Məhkəmə qərarları › İş №2(036)-3926/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3926/2025

09.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3926/2025 09.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi ilə, Ərizəçi, Üçüncü şəxs X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: Ərizəçi 2013-cü il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha girmiş, birgə nikahdan xx.xx.2025-ci il təvəllüdü X7 doğulmuşdur. Tərəflər arasında nikah İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə İmişli “Asan Xidmət” X5 tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitbaında xx.xx.2025-ci il tarixdə 75 nömrə ilə qeyd edilmişdir. Tərəflər mediasiya təşkilatına müraciət emişlər. Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli MŞS/MT/-023/2025-01572 saylı barışıq sazişinin bəndləri aşağıdakı məzmunda olmuşdur: 1.1. xx.xx.2025-ci il tarixində MŞS/MT-023/2025-01572 nömrəli işə əsasən Sabirabad 1 saylı mediasiya təşkilatının mediatoru X6 icraatında İMS və TMS keçirilmişdir. Mediasiya prosesində Birinci tərəf- Ərizəçi, İkinci tərəf-Maraqlı şəxs və Üçüncü tərəf- X3 iştirak etmişdir. 1.2. Mediasiya prosesi zamanı aydın olduki, Birinci tərəf- Ərizəçi 2013-cü il tarixində İkinci tərəf- Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. 2024-cü ilin iyul ayında Maraqlı şəxs ilə qeyri rəsmi olaraq ayrılmışdır. 1.3. Birinci tərəf- Ərizəçi, üçüncü tərəf- X3 ilə 2024-cü ilin avqust ayında qeyri-rəsmi olaraq faktiki ailə münasibətinə girərək evləmişdir. Bu münasibətdən xx.xx.2025-ci il təvəllüdlü X9 (Elməddin) oğlu dünyaya gəlmişdir. 1.4. Birinci tərəf- Ərizəçi və ikinci tərəf- Maraqlı şəxs aralarında olan rəsmi nikaha İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli qətnaməsinə əsasən 21,05.2025-ci tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra Ailə Məcəlləsinin 28.4-cü maddəsinə əsasən 300 gün müddət keçmədiyi üçün uşağın məlumatları İkinci tərəf- Maraqlı şəxs adına sənədləşdirilmişdir. Birinci tərəf- Ərizəçi övladı xx.xx.2025-ci il təvəllüdlü X9 (Elməddin) oğlunun bioloji atasının üçüncü tərəf- X3 olduğunu bildirir. 1.5. İkinci tərəf- Maraqlı şəxs 1.2; 1.3 və 1.4-cü bənddə qeyd edildiyi kimi, Birinci tərəf- Ərizəçi dediklərini təsdiq edir və saziş bağlandığı tarixdə yəni xx.xx.2025-ci il tarixində İmişli Rayon Asan Xidmət Qeydiyyat şöbəsinə yaxınlaşaraq xx.xx.2025-ci il təvəllüdlü X9 (Elməddin) oğluna verilmiş faktiki atalığdan imtina edilməsi barədə ərizə verəcəyini və bioloji atanın X3 olduğu öhdəliyini öz üzərinə goturur. 1.6. Üçüncü tərəf- X3 1.2; 1.3 və 1.4-cü bənddə qeyd edildiyi kimi, Birinci tərəf- Ərizəçi dediklərini təsdiq edir və övladı xx.xx.2025-ci il təvəllüdlü X4 bioloji atası olduğunu həmçinin İkinci tərəf- Maraqlı şəxs atalığdan imtina edilməsi barədə ərizə verdikdən sonra İmişli Rayon Asan Xidmət Qeydiyyat şöbəsinə yaxınlaşaraq uşağa atalıq hüququ verəcəyi öhdəliyini öz üzərinə goturur. 1.7. Yuxarda qeyd edilən şərtlər pozularsa tərəflər saziş əsasında məhkəmə orqanına müraciət edə bilər. Ərizəçinin tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları Ərizəçinin tələbi Ərizədə işin yuxarıda qeyd edilən hallarına istinad olunmaqla xx.xx.2025-ci il tarixli, MŞS/MT/-023/2025-01572 №-li barışıq sazişinin 1.3-cü bəndinin təsdiq edilməsi xahiş olunur və qeyd olunur ki, ərizəçi 2024-cü ilin iyul ayında Maraqlı şəxs ilə qeyri rəsmi olaraq ayrılmışdır. Daha sonra o X3 ilə 2024-cü ilin avqust ayında qeyri-rəsmi olaraq faktiki ailə münasibətinə girərək evləmişlər. Bu münasibətdən xx.xx.2025-ci il təvəllüdlü X9 (Elməddin) oğlu dünyaya gəlmişdir. Lakin İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli qətnaməsinə əsasən keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə olan nikaha xx.xx.2025-ci tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra Ailə Məcəlləsinin 28.4-cü maddəsinə əsasən 300 gün müddət keçmədiyi üçün indiki həyat yoldaşı X3 ilə birgə münasibətindən dünayaya gəlmiş övladının məlumatları keçmiş həyat yoldaşı Maraqlı şəxs adına sənədləşdirilmişdir. Lakin övladı xx.xx.2025-ci il təvəllüdlü X9 (Elməddin) oğlunun bioloji atası indiki həyat yoldaşı X2r. Bu səbəbdən atalığın ləğv edilməsi və bioloji atalığın müəyyən edilməsi tələbi barədə mediasiya təşkilatına müraciət etdi. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X6 qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixində Maraqlı şəxs və X3 ilə barışıq sazişi bağladılar. Belə ki, keçmiş həyat yoldaşı Maraqlı şəxs saziş bağlandığı tarixdə yəni xx.xx.2025-ci il tarixində İmişli Rayon Asan Xidmət Qeydiyyat şöbəsinə yaxınlaşaraq xx.xx.2025-ci il təvəllüdlü X9 (Elməddin) oğluna verilmiş faktiki atalığdan imtina edilməsi barədə ərizə verəcəyini və bioloji atanın X3 olduğu öhdəliyini öz üzərinə götürdü. Lakin sazişdə qeyd edilən 1.5-ci bənddəki şərti pozaraq faktiki atalıqdan imtina edilməsi barədə İmişli Rayon Asan Xidmət Qeydiyyat şöbəsinə yaxınlaşıb ərizə vermədi. Bu səbəbdə indiki həyat yoldaşı X3 barışıq sazişində qeyd edilən 1.6-cı bənddəki şərti icra edərək övladına atalıq hüququ verə bilmir. Barışıq sazişi 10 gün müddətinə icra edilməli idi. Həmin müddət keçməsinə baxmayaraq hazırda 2-ci tərəf Maraqlı şəxs barışıq sazişini icra etməkdən imtina edir. Ərizəyə etiraz Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraat iştiakçılarının izahatları Ərizəçi və üçüncü şəxs məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən mülki işə Ərizəçi və maraqlı şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 7-1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 45. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maddə 46.1.Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Maddə 186. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Maddə 188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Ərizəçi məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində maraqlı şəxs və üçüncü şəxs ilə əldə edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizənin və sazişin məzmunu ilə müəyyən olunur ki, xx.xx.2025-ci il təvəllüdü X7 ərizəçinin və maraqlı şəxsin birgə nikahından doğulsa da, uşağın həqiqi atası Maraqlı şəxs deyil, barışıq sazişinin bağlanmasında iştirak edən üçüncü tərəf X2r. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Lakin qeyd olunmalıdır ki, qanunvericilik barışıq sazişinin təsdiqi ilə bağlı məhdudiyyətlər- barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsaslar müəyyən etmişdir. Həmin əsaslardan biri müəyyən edildikdə məhkəmə barışıq sazişinin təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Belə ki, MPM-in 355- 26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Yəni ərizəçi və maraqlı şəxsin hazırda marağı Maraqlı şəxs deyil, X1 xx.xx.2025-ci il təvəllüdlü Elcanın atası kimi müəyyən olunmasına nail olmaqdır. Ailə Məcəlləsinin qeyd edilən tələbləri baxımından isə həmin mübahisəyə yalnız iddia icraatı qaydasında məhkəmə tərəfindən qiymət verilə bilər. Mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırki barışıq sazişinin təsdiqi məcburi hüquq normalarına zidd olduğundan təsdiq edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki halda doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə tərəfindən Ailə Məcəlləsinin 46.1-ci, 46.2-ci, 47.1-ci, 47.2-ci maddələrinə əsasən iddia icraatı qaydasında həll oluna bilər. Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ərizəçi tərəfindən ödənilmiş ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar