Məhkəmə qərarları › İş №2(036)-3810/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3810/2025

24.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3810/2025 24.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi X13 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-01549 №-li barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi ilə Maraqlı şəxs arasında olan xx.xx.2009-cu il tarixli, 365 nömrəli nikah akt qeydi xx.xx.2017-cil tarixli İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-2527/2023 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 onun himayəsinə verilmişdir. Uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məhkəmənin qərarı ilə onun himayəsinə verilən gündən bu günədək cavabdeh Maraqlı şəxs aliment tələb etməmişdir. Bu baxımdan Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru Şamxal Kazımovun qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X5 ilə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X5 onun himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 75 manat olmaqla ümumulikdə 150 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürüb və barışıq sazişini imzalamışdır. Hazırda Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, yəni barışıq sazişini icra etməkdən imtina etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən barışıq sazişinin alimentlə bağlı bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X5 barışıq sazişinin təsdiq olunmasına etiraz etmədi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İmişli Rayon Məhkəməsinin 2(036)-2527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 Ramil Taptıq oğlunun himayəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-01549 nömrəli Sabirabad 1 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən,

1. Tərəflər Ərizəçi, Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X5 və mediator X4 iştirakı ilə xx.xx.2025-ci il tarixdə keçirilən tam mediasiya sessiyası zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər. 1.2 Birinci tərəf Ərizəçi Tapdıq oğlunun və ikinci tərəf Maraqlı şəxs aralarında olan xx.xx.2009-cu il tarixli 365 nömrəli qeydə alınmış birgə nikahlarından yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. 1.3. Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında olan xx.xx.2009-cu il tarixli, 365 nömrəli nikah akt qeydi xx.xx.2017-ci il tarixli İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Daha sonra, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-2527/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 ataları- Ərizəçi himayəsinə verilmişdir. 1.4 Tam mediasiya sesiyası zamanı ikinci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X5 yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 27.11,2025-ci il tarixdən etibarən hər ay hər uşağa 75 (yetmiş beş) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öz üzərinə öhdəlik götürərək razılaşmışdır. 1.5 Aliment məbləği ikinci tərəf Ərizəçi Tapdıq oğlunun təqdim etdiyi **********618830 nömrəli bank hesabına birinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi iki halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin alimentin ödənilməsi barədə bəndləri istisna olmaqla digər bəndlərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin bəndlərlə tərəflərin razılığa gəlməsi, tərəflərin ailə vəziyyəti, uşaqların doğumu ilə bağlı qeydlər, tərəflər arasındakı nikahın məhkəmə qətnaməsi ilə pozulması, uşaqların hansı valideynin yanında qalması (məhkəmə qətnaməsi ilə təsdiq olunan hallar) ilə bağlı məsələlər əksini tapmış, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Məhkəmə hesab edir ki, həmin şərtlərin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın olmadığından, ərizə bu istiqamətdə əsaslandırılmadığından həmin hissədə barışıq sazişinin təsdiq edilməsi məqsədəmüvafiq deyil. Sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkün olduğundan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş digər hissələrdə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, qalan hissədə - “1.4. Tam mediasiya sesiyası zamanı ikinci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X5 yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 27.11,2025-ci il tarixdən etibarən hər ay hər uşağa 75 (yetmiş beş) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öz üzərinə öhdəlik götürərək razılaşmışdır. 1.5 Aliment məbləği ikinci tərəf Ərizəçi Tapdıq oğlunun təqdim etdiyi **********618830 nömrəli bank hesabına birinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.” məhkəmə hesab edir ki, həmin hissələrdə ərizəçinin barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil, həmin hissələrdə saziş qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin hissəvi təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs nümayəndəsi X5 arasında 26 noyabr 2025-ci il tarixdə Sabirabad 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə bağlanmış MŞS/MT-023/2025-01549 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tam mediasiya sesiyası zamanı ikinci tərəf Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay hər uşağa 75 (yetmiş beş) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öz üzərinə öhdəlik götürərək razılaşdı. - Aliment məbləği ikinci tərəf Ərizəçi Tapdıq oğlunun təqdim etdiyi **********618830 nömrəli bank hesabına birinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 60 (altmış) manat hissəsi Maraqlı şəxs alınaraq Ərizəçi Tapdıq oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar