Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1592/2024 10.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi; Təsviri hissə: Ərizəçi İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 1955-ci il tarixdə anadan olmuş həyat yoldaşı X2 16 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, həyat yoldaşı xx.xx.1955-ci il təvəllüdlü X4 uzun müddət davam edən xəstəlikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və yaxın qohumların iştirakı ilə İmişli rayonu Rəsullu kənd qəbristanlığında dəfn olunmuşdur. Onun ölümünün vətəndaşlıq vəziyyəti qeydiyyatı orqanında qeyd etdirməmişdir. Hazırda ailə üzvləri ilə bağlı məsələlərin həlli üçün mərhum həyat yoldaşının ölüm sənədi lazımdır. O, İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir ki, onun ölümü haqqında şəhadətnamə verilsin. Lakin rayon Qeydiyyat şöbəsində bildirdilər ki, mərhumun ölməsi faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz. Həmin faktın müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, ölən şəxs - X2 qızıdır. Atası Nurəddin xx.xx.2024-cü il tarixdə vəfat edib. Onun yas mərasimlərində iştirak edib. Atası yaxın qohum və qonşuların iştirakı ilə İmişli rayonu, Rəsullu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, ölən şəxs - X2 qızıdır. Atası Nurəddin xx.xx.2024-cü il tarixdə vəfat edib. Onun yas mərasimlərində iştirak edib. Atası Nurəddin yaxın qohum və qonşuların iştirakı ilə İmişli rayonu, Rəsullu kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs İmişli Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 24 iyun 2024-cü il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X2 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 04268209 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 28 fevral 1955-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyası ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:34 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3, mədən korpus 124 ünvanına çıxış olmuş və 28 fevral 1955-ci il təvəllüdlü X2 həkimə qədər ölmüş meyiti aşkar edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1955 – xx.xx.1924-cü il təvəllüdlü X2 adı, soyadı və ata adı qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 16 iyun 2024-cü ildə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin qonşu və qohumluq kimi yaxın əlaqələrinin olmasını və buna görə də X4 ilə bağlı baş vermiş hadisə(lər)in onlar tərəfindən xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə təsdiqləndiyini nəzərə alaraq, X5 və X1 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi oğlunun 28 fevral 1955-ci il təvəllüdlü həyat yoldaşı X2 16 iyun 2024-cü tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 28 fevral 1955-ci ildə İmişli şəhərində doğulmuş X2 16 iyun 2024-cü tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. 28 fevral 1955-ci ildə İmişli şəhərində doğulmuş X2 16 iyun 2024-cü tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud