Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-256/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün dəyəri cəmi 1225 manat, araşdırma zərurəti ilə əlaqədar yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən 7 dəfə İmişli rayon polis şöbəsinə, İmişli rayon Məhkəməsinə gəlibgetməsi ilə bağlı yol xərci olaraq işə və hər dəfə avtomobili ilə gəlib-getməsinə görə 630 manat, yemək xərci olaraq 300 manat, mağazasının bir aylıq icarə pulu olaraq 700 manat olmaqla cəmi 2855 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçının yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün dəyəri cəmi 1225 manat, araşdırma zərurəti ilə əlaqədar yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən 7 dəfə İmişli rayon polis şöbəsinə, İmişli rayon Məhkəməsinə gəlibgetməsi ilə bağlı yol xərci olaraq işə və hər dəfə avtomobili ilə gəlib-getməsinə görə 630 manat, yemək xərci olaraq 300 manat, mağazasının bir aylıq icarə pulu olaraq 700 manat olmaqla cəmi 2855 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən "Ramaşka” Market iddiaçıya məxsusdur. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçının mağazasına gələrək qəsdən mağazanın qıfılını loqonda ilə kəsərək mağazanın dəmir barmaqlıqlarını, 2,20 metr hündürlüyündə olan hörgünü uçurmuş, 5 ədəd qıfılları, 1 ədəd zirehli qıfılı kəsərək məhv etmiş, 1 ədəd plastic qapını, 1 ədəd plastic qapının şüşəsini sındıraraq ümumilikdə iddiaçıya 1225 manat ziyan vurmuşdur. Bununla bağlı iddiaçının atası X3 həmin gün İmişli rayon polis şöbəsinə şikayət etmişdir və polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılmışdır. Bundan sonra isə İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(036)-599/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada 1225 manat məbləğində cərimə olunmuşdur. İddiaçı həmin vaxt araşdırma zərurəti ilə əlaqədar yaşadığı Abşeron rayonu Xırdalan şəhərindən 5 dəfə İmişli rayon polis şöbəsinə, 2 dəfə isə İmişli rayon Məhkəməsinə gəlib-getmiş və hər dəfə avtomobillə gəlib-getməsinə görə 90 manat yaracaq işlətmişdir. Bundan başqa 300 manat yeməyə xərci çıxmışdır. Bundan başqa, iddiaçı həmin mağazanı rəsmi olaraq müqavilə ilə aylıq 700 manata anası Şükürova ülviyyə Rafiq qızı tərəfindən icarəyə verilmişdir. Mağaza binası zədələndiyinə görə bir ay ərzində icarəyə verə bilməmiş və buna görə də 700 manat ziyana düşmüşdür. Bunu mağazanı icarəyə götürmüş şəxs X2 da təsdiq edə bilər. Baş verənlər cavabdehin yuxarıda göstərdiyi kimi qanunsuz hərəkətləri nəticəsində yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(036)-599/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və o, vurulmuş ziyanın bir misli, yəni 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində cərimə edilmişdir.
10. Eyni zamanda həmin qərarın məzmunundan müəyyən olunur ki, kamera görüntüləri, mütəxəssis rəyi, fotogörüntülər Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Ramaşka" adlanan marketinə yerləşdiyi obyektə 1225 manat məbləğində ziyan vurmasını təsdiq edir.
11. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Ramaşka" adlanan marketə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə uyğun olaraq cərimə edilmişdir ki, bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
12. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı, ona dəymiş zərəri cavabdehdən tələb edə bilər.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mağazaya 1225 manat məbləğində dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan mağazanın əvvəlki mülkiyyətçisi olmuş iddiaçının anası tərəfindən həmin obyekt aylıq 700 manat məbləğə X1 icarəyə verilmişdir. Məhkəmə hesab edir ki, mağaza yararsız vəziyyətə düşməsinə görə iddiaçı icarə haqqı məbləğindən məhrum olmuşdur ki, bu halda iddiaçı əldən çıxmış faydaya görə 700 manat bir aylıq icarə haqqını cavabdehdən tələb etməkdə haqlıdır.
15. İddia tələbinin yol xərci və yemək xərci hissələrinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən tələbləri təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia göstərilən hissələrdə təmin oluna biməz.
16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün 1225 manat və mağazanın bir aylıq icarə haqqı olaraq 700 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
17. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 49 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli 16 manat məbləğ çıxılmaqla, qalan 33 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı yararsız vəziyyətə düşmüş mağazasının təmiri üçün 1225 manat və mağazanın bir aylıq icarə haqqı olaraq 700 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 49 manat dövlət rüsumunun 33 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 16 manat məbləği İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev