Məhkəmə qərarları › İş №2(036)-2059/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2059/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2059/2023 10.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib dəymiş zərərə görə 1188.58 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat tutulub cəmiyyətin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 12:31 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində, ekskovatorla qazıntı işləri apararkən "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus FO-12 kabeli qırmışdır. Bunun nəticəsində Cəmiyyətə 1188,58 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də, Cavabdeh dəymiş zərərə görə 1188.58 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulub cəmiyyətin hesabına keçirilməsi barədə iddia qaldırılmışdır. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X1 izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan İddiaçı MMC tərəfindən təsdiq olunmuş 02 iyul 2022-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:31 radələrində İmişli rayonu Şahverdili kəndi ərazisində istismarda olan F0-12 kabeli İmişli rayon Şahverdili kənd sakini Cavabdeh tərəfindən ekskovatorla qazıntı işləri apararkən sıradan çıxmışdır. Nəticədə İmişli- Beyləqan istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. İşdə olan İddiaçı MMC tərəfindən tərtib edilmiş İmişli rayonu Şahverdili kəndi ərazisində F0-12 kabelinin sıradan çıxması ilə dəymiş zərər 874.86 manat, boşdayanmaya görə dəymiş zərər 313.72 manat, cəmi 1188.58 manat olmuşdur. «Telekommunikasiya haqqında» AR Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülkü hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1188.58 manat tutulub İddiaçı MMC-nin hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 1188.58 (bir min yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat və 32 (otuz iki) manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar