Məhkəmə qərarları › İş №2(036)-2142/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2142/2021

02.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2142/2021 02.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 35 ünvanda yaşayır. Cavabdeh onun həm tanışı, həm də uzaq qohumudur. Təxminən 2014-cü il tarixdə ona müəyyən məbləğ pul lazım olduğu üçün o, bir neçə banka, sələmçilərə, özünün və tanışlarının qızıl-zinət əşyalarını girov qoyub, borc pul vəsaiti götürmüşdür. Əvvəl borclarını hissə-hisə ödəməsinə baxmayaraq, son aylarda borclarını ödəməyə maddi cəhətdən imkanı olmamışdır. O, bu barədə Cavabdeh məlumat vermişdir. Cavabdeh ona borclarının ödəməyi və girova qoyulmuş qızıl-zinət əşyalarını bankdan götürməyi öz üzərinə öhdəlik götürməklə, bunun qarşılığında evini öz adına keçirməsini bildirmişdir. O da, məcburiyət qarşısında qalıb Cavabdeh yaşadığı evə dair 25 (iyirmi beş) il müddətinə etibarnamə vermişdir. Cavabdeh sələmçilərdən onun qızıl-zinət əşayalarını götürmüşdür. Daha sonra isə o, Cavabdeh olan borcunu ödəmişdir. Özü işləmək üçün Türkiyə Respublikasına getmiş, bir müddət orada yaşamış və pandemiyaya görə Azərbaycan Respublikasına gec qayıtmışdır. Hazırda Cavabdeh qızıl-zinət əşyalarını-3000 (üç min) AZN məbləği dəyətində 1 (bir) dəst komplekti (boyunbağı, 1 cüt sırğa, üzük, bilərzik), 5000 (beş min) AZN məbləği dəyərində 1 (bir) dəst kompekti, (italyan qızılı boyunbağı, sırğa, üzük, bilərzik), 2500 (iki min beş yüz) AZN məbləği dəyərində komplekti (safir brilyant, sırğa, üzük), 5000 (beş min) AZN məbləği dəyərində sələmçidən götürdüyü 50 qram qarışıq qızılı, 4000 (dörd min) AZN məbləği dəyərində başqa sələmçidən götürdüyü 40 qram qızılı, 5000 (beş min) AZN məbləği dəyərində 1 (bir) dəst komplekti (brilyant bilərzik, sırğa, 2 üzük), 16000 (on altı min) AZN məbləği dəyərində qızının 100 qram qızılını, 3000 (üç min) AZN məbləği dəyərində 30 qram bilərziyi, sırğanı, 2 üzüyü ona geri qaytarmaqdan boyun qaçırır. O, Cavabdeh həmin qızıl-zinət əşyalarının geri qaytarılması üçün dəfələrlə müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh həmin qızıl-zinət əşayalarının alınaraq, özünə geri qaytarılması və ya onların ümumi dəyəri olan 43500 (qırx üç min beş yüz) AZN məbləğində pulun, məhkəmə xərcinin tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 oktyabr 2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 9 ünvanda yaşayır. İddiaçı onun həm tanışı, həm də uzaq qohumudur. Təxminən 2014-cü il tarixdə İddiaçı ona müəyyən məbləğ borc pul lazım olduğu üçün bir neçə banka, sələmçilərə, özünün və tanışlarının qızıl-zinət əşyalarını girov qoyub, pul vəsaiti götürməsini, əvvəl borclarını hissə-hisə ödəməsinə baxmayaraq, son aylarda borclarını ödəməyə maddi cəhətdən imkanı olmadığını bildirmişdir. Qarşılıqlı razılığa əsasən İddiaçı 25 (iyirmi beş) il müddətinə etibarnamə əsasında yaşadığı evi ona vermiş, o da bunun qarşılığıda Esmira xanımın borclarını ödəmişdir. Bir müddət iddiaçı Əliyeva X5 Respublikasında yaşamışdır. Həmin dövrdə Esmira xanım ona sələmçilərin və bankların onu tez-tez narahat etdiyini, onlara olan borclarını ödəməsini və qızıl-zinət əşyalarını lombarddan alıb, sahiblərinə geri qaytarmasını xahiş etmişdir. Hətta o, bankdan kredit alıb, Esmira xanımın borclarını ödəyərək, lombarddan qızıl-zinət əşyalarını geri alıb, sahiblərinə qaytarmışdır. Lakin hal-hazırda o, bu münasibətlər bir neçə əvvəl baş verdiyi üçün hansı əyarda, nə qədər çəkidə və dəyərində olan qızıl-zinət əşyalarını lombarddan alıb, sahiblərinə geri qaytarmasını xatırlamır. Eyni zamanda bildirir ki, İddiaçı ayrı-ayrı şəxslərdən və banklardan özünün və tanışlarının qızıl-zinət əşyalarını girov qoyub borc pul almışdır ki, heç özü bu məsələlərə aydınlıq gətirə bilmir. Hal-hazırda onda nə İddiaçı, nə də digər şəxslərin qızıl-zinət əşyaları vardır. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Belə ki, İddiaçı sahiblərindən aldığı qızıl-zinət əşyalarını onlara geri qaytara bilmədiyi üçün həmin şəxsləri aldatmaq niyəti ilə ona qarşı məhz bu məzmunda iddia tələbi irəli sürmüşdür. Maraqlıdır, niyə 7 (yeddi) il müddət keçdikdən sonra Esmira xanıma ona qarşı “əmlak” tələbinə dair iddia irəli sürmüşdür..? Belə ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “əmlak” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh onun qonşularıdır. Təxminən 2014-cü il tarixdə Esmira xanım ona demişdir ki, anası infakt keçirib, ona müəyyən məbləğ pul lazımdır. Esmira xanım onun 28 qram qızılını banka girov qoyub, bankdan müəyyən məbləğ kredit götürmüşdür. Qarşılıqlı razılığa əsasən Esmira xanım banka olan kredit borcunu özü ödəməli idi. Həmin vaxt Esmira xanım onlara deyirdi ki, onun evi etibarnamə əsasında Astandadır, o, banka olan borcu ödəyəcək və girov qoyulmuş qızıl-zinət əşyalarını sahiblərinə qaytaracaqdır. Daha sonra bilmişdir ki, İddiaçı bir neçə banka və sələmçilərə borcu vardır. Eyni zamanda bildirir ki, o, banka girov qoyulmuş qızıl-zinət əşyalarını şəxsən İddiaçı vermiş, Cavabdeh isə heç bir qızıl-zinət əşyası verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Txəminən 2014-cü il tarixdə Esmira xanım ona demişdir ki, ona müəyyən məbləğ pul lazımdır. O, Esmira xanım üçün qohumunun adına bankdan müəyyən məbləğ kredit götürmüşdür. Qarşılıqlı razılığa əsasən Esmira xanım banka olan kredit borcunu özü ödəməli idi. Bir müddət Esmira xanım Türkiyə Respublikasında yaşamışdır. Həmin vaxt Esmira xanım onlara deyirdi ki, onun evi etibarnamə əsasında Astandadır, o, banka olan borcu ödəyəcək və girov qoyulmuş qızıl-zinət əşyalarını sahiblərinə qaytaracaqdır. Lakin Esmira xanım banka olan kredit borcunu ödəmədiyi üçün o, məcbur qalıb, kredit borcunu ödəmişdir. Daha sonra bilmişdir ki, İddiaçı bir neçə banka və sələmçilərə borcu vardır. Eyni zamanda bildirir ki, Esmira xanımın özünün, yoxsa qohumlarının qızıl-zinət əşyalarını banka girov qoyub-qoymamasından onun heç bir xəbəri olmamışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddia edilən qızıl-zinət əşyalarının mövcudluğu, əyarı və ümumi dəyərinin məhz 43500 (qırx üç min beş yüz) AZN məbləği təşkil etməsi; 2. İddia edilən qızıl-zinət əşyalarının əşyalarının məhz hansı şəraitdə Cavabdeh qalması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “sahiblik hüququ və sahibliyin müdafiəsi” və eyni zamanda, iddiaçı X4 münasibətdə “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və Dövlətov tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər... Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır... Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər... Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia edilən həmin “qızıl-zinət əşyalarının” mövcudluğu, əyarı, çəkisi və dəyərinin məhz iddia ərizəsində qeyd edilən məbləğ həddində təşkil etməsi, eləcə də, məhz hansı şəraitdə Cavabdeh qalması məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, məhz qızıl-zinət əşyalarının mövcudluğu, əyarı, çəkisi və dəyəri, eləcə də hansı şəraitdə Cavabdeh qalması ilə bağlı halları əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən ciddi qəbul edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbini maddi hüquq normaları ilə, eləcə də, iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar