Məhkəmə qərarları › İş №2(036)-2139/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2139/2021

12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2139/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5500 manat dəyərində “Mercedess-Benz 190” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, olmadıqda isə onun dəyərinin və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə İmişli regional “ASAN” xidmət mərkəzində Notariat Ofisində Cavabdeh 1 il müddətinə etibarnamə verərək mülkiyyətində olan “Mercedess-Benz 190” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini və onun qeydiyyat vəsiqəsini cavabdehə vermişdir. Aralarında olan razılaşmaya görə Cavabdeh 2021-ci ilin iyul ayınadək avtomobilin dəyəri olan 5500 manatı ona verməli idi. Lakin cavabdeh razılaşdıqları müddətdə nə onun avtomobilini nə də avtomobilin dəyərini ona qaytarmamışdır. Bu səbəbdən o, cavabdehə verdiyi etibarnaməni 22 iyul 2021-ci il tarixdə ləğv etmişdir. Hazırda isə cavabdeh onun əmlaklarını könüllü şəkildə qaytarmır. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçının keçmiş həyat yoldaşının əmisi oğludur. Avtomobil iddiaçının mülkiyyətində olsa da, onların arasında yaranmış ailə münaqişələri zamanı formal olaraq ona etibarnamə verilmişdir. O, iddiaçıdan avtomobil almamışdır və hazırda avtomobil də onda deyil. Avtomobil hazırda iddiaçının keçmiş həyat yoldaşındadır. Onun hazırkı mülki işə heç bir aidiyyəti yoxdur, o iddiaya cavab verməli olmayan şəxsdir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, “Mercedess-Benz 190” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında tədqiq olunmuş yazılı və maddi sübutlar, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan “Mercedess-Benz 190” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi bağlamadan (qeyri-rəsmi) etibarnamə ilə Cavabdeh satmağı, cavabdeh isə 2021-ci ilin iyul ayınadək həmin avtomobilin dəyəri olaraq 5500 manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürmüş, lakin həmin müddətdə avtomobilin dəyərini ödəmədiyindən iddiaçı ona vermiş olduğu etibarnaməni ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun qeyd olunan normasından göründüyü kimi sübut etmə yükü yalnız iddia edənin deyil iddiaya qarşı etiraz edənin də üzərinə düşür. Lakin məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə şifahi etirazını bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı isan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara və tərəflərin izahatlarına, o cümlədən özünün daxili inamına əsaslanaraq hesab edir ki, iddia ərizəsində göstərilən əmlak hazırda cavabdehin sahibliyindədir və həmin əmlak və ya onun dəyəri iddiaçıya qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbində göstərilən avtomobilin dəyərinin cavabdeh tərəfindən mübahisələndilmədiyini və əmlakın dəyərinin şişirdilmiş formada göstərilmədiyini nəzərə alaraq hesab edir ki, qeyd olunan əmlakın dəyəri iddia tələbində göstərilən məbləğdə, yəni 5500 manat məbləğində qəbul edilməklə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 5500 manat dəyərində “Mercedess-Benz 190” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, olmadıqda isə onun dəyəri alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5500 manat dəyərində “Mercedess-Benz 190” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, olmadıqda isə onun dəyəri alınıb İddiaçı verilsin. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar