Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-484/2025 05.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və cavabdeh İmişli Su X1 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Su X1 idarəsinin rəisi Samir Məmmədovun “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli 61 nömrəli əmrinin ləvğ edilməklə 10 sentyabr 2024-cü il tarixdən etibarən müşahidəçi işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, məhkəmədən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh İmişli Su X1 İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İmişli Su X1 İdarəsində müşahidəçi vəzifəsinə işə qəbul edilməsi barədə İmişli Su X1 İdarəsinin sabiq rəhbəri X6 ilə aralarında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi N.S.Məmmədovun xx.xx.2021-ci il tarixli, 95 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. İmişli Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmri ilə İmişli Su X1 İdarəsinin meşə zolağının müşahidəçi vəzifəsində çalışan İddiaçı və digərlərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, işçi İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra əmək hüquqlarının pozulması barədə X9 Xidmətinin Mil-Muğan regional şöbəsinə müraciət etmiş, onun müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra müvafiq sənədlər idarənin Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə göndərilmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi bir daha vurğulanır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin, işəgötürən İmişli Su X1 İdarəsi qabaqcadan idarənin Həmkarlar İttifaqı Komitəsinin razılığını almadan işçi İddiaçı əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. İşdən görünür ki, qeyd olunan pozuntu hallarına görə X9 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən 19 noyabr 2024-cü il tarixdə işəgötürən İmişli Su X1 İdarəsinin rəisi Samir Məmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə MN2122042 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən 22 noyabr 2024-cü il tarixdə işəgötürən İmişli Su X1 İdarəsinin rəisi Samir Məmmədov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və törətdiyi hüquqpozmanı aradan qaldırması üçün ona 30 gün müddət verilmişdir. S.Məmmədov protokolu mübahisələndirməmiş və cəriməni ödəmişdir. Lakin, S.Məmmədov törətdiyi hüquqpozmanı aradan qaldırması üçün hər hansı tədbir görməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İmişli Su X1 İdarəsinin işçi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməzdən əvvəl idarənin Həmkarlar İttifaqı Komitəsinin razılığını almadan işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İmişli Su X1 İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı İmişli Su X1 İdarəsinə “müşahidəçi” vəzifəsinə bərpa edilməlidir. İddianın xx.xx.2024-cü il tarixdən işə bərpa olunmağı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Məcburi iş buraxma müddətinə görə iddiaçı orta aylıq əmək haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İmişli Su X1 İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmri ləğv edilsin. İddiaçı İmişli Su X1 İdarəsinə “müşahidəçi” vəzifəsinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-484/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-484/2025
05.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver