Məhkəmə qərarları › İş №2(036)-50/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-50/2024

21.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-50/2024 21.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin Cavabdeh Əlağa oğluna qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh Əlağa oğlunun iştirakı ilə, İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin Cavabdeh Əlağa oğluna qarşı iddiaçı ilə cavabdeh arasında olan müqavilənin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış torpağın icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin iddiaçıya məxsus 5 hektar torpaq sahəsindən çıxarılması və cavabdehdən borclu olduğu 950 manat məbləğində icarə haqqının alınıb iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus 5 hektar torpaq sahəsindən qanunsuz istifadə edir, torpaq sahəsinin bir hissəsinin təyinatını dəyişdirib otlaq sahəsi əvəzinə əkin sahəsi kimi istifadə edir və torpaq icarə haqqını ödəməkdən boyun qaçırır. Muradalılı bələdiyyəsinin keçmiş sədri mərhum Çingiz Quliyev qeyri-qanuni olaraq Cavabdeh Əlağa oğluna torpağın icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli müqaviləni özündən əvvəlki bələdiyyə sədri İmamverdi Əsədovun adı ilə tərtib edib 4 ha torpaq sahəsini 20 il müddətinə icarəyə vermişdir. Cavabdeh həmin örüş sahəsinin təyinatını dəyişdirib qanunsuz olaraq 2 hektarını şumlayıb yonca əkmişdir. Bundan əlavə, cavabdeh 2020-2023-cü ilin yanvar ayına kimi 950 manat icarə haqqını bələdiyyəyə ödəməmişdir və ödəməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixdə akt tərtib etmişdir ki, Cavabdeh bələdiyyənin 5 hektar torpaq sahəsini zəbt etmiş, 2 hektarını şumlayıb yonca əkin işləri aparmışdır. xx.xx.2023-cü il tarixə 950 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin müqaviləsinin dövlət qeydiyyatı da yoxdur. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqları üzərində hüquqi və fiziki şəxslərin icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada (torpaq sahəsi üzərində müddəti 11 aydan çox olan icarə hüququ) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınır. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız təyinatı üzrə istifadə olunmaq şərtilə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun bu tələblərinə də əməl edilməmişdir.

3. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan müqavilənin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əlağa oğlu iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə bağladığı xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan əkin üçün məhdud yararlı 4,0 ha torpaq sahəsini heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 20 il müddətinə icarəyə götürmüş və indiyədək təyinatına uyğun şəkildə (otlaq məqsədilə) istifadə edərək icarə haqqını vaxtı-vaxtında ödəmişdir. Hazırda yaranmış borcu da ödəyəcəkdir. Həmin ərazini əhatə edən cəmi 5,0 ha torpaq sahəsi icarəyə verilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə “Hərracların təşkili Mərkəzi” PHŞ Beyləqan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərraca çıxarılmış və hərracın qalibi olduğu üçün ona verilmiş, lakin hərracdan sonra torpaq sahəsini almamışdır. Bələdiyyə mülkiyyətində olan 5,0 ha torpaq sahəsinin ondan alınması üçün heç bir əsas yoxdur. Bələdiyyə qərarı ona 2022-ci ildə verilib, amma 2011-ci ilə yazılmış, başqa bələdiyyə sədri verdiyi halda əvvəlki bələdiyyə sədrinin adı göstərilmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 719.7-cu maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.

8. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə;

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixli Torpağın icarəyə verilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı 4 hektar örüş torpaq sahəsini 20 il müddətinə cavabdehə icarəyə vermişdir.

10. İş materiallarının tədqiqindən görünür ki, icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən torpaq sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür.

12. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar.

13. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada.

14. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində icarə müqaviləsi bağlansa da, ona 2020-2023-cü ilin yanvar ayına kimi icarə haqqının ödənilmədiyini bildirmişdir. Cavabdehin müqavilə şərtlərinin ziddinə olaraq icarə haqqını ödəmədiyi halda iddiaçı müqaviləni dərhal ləğv etməklə icarə münasibətlərinə xitam verilməsini tələb edə bilər. Bu halda icarə haqqının ödənildiyini sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

15. Bundan başqa, cavabdeh tərəfindən örüş sahəsi olan torpaq sahəsinin bir hissəsi şumlanmaqla əkin işləri aparılmışdır ki, bununla da cavabdeh tərəfindən torpaqdan məqsədli təyinatına görə istifadə edilmir.

16. Cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu hal, icarəyə verənin torpaq sahəsini geri almaq, bununla da da icarə müqaviləsini vaxtından əvvəl ləğv etmək tələblərinin qanuni əsasının (Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi) dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edir.

17. Məhkəmə tədqiqatı ilə cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya 1 ildən artıq müddətə icarə haqqı borcu yaranması, eyni zamanda torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, bununla da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması tam təsdiq olunduğundan, yəni cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edildiyindən tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməlidir.

18. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsi ilə Cavabdeh Əlağa oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli Torpağın icarəyə verilməsi haqqında müqavilə ləğv edilsin və Cavabdeh Əlağa oğlu iddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinə məxsus torpaq sahəsindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar