Məhkəmə qərarları › İş №2(036)-41/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-41/2025

18.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-41/2025 18.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı (İmişli şəhər Bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) İmişli şəhər Bələdiyyəsi ilə Cavabdeh qarşı iddiaçının istifadəsində olan İmişli şəhəri, Həsənoğlu küçəsi 7A ünvanında yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində cavabdehə məxsus özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz əməllərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehin İmişli şəhəri, Həsənoğlu küçəsi 7A ünvanında yerləşən, istifadəsində olan zəbt olunmuş torpaq sahəsindən çıxarılması, tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində İmişli şəhəri Həsənoğlu küçəsi 7A ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evi xx.xx.2015-ci ildə X4 notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Həmin tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına fərdi yaşayış evinin texniki pasportu və xx.xx.2015-ci il tarixdə yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Qonşusu Cavabdeh yaşadığı fərdi evin arxa divarı ilə iddiaçının evinin arxa divarları arasında 32 kv. metr ölçüdə torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi İmişli bələdiyyəsinin mülkiyyətində və iddiaçının istifadəsində olmasına baxmayaraq qonşusu Cavabdeh öz evinin arxa divarı ilə onun evinin arxa divarı boyunca yerləşən yaşayış evinin pəncərəsinin qarşısını kəsərək həmin yeri zəbt edərək, həmin yerə əkdiyi ağacları çıxararaq və qanunsuz tikinti işləri apararaq anbar tikməyə başlamışdır. Belə ki, hazırda tikdiyi tikilini iddiaçının evinin arxa divarına birləşdirməklə fərdi yaşayış evindən sərbəst surətdə istifadə etməsinə ciddi maneə yaratmışdır. Hazırda və gələcəkdə evini təmir edəcəyi, yaxud hər hansı bir xoşagəlməz hadisə (yanğın və s.) baş verərsə çox böyük fəsadlara səbəb olacaqdır. Habelə evinin arxa divarından istifadə etməklə cavabdehin anbar tikməsi evin rütubətlənməsinə, divarın nəmlənməsinə səbəb ola bilər. Bundan başqa cavabdeh tərəfindən inşa edilən həmin qanunsuz tikili evin pəncərəsinin də qarşısını tutmuşdur. Cavabdeh həmin tiklini inşa etdirməyə başlayandan iddiaçı cavabdehə bunu etməməsini, həmin torpaq sahəsinin hər ikisinin evinin arxa tərəfində yerləşdiyini və qonşu kimi hər ikisinin istifadə etməsini, ona görə də qanunsuz inşa etdirməyə başladığı tikilini sökməsini bildirmişdir. Cavabdeh onu eşitmir və özünü haqlı kimi aparır. Bununla bağlı iddiaçının həyat yoldaşı Şəmsəddin müxtəlif dövlət orqanlarına, habelə hüquq-mühafizə orqanlarına müraciət etsə də bununla bağlı onlara məhkəməyə müraciət etmək bildirilmişdir. O, qonşu kimi bu məsələni öz aralarında həll etməyi təklif etsə də cavabdeh razılaşmır və tikilinin inşasını davam etdirir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəl keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd olunan torpaq sahəsinin anası- X2 məxsus olduğunu və iddiaçının sökülməsini tələb etdiyi tikilinin tikintisinə başlamazdan əvvəl iddiaçının razılığının aldığını bildirmişdir. Tikinti başlayandan bir müddət sonra iddiaçı narazılığını bildirmiş və tikilinin sökülməsini tələb etmişdir. Cavabdeh sonda iddianın rədd edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir

8. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (20 mart 1952-ci il tarixli protokol): 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İş materialında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, İmişli şəhəri, Həsənoğlu küçəsi 7A ünvanında yerləşən 0,0225 ha torpaq sahəsi və 108,1 m2 daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir.

11. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı məxsus yaşayış evinin ümumi sahəsi 108,1 kvadratmetrdir. Həmin sənədin xüsusi qeydlər yazısı əks olunmuş hissəsində “həyətyanı sahədə 0,0043 ha zəbt olunma var” qeyd olunmuşdur.

12. Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli aktdan görünür ki, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 3, mənzil 1 ünvanında yaşayan X2 həyətyanı sahə üçün alqısatqı yolu ilə 306 m2 torpaq sahəsi satılmışdır.

13. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya məxsus İmişli şəhəri, Həsənoğlu küçəsi 7A ünvanında yerləşən 0,0225 ha torpaq sahəsi vardır və həyətyanı sahədə 0,0043 ha torpaq sahəsi zəbt olunmuşdur. Cavabdeh iddiaçıya qonşu sahədə yerləşən zəbt kimi qeyd olunan 40,56 m2 torpaq sahəsindən istifadə edir.

14. Mübahisənin həll edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-10/3248/2025 nömrəli ekspert rəyi ilə, İddiaçı mülkiyyətində olan 0,0225 ha torpaq sahəsinin Cavabdeh Məhəmməd oğlu tərəfindən istifadə olunmadığı, Cavabdeh Məhəmməd oğlu tərəfindən istifadə olunan torpaq sahəsinin İddiaçı adına olan Texniki pasportda (reyestr nömrəsi **********20-10301) zəbt kimi qeyd olunan 40,56 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

18. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı və mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməmişdir.

20. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyil.

21. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən edilməmişdir.

22. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyinə görə iddiaçının hüquq müəyyənedici sənədində göstərilmiş torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur.

23. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. İlk öncə qeyd olunmalıdır ki, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində öz əksini tapmışdır. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur.

25. Məhkəmə iddiaçının mövcud tələblə iddia qaldırmaq hüquqa malik olubolmaması ilə bağlı qeyd edir ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi iddiaçının İmişli şəhəri, Həsənoğlu küçəsi 7A ünvanında yerləşən 0,0225 ha torpaq sahəsinin hüdudları daxilində deyil, onun həyətyanı sahəsində yerləşir. Belə ki, iddiaçının cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsinə mülkiyyət hüququ olmadığından torpaq sahəsinin tələb edilməsi üçün iddiaçının subyektiv hüququ yoxdur.

26. Qeyd olunmalıdır ki, iddiaçı o zaman hazırkı məzmunda iddia qaldırmaq hüququna malik olardı ki, ona ayrılmış torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə mötəbər sübutlar mövcud olsun.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

28. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

29. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

30. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 170 manat məbləğində xidmət haqqı ödənilmişdir.

31. Eksperiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair ekspert rəyinin alınması üçün ekspertiza xərcinin dəyəri 50 manat məbləğindədir.

32. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 170 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Həmçinin 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı iddiaçının istifadəsində olan İmişli şəhəri, Həsənoğlu küçəsi 7A ünvanında yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində cavabdehə məxsus özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz əməllərinə son qoyulması tələbinə dair iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 170 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçının özünə aid edilsin. 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar