Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-551/2025 12.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları X1 ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, X2 08 avqust 2018-ci il tarixdə Beyləqan rayonu, Sarısu kəndində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu X5 xx.xx.1987-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuş və ona doğum haqqında şəhadətnamə alınmışdır. 08 avqust 2018-ci ildə Beyləqan rayonu, Sarısu qəsəbəsində yaşayan qayınanasıgilin qonşuluğunda yerləşən heç kəsin yaşamadığı evin həyətində yerləşən tövlədə atma tirdən özünü üzərində mayka ilə asaraq intihar etmiş və yaşadıqları İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Oğlunun intiharı ilə əlaqədar Beyləqan rayon prokurorunun böyük köməkçisi İ dərəcəli hüququşunas X3 icraatında ********* saylı cinayət işi üzrə araşdırma aparılmış və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Oğlunun cavan ölümü bir valideyn olaraq onu çox sarsıtdıqından oğlunun ölümünü müvafiq qeydiyyat orqanında qeyd etdirməmişdir və ona ölüm haqqında şəhadətnamə götürməmişdir. Bu səbəblə də oğlunun ölməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. Hazırda bəzi sənədləşmə işləri aparmaq istəyir, lakin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. O, oğlunun ölüm faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs tərəfindən ona 14 noyabr 2024-cü il tarixli, 488 nömrəli rəylə bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün mütləq məhkəməyə müraciət etməlidir. İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 548 saylı arayışında göstərilmişdir ki, Ərizəçi İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi mərhum oğlu X2 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, X5 intihar etmiş və Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaq edilən cinayət işinə xitam verilmişdir. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyöə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.8. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. İşdən görünür ki, ərizəçi ölüm faktını qeydə aldırmadan ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarından görünür ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi həmin faktın əvvəllər qeydə alındığı təqdirdə mümkündür. Hazırkı halda, ölüm faktı daha əvvəllər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınmamışdır. Ümumiyyətlə, şəxsin ölüm faktı da vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə aldıqdan sonra ölümün qeydə alınması ilə bağlı müvafiq icra hakimiyyətinə orqanına müraciət edə bilər. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki ölüm faktı müvafiq icra hakimiyyəti orqanında daha əvvəl qeydə alınmadığından və bununla bağlı mübahisə olmadığından ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-551/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-551/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver