Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1986/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş (açar sözlər: şəxsin vəfat etməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı ərizəçinin anası xx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin anası X1 xx.xx.2025-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası xx.xx.1946-cı il təvəllüdlü X3 xx.xx.2025-ci ildə İmişli şəhərində vəfat etmiş və İmişli rayonunun Şəmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum anasının ölüm sənədi tələb olunur. Ərizəçi X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilmədiyindən bundan imtina edilmişdir. Ona İmişli Rayon Məhkəməsinə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün deyildir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı madəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
9. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları: 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. AZE05532180 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1946-cı il tarixdə doğulmuşdur.
11. İmişli rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi isə qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mərhum, X1 ölümünün qeydə alınmasından imtina edilmişdir.
12. İş materialında olan xx.xx.2025-ci il tarixli Təcili və X2 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə İmişli şəhəri, C.Quluyev küç, ev 19 ünvanında ölmüşdür.
13. İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası- X3 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və İmişli rayonu Şəmmədli kənd qəbiristanlığında dəfn edilmişdir.
14. İşin müəyyən edilən hallarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə İmişli şəhərində vəfat etmiş və o, İmişli rayonu Şəmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir.
15. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X1 xx.xx.2025-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
VI. Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1946-cı il tarixdə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1946-cı il tarixdə doğulmuş X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.