Məhkəmə qərarları › İş №2(036)-1985/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1985/2025

04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1985/2025 04.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “ərizəçinin oğlu xx.xx.2004-cü il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə mülki iş materialları ilə birlikdə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxsə qarşı “ərizəçinin oğlu xx.xx.2004-cü il təvəllüdlü X1 xx.xx.2018ci il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X2 xx.xx.2018-ci il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində özünü asaraq intihar etmiş, faktla bağlı cinayət işi başlamışdır. X1 özünü asaraq öldürməsi cinayət hadisəsi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə İmişli rayon prokurorluğunda xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Ərizəçi X1 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli rəyi ilə X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəni mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.3 və 307.2.8-ci maddələrinə müvafiq olaraq məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmçinin həmin qərarda qeyd olunur ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, ölümün qeydə alınması faktını məhkəmə o zaman müəyyən edə bilər ki şəxsin ölümü əvvəllər qeydə alınmış, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X1 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən ölümün qeydə alınmasından imtina edilmişdir. Həmçinin müvafiq qeydin əvvəllər mövcud olduğunu, eyni zamanda həmin qeydin ərizəçidə və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmadığını təsdiq edən heç bir sənəd ərizəçi tərəfindən iş materialına əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə ərizəni iş materialları ilə birlikdə tədqiq edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X1 ölüm qeydi əvvəllər mövcud olmadığından və X1 xx.xx.2018-ci il tarixdə İmişli rayonu, Hacalmuradlı kəndində vəfat etməsi faktı İmişli rayon prokurorluğunun xx.xx.2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında öz əksini tapdığından və hüquqi qüvvəsini itirmədiyindən, Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Mülki Prosessual Məcəllənin 152.3 və 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İnzibati icraat haqqında qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İş materialında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi izah edilməlidir ki, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyindən Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3, 152.1.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar