Məhkəmə qərarları › İş №2(036)-2381/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2381/2025

30.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2381/2025 30.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Mülki işin mahiyyəti İşdə olan AZ-İİ seriyalı, 308996 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X1 xx.xx.2019-cu ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 171 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2016-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 485101 nömrəli şəhadətnamədən görünür ki, X3 atası Maraqlı şəxs hesab edilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin 1.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli MŞS/MT-023/2025-00815 nömrəli barışıq sazişinin 1.1-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən ikinci tərəf – Maraqlı şəxs, övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 225 manat olmaqla iki uşaq üçün cəmi 450 manat məbləğində alimenti iyul ayının 5-dən etibarən hər ayın 5-i birinci tərəf – Ərizəçi kart hesabına ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Sazişin 1.2-ci bəndinə əsasən, yuxarıda qeyd edilən 1.1-ci bənddəki şərt pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 15 aprel 2019-cu ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikah pozulmamışdır. Maraqlı şəxs maddi olaraq ona və övladlarına baxmadığı üçün, övladlarının tələbatlarını ödəmək onları saxlamaq çətin olduğu üçün aliment tələbi barədə mediasiya təşkilatına müaciət etmişdir. Sabirabad 1 saylı mediasiya təşkilatının mediatoru X4 qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə barışıq sazişi bağlamışdırlar. Belə ki, Maraqlı şəxs övladları xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 225 (iki yüz iyirmi beş) manat olmaqla iki uşaq üçün 450 (dörd yüz əlli) manat pul məbləğində alimenti onun kart hesabına iyul ayının 5-dən etibarən hər ayın 5-i ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, Maraqlı şəxs sazişdə qeyd edilən 1.1-ci bənddəki şərti pozaraq aliment məbləğini onun hesabına ödəmir. Barışıq sazişi 10 gün müddətinə icra edilməli idi. Həmin müddət keçməsinə baxmayaraq hazırda 2-ci tərəf barışıq sazişini icra etməkdən imtina edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (...) 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunazidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin 1.1-ci bəndi məhkəmə qaydasında təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1.1-ci bəndi aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəflərin razılığına əsasən ikinci tərəf – Maraqlı şəxs, övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 225 manat olmaqla iki uşaq üçün cəmi 450 manat məbləğində alimenti iyul ayının 5-dən etibarən hər ayın 5-i birinci tərəf – Ərizəçi kart hesabına ödəyəcəyi öhdəliyini öz üzərinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10- 1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar