Məhkəmə qərarları › İş №2(036)-3419/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3419/2025

24.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3419/2025 24.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan bir ədəd 1400 (bir min dörd yüz) manat dəyərində olan iki kameralı soyuducunun, bir ədəd 250 (iki yüz əlli) manat dəyərində dörd göz mətbəx qaz peçinin, bir ədəd 380 (üç yüz səksən) manat dəyərində aspiratorun, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində tozsoranın naturada və yaxud dəyəri olan 2180 (iki min yüz səksən) manat pulun onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, oğlu X6 Şəmmədova ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bu nikahdan iki uşaqları vardır. Onlar hazırda İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 33-də yaşayırlar. Ona məxsus əmlaklar da evin müxtəlif hissələrində yerləşib. Ailənin gəlini Pərvanə ərinin sözünə baxmaması səbəbindən tez-tez mübahisələri baş vermişdir. Pərvanə artıq ağbirçəyi saymır, ona qarşı da hörmətsizlik edir, özbaşına hərəkətlər edir. Evində ona məxsus olan əşyaları da özbaşına, heç kimdən soruşmadan müxtəlif adamlara satmışdır. Soruşanda da bildirir ki, onlara borcu vardı, ona görə də borc əvəzinə vermişdir. Ona məxsus olan ev əşyalarını Pərvanənin özbaşına götürüb satmasına ixtiyarı olmamışdır. Belə ki, Cavabdeh ona məxsus olan bir ədəd 1400 (bir min dörd yüz) manat dəyərində olan iki kameralı soyuducunu, bir ədəd 250 (iki yüz əlli) manat dəyərində dörd göz mətbəx qaz peçini, bir ədəd 380 (üç yüz səksən) manat dəyərində aspiratoru, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində tozsoranı özbaşına götürərək kənar şəxslərə satmışdır. Buna görə də həmin əmlakları və yaxud onların dəyəri Cavabdeh alınaraq ona qaytarılmalıdır. Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddiaçı X1 iddia ərizəsi ilə mənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir ədəd 1400 manat dəyərində olan iki kameralı soyuducunun, bir ədəd 250 manat dəyərində olan dörd gözlü mətbəx peçinin, bir ədəd 380 manat dəyərində olan aspiratorun və bir ədəd 150 manat dəyərində olan tozsoranın naturada, yaxud dəyəri olan 2180 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd olunan avadanlıqlardan heç biri iddiaçı tərəfindən alınmamışdır. Həmin avadanlıqlardan dörd gözlü mətbəx peçi, aspirator və tozsoranı o, özü almış, soyducu isə həyat yoldaşının qardaşının keçmiş həyat yoldaşı Badam Şəmmədova tərəfindən alınmış və ona hədiyyə edilmişdir. Təsadüfi deyil ki, həmin avadanlıqların iddiaçı tərəfindən alınması ilə bağlı iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. İddia ərizəsinə sadəcə olaraq avadanlıqların şəkilləri əlavə edilmişdir ki, bu da həmin avadanlıqların iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut deyildir. Digər tərəfdən isə ümumiyyətlə həmin avadanlıqların bəziləri birgə nikah dövründə xarab olmuşdur və o, birgə nikah dövründə yaşadığı evi tərk edən zaman həmin avadanlıqlar həmin evdə qalmışdır, yəni həmin avadanlıqlar onun tərəfindən satılmamışdır. Odur ki, ilk öncə iddiaçı həmin avadanlıqları özünün almasını qanunvericiliyin tələblərinə cavab verən mötəbər sübutlarla yetirməlidir. Lakin həmin avadanlıqlar isə iddiaçı tərəfindən alınmadığı üçün belə bir sübut da yoxdur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan avadanlıqlar iddiaçı tərəfindən alınmamışdır. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianı müdafiə edərək iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraza uyğun izahat verərək iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, bazarda yük daşıma fəaliyyəti ilə məşğuldur. Bazarda olarkən tanımadığı şəxs ona yaxınlaşıb bildirmişdir ki, soyuducu var onu aparmaq lazımdır. O da soyuducunu tanımadığı şəxsin həyətdən gedib götürüb aparmışdır. Həmin şəxs soyuducunu apardığı üçün ona beş manat yol pulu vermişdir. Həmin şəxs kişi olmuşdur. Bundan sonra həmin adam ona zəng vurmuşdur ki, həmin soyducunu aparıb yerinə qoysun və o da onun sözü ilə həmin soyducunu gedib həmin yerdən götürüb qaytarıb yerinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, onun babasının qonşusu olaraq tanımışdır. Sadəcə həmin soyducuya bir usta kimi baxmışdır. Soyducunun beyin sistemi işıq oynaması nəticəsində yanmışdır. Həmin soyducunu Şahin adlı şəxs gətirmişdir. Başqa heç bir məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Əmlakın fotoşəkillərindən görünür ki, fotoşəkildə iki kameralı soyuducu, bir ədəd dörd göz mətbəx qaz peçi, bir ədəd aspirator və bir ədəd tozsoran mövcuddur. Məhkəmə iclasında diskə baxış zamanı video çəkilişində müəyyən edilmişdir ki, həmin soyducunun cavabdeh tərəfindən deyil, başqa şəxslərin tərəfindən aparılması öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan bir ədəd 1400 (bir min dörd yüz) manat dəyərində olan iki kameralı soyuducunu, bir ədəd 250 (iki yüz əlli) manat dəyərində dörd göz mətbəx qaz peçini, bir ədəd 380 (üç yüz səksən) manat dəyərində aspiratoru, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində tozsoranı cavabdehin satmasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı həmin əşyaların onun tərəfindən alınması, ona məxsus olması və həmin əşyaların məhz cavabdeh tərəfindən satılması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər də həmin əşyarın iddiaçıya məxsus olması və onların cavabdehin iradəsinə zidd olaraq satılması barədə ifadə verməmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə belə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar mötəbər sübut təqdim edə bilməmiş, iddia tələbi məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 150 (bir yüz əlli) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 150 (bir yüz əlli) manat dəyərində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar