Məhkəmə qərarları › İş №2(036)-2833/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2833/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2833/2025 01.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətinə vurulmuş 9420 manat və sağlamlığına vurulmuş 750 manat olmaqla, ümumilikdə 10170 məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçının idarə etdiyi "Mercedes Benz" markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9420 manat, sağlamlığına vurulmuş 750 manat zərərin və 120,51 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10290,51 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində İmişli şəhərində iddiaçının idarə etdiyi "Mercedes Benz" markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi "Toyota Prius" markalı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri nəticəsində iddiaçının idarə etdiyi avtomobilə 9420 manat maddi zərər vurulmuş, iddiaçı isə hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X4 tərəfindən müvafiq araşdırma aparılaraq 23 mart 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma materialına əlavə olunmuş xx.xx.2024-cü il tarixli zərər aktında iddiaçının idarə etdiyi avtomobilə 9420 manat zərər vurulması göstərilmişdir. Qərara əsasən MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 660 saylı ekspert rəyində də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının yüngül dərəcəli bədən xəsarətləri alması təsdiq olunur. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 mart 2025-ci il tarixli qərarda “Toyota Prius” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olması və onun maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, “Mercedes Benz” markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur. Təhqiqat orqanının qərarı əsasında İmişli RPŞ tərəfindən Cavabdeh barəsində ******* nömrəli protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin təqsirindən iddiaçının avtomobilinə 9420 manat zərər vurulmuş və həmçinin yüngül dərəcəli bədən xəsarəti almaqla iddiaçının səhhətinə ziyan dəymişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya heç bir maddi yardım göstərilməmişdir. Halbuki cavabdeh idarə etdiyi avtomobili qanunvericiliyin tələbinə uyğun olaraq icbari qaydada sığortalasaydı, iddiaçının avtomobilinə vurulmuş zərər aradan qaldırılar və iddiaçının yüngül dərəcəli bədən xəsarəti alması ilə bağlı iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada 750 manat sığorta ödənişi ala bilərdi. Baş verənlər cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində yalnız onun deyil, iddiaçının da təqsiri olmuşdur. İddiaçı nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmişdir. Həmçinin cavabdehin avtomobilinə, cavabdehin və onun avtomobilində olan sərnişinin sağlamlığına zərər vurulmuşdur. Lakin iddiaçı tərəfindən ona heç bir yardım edilməmişdir. Hazırda onun avtomobili yararsız vəziyyətdədir. Eyni zamanda iddiaçının tələb etdiyi məbləğ yüksəkdir. Belə ki, iddiaçının avtomobilinin dəyəri yeddi və ya səkkiz min manat olmuşdur. Sonda cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 14.1.1-ci maddəsinə əsasən şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir; 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan yüngül xəsarətin əvəzi sığorta məbləğinin 15 faizi nisbətində ödənilir; 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər; 24.1.2-ci maddəsinə əsasən sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək zərərçəkənin hüququdur; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 50.2 -ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 54-cü maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. 56.1.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir;

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 16 radələrində Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq idarə etdiyi “Toyota Prius” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə 50 km/saat sürətlə İmişli şəhəri Q.İsmayılzadə küçəsi ilə İmişli şəhəri K.Qasımov küçəsinin kəsişməsinə, nizamlanmayan yolayrıcına daxil olduğu vaxt İmişli şəhəri K.Qasımov küçəsi ilə İmişli şəhəri H.Əliyev prospekti istiqamətində 30 km/saat sürətlə hərəkət edən 1999-cu il təvəllüdlü İddiaçı idarə etdiyi “Mersedes Benz” markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Toyota Prius” markalı avtomobildə sərnişin qismində olan X1 uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli, “Mersedes Benz” markalı avtomobilin sürücüsü İddiaçı sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Cavabdeh sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli 01733 nömrəli qəbzdə qanda alkoqolun konsentrasiyasının 0,02 promilli göstərilməsi sürücü Cavabdeh avtomobili sərxoşluq vəziyyətində idarə etməsi kimi qiymətləndirməsinə əsas yaratmır. Belə ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarının 2.4-cü bəndində xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edildiyi göstərilir. Ona görə də, Cavabdeh hadisə baş verdiyi vaxt sərxoşluq vəziyyətində olmayan kimi qiymətləndirilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

10. İnzibati xəta haqqında İXP ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Cavabdeh “Toyota Prius” minik markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

11. ƏN-İX 568736 saylı etibarnamədən görünür ki, “Mersedes Benz C230” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsi xx.xx.2025-ci il tarixədək İddiaçı həvalə edilmişdir.

12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2024-ci il tarixdə saat 16 radələrində Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun tələblərini pozaraq idarə etdiyi “Toyota Prius” minik markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ilə İmişli şəhəri, K.Qasımov küçəsinin kəsişməsinə, nizamlanmayan yolayrıcına daxil olduğu vaxt İmişli şəhəri, K.Qasımov küçəsi ilə İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət edən İddiaçı idarə etdiyi “Mersedes Benz” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Toyota Prius” minik markalı avtomobildə sərnişin qismində olan X1 uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli, “Mersedes Benz” minik markalı avtomobilin sürücüsü İddiaçı sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Həmçinin hadisə baş verən zaman cavabdehin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” mövcud olmamışdır.

13. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını, habelə onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı araşdırmalı və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. Həmçinin, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Hazırkı iş üzrə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olub-olmadığını müəyyən etməkdən ibarətdir.

14. Qeyd olunmalıdır ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “Mersedes Benz” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə X3 adına qeydiyyata alınsa da, iddiaçının həmin əmlak üzərində sərəncam vermək hüququna dair notariat qaydada təsdiq edilmiş etibarnamə olmuşdur.

16. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəymiş “Mersedes Benz” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək hüququ olduğundan iddiaçı məhkəmə müdafiəsi hüququna malikdir.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Göründüyü kimi, “Toyota Prius” minik markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mersedes Benz” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, həmçinin iddiaçı yüngül dərəcəli bədən xəsarətləri almışdır. İş üzrə araşdırma aparılmış, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

19. Belə ki, mülki qanunvericiliyin müddəalarından aydın olur ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməl hüquqa zidd olmalı, əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

21. İddiaçının mülkiyyətinə dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktı ilə müəyyən edilmiş 9420 manat məbləğin ödənilməsini tələb edir, cavabdeh isə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə “Mersedes Benz C230” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği xx.xx.2025-ci il tarixə 10765 manat müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Məhkəmə, "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

25. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən müvafiq ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə inandırıcı və mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin iddiaçının mülkiyyətinə dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Mersedes Benz C230” minik markalı “**-ZZ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləğinin 10765 manat müəyyən edilməsinə baxmayaraq, dəymiş zərər ilə bağlı iddiaçının tələbinin 9420 manat məbləğində olması nəzərə alınmalı, iddia həmin hissəsində təmin edilməli, 9420 manat məbləğində dəymiş zərər Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

27. İddiaçının sağlamlığına vurulmuş ziyanın tələb edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddiaçı onun sağlamlığına vurulmuş ziyana münasibətdə 750 manat məbləği tələb etməsini cavabdehin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın mövcud olmaması ilə əsaslandırmışdır. Belə ki, cavabdehin müvafiq sığortası olacağı halda sığortaçı tərəfindən iddiaçının sağlamlığına vurulan yüngül xəsarətin əvəzi olaraq sığorta məbləğinin 15 faizi nisbətində, yəni 750 manat məbləğində ödənilməli idi.

29. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. İcbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti nəticəsində zərər çəkən şəxslər üçüncü şəxs sayılırlar. Sığortalının və ya sığorta olunanın əvəzinə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri yığmaq və onları sığortalı ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıya təqdim etmək zərərçəkənin hüququdur. Şəxsin yüngül xəsarət alması mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir.

30. Həmçinin sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan yüngül xəsarətin əvəzi sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər.

31. Qeyd edilməlidir ki, İddiaçı sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri alması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarda qeyd edilmiş və iddiaçının xəsarətinin dərəcəsi xx.xx.2024-cü il tarixli 660 saylı ekspert rəyinə əsaslanmışdır.

32. Qanunvericiliyin qeyd olunan müddəalarına əsasən cavabdehin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart müqaviləsi olsa idi, sığorta hadisəsi nəticəsində iddiaçı sağlamlığına yüngül xəsarət vurulduğundan, həmin zərərin əvəzi olaraq sığortaçıdan sığorta məbləğinin 15 faizi nisbətində, yəni 750 manat məbləğində (5000*15/100=750) tələb etmək hüququ mövcud olacaqdı. Lakin cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart müqavilə bağlamasına dair vəzifəsini yerinə yetirməmiş, nəticədə cavabdehin təqsirli hərəkətləri iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxarmışdır.

33. Məhkəmə hesab edir ki, iddia sağlamlığa vurulmuş zərərin əvəzi olaraq 750 manat məbləğin tələb edilməsi hissəsində də təmin edilməli, 750 manat məbləğində dəymiş zərər Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

18. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 120,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Mülki iş üzrə iddia ərizəsinin cavabdehə göndərilməsi, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 3 ədəd sifarişli poçt göndərişi, 2 ədəd sadə poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 7,2 manat təşkil edir.

20. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məlumat məktubundan görünür ki, müstəqil ekspert rəyi üzrə xidmət haqqı 400 manat təşkil edir.

21. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 120,51 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 400 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, cavabdehə iddia ərizəsinin surətinin verilməsi, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 7,2 manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh iddiaçının mülkiyyətinə vurulmuş 9420 manat və sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 750 manat, ümumilikdə 10170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 120,51 dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində ekspertiza xərcindən ibarət məhkəmə xərci Cavabdeh tutularaq "xxxx" MMCnin VÖEN: **********, "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, SWİFT kod: PAHAAZ22, AZ11PAHA35090AZNHC********** saylı hesabına köçürülsün. Cavabdeh 7,2 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar