Məhkəmə qərarları › İş №2(036)-2598/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2598/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2598/2023 16.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin geri qaytarılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh minik avtomobili düzgün təmir etmədiyi və əlavə olaraq problemlər yaratdığı üçün 455 manat zəhmət haqqı olaraq ödənilən məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin may ayında ona məxsus “Vaz 21074 markalı” ** BD *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini təmir etdirmək məqsədi ilə İmişli rayonu, Aranlı kəndində öz həyətində avtomobil təmirilə məşğul olan Cavabdeh yanına aparmışdır. Həmin vaxtı o, İlqarla minik avtomobilin təmiri ( dəmir işi) və ilkin boya (qrunt) işini, bütün ləvazimatları onun tərəfindən alınmaq şərtilə 400 manat zəhmət haqqı olmaqla razılaşmışlar. Daha sonra cavabdeh ondan əlavə 55 manat almışdır. Aralarındakı şifahi razılaşmaya əsasən o, öz üzərinə düşən vəzifələri yerinə yetirmiş, lakin, cavabdeh üzərinə düşən öhdəliyə əməl etməmişdir. Belə ki, Cavabdeh razılaşmaya əsasən avtomobilin çürüklərini aradan qaldırmalı və ilkin boya işlərini görməli idi. Avtomobili təmir yerindən götürüb evə gətirdikdən sonra avtomobilinə diqqətlə baxdıqda bir neçə yerində dəmir ləvazimatının əyri olduğunu görmüşdür. Eyni zamanda, avtomobilin ehtiyyat təkər yeri zavod göstəricilərinin əksi olaraq dar düzəldilmiş və bunun nəticəsində ehtiyyat təkər həmin yerə güc tədbiq etməklə yerləşir. Bundan başqa avtomobilin ön panel və qabaq sol qanadı düzgün yerləşdirilmədiyindən, ön sol işıqlandırıcı fara öz yerinə yerləşmir. Cavabdeh həmin vəzifəni yerinə yetirməmiş, avtomobildə olan bəzi çürükləri aradan qaldırmadan, maşın alçısından (şpaklyovka) istifadə edərək astarlamış, gördüyü işi ört-basdır edərək, ilkin boya işlərinə başlamışdı.

3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, istehsal taxiri 2002-ci il olan “Vaz 21074 markalı” ** BD *** dövlət qeydiyyat nömrəli nişanlı minik avtomobili İddiaçı şəxsi mülkiyyətindədir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

7. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

10. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı 2023-cü ilin may ayında özünə məxsus “Vaz 21074 markalı” ** BD *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili təmir etdirmək məqsədi ilə İmişli rayonu, Aranlı kəndində öz həyətində avtomobil təmiri ilə məşğul olan Cavabdeh vermişdir. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirib avtomobili təmir etmiş, iddiaçı isə avtomobili təmir olunmuş vəziyyətdə qəbul etmiş və avtomobili idarə edərək öz evinə getmişdir. İddiaçı avtomobili təmirdən qəbul edən zaman heç bir irad və etirazını bildirməmişdir.

19. İddiaçı məhkəmə iclasında iddia tələbinin əsaslarını təsdiq edən, iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktları özündə əks etdirən heç bir sübut təqdim etməmişdir.

20. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.

21. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

23. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

24. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

25. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi öz təsdiqini tapmayıb, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı dəymiş zərərin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar