Məhkəmə qərarları › İş №2(036)-1505/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1505/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1505/2022 31.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 noyabr 1996-cı il təvəllüdlü X3 08 iyun 1997-ci il tarixdə İmişli rayonunun Əliyetməzli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, 25 noyabr 1996-cı il təvəllüdlü qızı Təranə Məmmədzadə 08 iyun 1997-ci il tarixdə İmişli rayonunun Əliyetməzli kəndində yaşadıqları evdə vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Onun ölümünü vətəndaşlıq vəziyyəti qeydiyyatı orqanında qeyd etdirməmişdir. Hazırda vərəsəliklə bağlı X3 ölüm sənədi lazımdır. Belə ki, həmin vaxt aqrar islahat gedirdi və torpaq sənədində körpə uşağının da adı yazılmışdır. O, qızına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bu faktı təsdiq edən sənədi olmadığına görə bəzi sənədləşdirmə işlərini apara bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsinin 23 aprel 2022-ci il tarixli rəyindən görünür ki, X3 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşdə olan İmişli RİHB-nın Məmmədli kənd inzibati İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli aktdan görünür ki, İmişli rayonunun Əliyetməzli kəndində aqrar islahat zamanı, kənd sakini Ərizəçi ailə üzvləri 5 (beş) nəfər olmaqla pay torpağı alması üçün qeydiyyata alınmışdır. Ailənin beşinci üzvü olan X6 25 noyabr 1996-cı ildə doğulmasına baxmayaraq, valideyinləri atası Ərizəçi və qonşusu X4 deməsinə görə həmin uşaq 08 iyun 1997-ci ildə dünyasını dəyişmişdir. X1 o vaxtdan ölüm haqqında şəhadətnamə alınmamışdır. Nümayəndəliyin işçiləri eyni zamanda valideyinin iştirakı ilə, İmişli rayonunun Əliyetməzli kənd qəbirstalığında gedilmiş, qəbrə baxış keçirilmişdir. X2 vəfat etdiyi tarixi müəyyən etmək olmamışdır. Həmin aktı İmişli RİH-nin Başçısının Məmmədli KİƏD-si üzrə nümayəndəsi X12, İmişli rayonu Məmmədli Bələdiyyəsinin sədri X9, İmişli RİH-nin Başçısının Məmmədli KİƏD-si üzrə nümayənsinin müavini X7, İmişli rayonu Əliyetməzli kənd sakinləri Ərizəçi və X8 imzaları ilə təsdiq etmişdirlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, X6 08 iyun 1997-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 noyabr 1996-cı ildə İmişli rayonunun Əliyetməzli kəndində anadan olmuş X3 08 iyun 1997-ci il tarixdə İmişli rayonunun Əliyetməzli kəndində vəfat etməsi faktı məyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 noyabr 1996-cı il tarixdə İmişli rayonunun Əliyetməzli kəndində anadan olmuş X3 08 iyun 1997-ci il tarixdə İmişli rayonunun Əliyetməzli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar