Məhkəmə qərarları › İş №2(036)-3453/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3453/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3453/2025 22.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “şəxsi vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi, Təsviri hissə: Ərizəçi İmişli Rayonu Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1963-cü il təvəllüdlü X8 xx.xx.2008-ci il tarixdə Ukrayna Respublikasının Xarkov vilayətində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, həyat yoldaşı X15 işləmək məqsədilə 1995-ci ildə Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. 2008-ci ilədək onunla heç bir əlaqələri olmadığından yaşadığı yer, sağ qalması və ya ölməsi barədə heç bir məlumatları olmamışdır. Lakin 2008-ci ilin mart ayında ondan xəbər çıxmış və onlara məlum olmuşdur ki, X19 Respublikasının Xarkov vilayətində yaşadığı Lozovski rayonunun Krasnopavlovski kəndində avtomobil qəzasına düşmüşdür. xx.xx.2008-ci ildə isə məlumat alınmışdır ki, Cəfər Əsgərov avtomobil qəzasında aldığı xəsarətlərdən vəfat etmiş və orada yaşayan Azərbaycan vətəndaşlarının köməkliyi ilə milli adət ənənələrə uyğun olaraq dəfn edilmişdir. Həyat yoldaşı X8 Ukrayna Respublikasının Xarkov vilayətində yaşadığı Lozovski rayonunda vəfat etdiyindən və bu barədə rəsmi sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə ala bilmir. Həyat yoldaşı X15 mülkiyyətində olan əmlakları idarə edə bilməyi üçün onun vəfat etməsi faktının təsdiq olunması əhəmiyyətlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi əlavə olaraq bildirmişdir ki, o, ərinin hansı şəhərdə ölməsini bilmir, yalnız Ukraynada öldüyü barədə məlumatı var. Amma X5 bu barədə məlumatlıdır. X5 da X15 ölərkən onun yanında olmayıb. Yalnız digər qohumlar ona məlumat veribdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, o, ölən şəxsin – X8 əmisi oğludur. Səhv etmirsə, 1995-ci ildə gedib. İşi ilə bağlı Rusiyaya getmişdi. Belə məlumat gəldikdə, qəzaya düşüb, orada dəfn edilib. 2008-ci il mayın 31-də dəfn edilibdi. Deyəsən, Xarkovun Primorski rayonunda vəfat edib. Rusiyaya getmişdi, sonradan Ukraynaya getmişdi. Onunla Rusiya getmişdi. Sonradan geri qayıdıb, o isə orda qalmışdı. Digər qohumlar demişdi ki, Ukraynada xəstəxana da olub, gedib ona dəyiblər. Vəfat etdiyi vaxtda onun yanında olmayıb. Onda olan məlumata görə Xarkovun Primorski rayonunda vəfat edibdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs İmişli Rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli “Ölümün qeyd edilməsindən imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi ilə ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X8 ölümünün qeyd edilməsindən imtina olunmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, İİ JQ 479677 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X10 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış, akt qeydləri kitabında 1 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Əskərova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, AZ-İ 189477 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, akt qeydləri kitabında 389 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Qardaşlı” soyadı verilmişdir İş materiallarında olan Ərizəçi, X18, X12, X20 və X4 iştirakları ilə İmişli rayon İHBnın Sarıxanlı və Buludlu kəndləri İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X15 1995-ci il tarixdən işləmək üçün Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi yaşadığı ünvana qayıtmamış və ərazidə yaşamır. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.2008-ci ildə vəfat etməsi, adı, soyadı və ata adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.2. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, oğlunun adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Göründüyü kimi, ərizəçi də X1 Rusiya Federasiyasına getməsi, sonradan onun oradan Ukrayna Respublikası getməsi və orada ölməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud ölmüş şəxsin sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır. İş materiallarında olan İmişli rayon İHB-nın Sarıxanlı və Buludlu kəndləri İƏD üzrə nümayəndəliyinin arayışında X15 1995-ci il tarixdən işləmək üçün Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi yaşadığı ünvana qayıtmamış və ərazidə yaşamaması əks olunsa da, bu fakt həmin şəxsin ölmüş hesab edilməsinə əsas vermir. Eyni zamanda, məhkəmə ərizəçi X8 harada ölməsi barədə dəqiq məlumat verə bilməmişdir. Bunu X5nun bildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 isə bildirmişdir ki, deyəsən, Xarkovun Primorski rayonunda vəfat edib. Digər qohumlar demişdi ki, Ukraynada xəstəxana da olub, gedib ona dəyiblər. Vəfat etdiyi vaxtda onun yanında olmayıb. Onda olan məlumata görə Xarkovun Primorski rayonunda vəfat edibdi. Göründüyü kimi, nə ərizəçi, nə də ki şahid qismində dindirilmiş X2 Cəfər Əliş oğlunun vəfat etdiyi vaxtda onun yanında olmamışdır. Yalnız digər şəxslərin ifadələrinə istina etmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsi barədə ərizələrdən 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar