması" əsası ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə müvafiq protokol tərtib edilməklə, onun əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qəza zəncirvari xarakterli olduğu üçün bir xeyli avtomobilə, o cümlədən iddiaçıya da zərər dəymişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarda hansısa nəqliyyat vasitəsinə çarpılaraq zərər vurması deyil, yolayırıcını keçmə qaydalarını pozması göstərilmişdir. İddiaçının mülkiyyətində olan, lakin X4 adlı şəxs tərəfindən idarə edilən "Mersedes-Benz S320" markalı, “90NG979” dövlət qeydiyyat nişanlı avtomobilə də zərər dəymişdir. 2024-cü ilin sonuna "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus minik avtomobilinə dəymiş zərər 4000 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirildikdən sonra maşın tamamilə bərpa olunmuş, 2025-ci ilin əvvəllərindən başlayaraq onu idarə edən X4 Bakı şəhəri ilə İmişli rayonu arasında taksi fəaliyyətini davam etdirmişdir. Buradan müəyyən olunur ki, iddiaçının maşınına dəymiş zərər 4000 manat olmuş, bu da sığorta şirkəti tərəfindən qarşılanmışdır. Əslində 2024-cü ilin təxminən avqust aylarında maşını idarə edən X4 Bakı şəhəri yaxınlığında yeni bir yol-nəqliyyat hadisəsi törətmiş, belə ki, başqa bir maşınla toqquşmuş, nəticədə iddiaçının mülkiyyətində olan maşın tam həcmdə sıradan çıxmışdır. Bu səbəbdən də tamamilə başqa bir qəzada yararsız vəziyyətə salınmış avtomobilin onun hesabına bərpa olunması məqsədilə, başqa tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə istinad edilərək, ona qarşı müvafiq tələblə iddia qaldırılıb. Həmin avtomobilə zərər vurmadığından və hazırkı iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

7. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunu: 52-1.2-ci maddəsinə görə zərərçəkənin bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 58.3-cü maddəsinə görə bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində cavabdeh “Mersedes Benz 190” minik markalı “**-ZS-***” dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri, H.Əliyev prospekti ilə idarə edərkən “Chevrolet Cruze” minik markalı “**-XV-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, eyni zamanda cavabdehin idarə etdiyi avtomobil yolun kənarında dayanmış iddiaçıya məxsus “Mercedes Benz S320” minik markalı “**-NG-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymiş, İmişli rayon YHN inspektorunun xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoluna əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

10. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, mülki hüquq pozuntusuna görə şəxsin o zaman məsuliyyəti yaranır ki, törədilmiş əməl hüquqa zidd olsun, əməl təqsirli olaraq törədilsin, törədilmiş əməl nəticəsində başqa şəxsə zərər vurulsun və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcud olsun. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

11. Göründüyü kimi “Mersedes Benz 190” minik markalı “**-ZS-***” dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mercedes Benz S320” minik markalı “**-NG-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilmişdir ki, bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

12. İş materialında olan İmişli Rayon Məhkəməsinin 3(036)-1401/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İmişli rayonu YNH-nin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla Ağayev X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, lakin qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

13. Hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş zərəri cavabdehdən tələb edə bilər.

14. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 8490 manat məbləğin ödənilməsini tələb edir, cavabdeh isə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/10192/2024 nömrəli ekspert rəyi ilə, təqdim edilmiş iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər aktına əsasən 2000-ci il buraxılışlı mühərrik həcmi 3200 sm3, “Mercedes Benz S320” markalı, “**-NG-***” dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7200 manat müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

18. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/10192/2024 nömrəli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

19. Qanunvericiliyin müddəalarından aydın olur ki, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

20. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya "xxxx" ASC tərəfindən dəymiş zərər üzrə 4000 manat məbləğində ödəniş edilmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişindən artıq olan 3200 manat məbləğində dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

23. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən məlum olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

24. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumunun 46,28 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan 18,72 manat məbləği İddiaçı aid edilməlidir.

25. Həmçinin iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 100 manat ekspertiza xərcindən ibarət məhkəmə xərcinin 71,2 manat hissəsi Cavabdeh, qalan 28,8 manat hissəsi isə İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 3200 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 65 manat dövlət rüsumunun 46,28 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 18,72 manat məbləği İddiaçı aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 71,2 manat məbləği Cavabdeh, qalan 28,8 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar