Məhkəmə qərarları › İş №2(036)-3250/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3250/2025

08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3250/2025 08.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Qarazadə Ənvər Samiq oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh tərəfindən mənzilinə və mağazaya vurulmuş 4500 (dörd min beş yüz) manat məbləğində zərərin və ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Xubiyarlı kənd sakini Cavabdeh 2025-ci ilin mart ayında işlədiyi mağazaya daxil olaraq, vitrini sındırmış və vitrində olan mallara zərər vermişdir. Cavabdeh həmin dövrlərdə onun yaşadığı İmişli rayonu, Qaradonlu kəndində yerləşən mənzilini də daşlayaraq, dam örtüyünü sındırmışdır. Bunun nəticəsində, yağış suyu dam örtüyündən sızaraq mənzilə daxil olmuş və mənzilin əşyalarına və təmirinə ciddi ziyan dəymişdir. Cavabdehin evinə gecə saatlarında gəlib daşlaması və vurduğu ziyan nəticəsində əşyalarına və evin təmirinə ziyan dəyməsi ona həmçinin mənəvi zərər də vurmuşdur. Bundan əlavə, iki ay əvvəl, sentyabr ayında cavabdeh mənzilinin işıq sayğacını sındırmış və bununla da, yenidən mənzilinə zərər vurmuşdur. Tərəfindən cavabdehin hərəkətləri ilə bağlı İmişli Rayon Polis Şöbəsinə müraciət edilmiş, lakin əməldə cinayət tərkibinin olmaması səbəbilə rədd qərarı verilmişdir. O, İmişli RPŞ ilə əlaqə saxlayanda bildirilmişdir ki, məsələ mülki xarakterlidir və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdeh yuxarıda qeyd etdiyi hərəkətləri nəticəsində mağazaya 500 AZN məbləğində (vitrinə və məhsullara vurulmuş zərər) və mənzilinə isə dam örtüyünün daşlanması nəticəsində evə yağış suyunun sızması və təmirin, əşyaların və sayğacın zədələnməsi nəticəsində 4000 AZN məbləğində olmaqla, ümumilikdə 4 500 AZN (dörd min beş yüz manat) maddi zərər dəymişdir. Bundan əlavə, cavabdehin bu hərəkətləri nəticəsində dərin sarsıntı və stres keçirmiş və bununla bağlı ona mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, videodan göründüyü kimi mağazada cavabdehlə sözlü mübahisə etmişdir, lakin zərər vurmamışdır. İddiaçı onun uşağına nalayiq sözlər demişdir. Uşaq onun bu sözlərinə görə oradakı kukruzu dağıtmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 30 iyul 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanımış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti İddiaçı Qələrəman oğluna göndərilməklə, qərardan narazı qaldığı halda şikayət etmək hüququ olması ona izah edilmiş, İddiaçı dəymiş ziyanla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ olması ona izah edilmişdir. İş materiallarında olan filəşkartdakı video yazıdan və şəkillrədən görünür ki, iddiaçıya məxsus evin dam örtüyündə zədələr mövcuddur. İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus mağazada sözlü mübahisə olmuşdur. Əsaslandırıcı hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu, Xubyarlı kənd sakini Cavabdeh 2025-ci ilin mart ayında İddiaçı məxsus işlədiyi mağazaya daxil olaraq, vitrini sındırmış və vitrində olan mallara zərər vermişdir. Cavabdeh həmin dövrlərdə onun yaşadığı İmişli rayonu, Qaradonlu kəndində yerləşən mənzilini də daşlayaraq, dam örtüyünü sındırmışdır. Bunun nəticəsində, yağış suyu dam örtüyündən sızaraq mənzilə daxil olmuş və mənzilin əşyalarına və təmirinə ciddi ziyan dəymişdir. Cavabdehin evinə gecə saatlarında gəlib daşlaması və vurduğu ziyan nəticəsində əşyalarına və evin təmirinə ziyan dəyməsi ona həmçinin mənəvi zərər də vurmuşdur. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Həmçinin mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavbdehin ona məhz 4 500 AZN (dörd min beş yüz) manat həcmində maddi zərər vurmasını iddia etmiş, lakin bu halı sübut edə bilməmişdir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, iddiaçının dəymiş zərərin həcmi ilə bağlı izahatına hüquqi qiymət verərək hesab edir ki, bu izahat özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 30 iyul 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan və filəşkartdakı video yazıdan və şəkillərdən Cavabdeh 2025-ci ilin mart ayında İddiaçı məxsus işlədiyi mağazaya daxil olaraq, vitrini sındırması və vitrində olan mallara zərər vurması, cavabdehin həmin dövrlərdə onun yaşadığı İmişli rayonu, Qaradonlu kəndində yerləşən mənzili daşlaması, dam örtüyünü sındırması müəyyən edilmir. Filəşkartdakı video yazıdan və şəkillərdən iddiaçıya məxsus evin dam örtüyündə zədələrin mövcud olması görünsə də, həmin zədələrin məhz cavabdehin mənzili daşlaması nəticəsində yaranması sübuta yetirilmir. Belə ki, əməllə onun ictimai-təhlükəli nəticəsi arasında səbəbli əlaqə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçıya məhz 4500 manat həcmində maddi zərər vurulması öz təsdiqini tapmır və buna görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçı cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması da sübuta yetirilmir. Bundan başqa iddiaçı iddia tələbinin xahiş edirəm hissəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, onu qiymətləndirməmiş, yalnız dəymiş maddi ziyan olaraq 4500 manat məbləğində pul vəsaitini tələb etmişdir. Odur ki, iddia bu hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar