Məhkəmə qərarları › İş №2(036)-2669/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2669/2025

14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2669/2025 14.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, Ərizəçi İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin maraqlı şəxs kimi göstərildiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsini maraqlı şəxs kimi qeyd etməklə atası xx.xx.1948-ci il təvəllüdlü X1 28 may 2025-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi, İmişli rayon İHB-nin Qulubəyli kənd İƏD üzrə Nümayəndəsinin arayışı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında İmişli rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas Orxan Abbasbəylinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ərizəçi atası X2 intihar etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

9. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1.“Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı ərizəyə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında İmişli rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas Orxan Abbasbəylinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 yaşadığı evin həyətində lezva ilə özünün sol bazu nahiyəsini kəsərək intihar etməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilməmişdir. Göründüyü kimi, artıq şəxsin intihar etməsi nəticəsində ölməsi müvafiq qərarla təsdiq edilmişdir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, xx.xx.1948-ci il təvəllüdlü X1 intihar səbəbindən 28 may 2025-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində ölməsi faktı inzibati orqanlar tərəfindən müəyyən edilmişdir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Məhkəmə qeyd olunan normaların məzmunu baxımından ərizəçinin hazırda inzibati orqanlara qarşı inzibati məhkəmə icraatında iddia qaldırmalı olduğu qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, tibb müəssisəsi ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin, qeydiyyat orqanı isə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.3-cü bəndində qeyd edilmişdir ki, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə müəyyən olunur ki, ölümün ilkin səbəbi-həkiməqədər ölüm, sol dirsək nahiyyəsinin kəsilmiş yaraları olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 151.1. İddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyaları tərəfindən həyata keçirilir. 2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalı və ona tibb müəssisəsinin və qeydiyyat orqanının hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, onun tibb müəssisəsinin və qeydiyyat orqanının hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar