Məhkəmə qərarları › İş №2(036)-1579/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1579/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1579/2024 01.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi; Təsviri hissə: Ərizəçi Əliyev X7 “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 dekabr 1962-ci il tarixdə anadan olmuş X1 30 dekabr 2020-ci il tarixdə İmişli rayonu Qaralar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası X8 30 dekabr 2020-cü il tarixdə İmişli rayonu, Qaralar kəndində yerləşən yaşadığı evdə vəfat etmiş və Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, atası X6 ölüm haqqında şəhadətnamə alsın. Lakin İmişli rayon Qeydiyyat şöbəsindən ona bildirmişlər ki, mərhum X1 ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz. X1 30 dekabr 2020-ci il tarixdə vəfat etməsi və İmişli rayonu, Qaralar kənd qəbirstanlığında dəfn edilməsi, qəbirin foto şəkilləri ilə, eləcə də dəfn mərasimində iştirak etmiş qonşular da məhkəmədə şahid qismində iştirak edərək deyilənləri bir daha təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, ölən şəxs - X4 qardaşı oğludur. Əmisi Hökməli 30 dekabr 2020-ci il tarixdə vəfat edib. Onun yas mərasimlərində iştirak edib. Əmisi yaxın qohum və qonşuların iştirakı ilə İmişli rayonu, Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, ölən şəxs - X4 qonşusudur. Qonşusu Hökməli 30 dekabr 2020-ci il tarixdə vəfat edib. Onun yas mərasimlərində iştirak edib. Qonşusu Hökməli yaxın qohum və qonşuların iştirakı ilə İmişli rayonu, Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs İmişli Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, ərizəçi X3 atalığın müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 24 iyun 2024-cü il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X4 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 14490072 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 11 dekabr 1962-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Qaralar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 307 saylı arayışından görünür ki, X8 30 dekabr 2020-ci il tarixdə vətat etmiş və İmişli rayonu, Qaralar kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1920 – xx.xx.1962-ci il təvəllüdlü X4 adı, soyadı və ata adı qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X4 30 dekabr 2020-ci ildə İmişli rayonu, Qaralar kəndində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin qonşu və qohumluq kimi yaxın əlaqələrinin olmasını və buna görə də X8 ilə bağlı baş vermiş hadisə(lər)in onlar tərəfindən xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə təsdiqləndiyini nəzərə alaraq, X9 və X2 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 11 dekabr 1962-ci il təvəllüdlü X1 30 dekabr 2020-ci tarixdə İmişli rayonu, Qaralar kəndində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 11 dekabr 1962-ci ildə İmişli rayonu, Qaralar kəndində doğulmuş X4 30 dekabr 2020-ci tarixində İmişli rayonu, Qaralar kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. 11 dekabr 1962-ci ildə İmişli rayonu, Qaralar kəndində doğulmuş X4 30 dekabr 2020ci tarixində İmişli rayonu, Qaralar kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar