Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-803/2025 05.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən avans olaraq ödədiyi behə görə 4000 manat, ev sənədlərinin tərtib edilməsi ilə bağlı oğlunun London-Bakı və Bakı- London reysi ilə üç dəfə uçuş üçün bilet puluna görə ödədiyi 4942,34 manat, vurulmuş mənəvi ziyana görə 20000 manat, cəmi 28942,34 manat pulun, vəkil xidmətinə görə ödədiyi 330 manat pulun və ödənilmiş 177 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən avans olaraq ödədiyi behə görə 4000 manat, ev sənədlərinin tərtib edilməsi ilə bağlı oğlunun London-Bakı və Bakı- London reysi ilə üç dəfə uçuş üçün bilet puluna görə ödədiyi 4942,34 manat, vurulmuş mənəvi ziyana görə 20000 manat, cəmi 28942,34 manat pulun, vəkil xidmətinə görə ödədiyi 330 manat pulun və ödənilmiş 177 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ildə ev şəraitini dəyişdirmək üçün daha münasib yerdən özünə ev axtarmışdır. 2024-cü ilin iyul ayının əvvəllərində almaq üçün ev axtardığını bilən, kirayənişini olduğu binaların mühafizəçisi Nofəl adlı şəxs iddiaçıya bildirmişdir ki, çalışdığı binanın, yəni X3 küçəsi, ev 15 B nömrəli binanın 14-cü mərtəbəsində iki otaqlı mənzil satılır. Özünü evin sahibi kimi təqdim edən X1 adlı şəxslə iddiaçını tanış etmişdir. Bir neçə gün sonra Röyal açarları gətirib mənzili Nofəl ilə birlikdə iddiaçıya göstərmişdir. İddiaçı evi bəyənmiş və ailəsinin də baxmalı oduğunu bildirmişdir. Təxminən 5-10 gün sonra ailəsi də evə baxmış və bəyənmişdir. Qiymətini isə konket olaraq danışmamışlar. Çünki Röyal bildirmişdir ki, əgər iddiaçının kirayəşini olduğu evin ona nisbətən ucuz qiymətə satılmasını təşkil etsə, o da bu evi təxminən 200.000 manata verər. Lakin sonradan iddiaçı qalan evi almaq istəmədiklərinə görə onun evini 215.000 manata razılaşmışlar. Lakin behi götürməyi isə xeyli yubandırmışdır. Təxminən 2024-cü ilin avqust ayının 16-da bildirmişdir ki, ev iddiaçının olsa da əmisinin adına olduğuna görə behi onun yanında ver. Binanın həyətində Nofəl, Röyal, iddiaçı və əmisi kimi təqdim etdiyi, həmin anda birinci və sonuncu dəfə gördüyü, daimi yaşayış və qeydiyyat yeri İmişli olan Cavabdeh ilə görüşmüşdür. Röyal demişdir ki, behi əmisinə ver. İddiaçı da 2000 manat behi dördünün iştirakı ilə Seymura vermişdir. Seymur demişdir ki, sənədləşməni 10-15 günə qurtararlar. İddiaçı da bildirmişdir ki, yox, o müddətə sənədləşməni, yəni ipoteka sənədləşməsini aparmaq mümkün deyil, iddiaçının yaşı ipotekaya imkan vermədiyi üçün oğlu Məhəmməd Londondan gələcək, onun adına ipoteka ilə pul götürəcəklər. Həm də ipoteka adi kredit kimi deyil, vaxt aparan işdir. İddiaçı, Royalla Seymura bildirmişdir ki, əgər pul təcili lazım olsa ona deyin 1-2 saat ərzində onlara 200.000 - 210.000 manat pul verər, ipoteka pulunu götürüb sənədləşdirəndə o pulunu qaytararlar. Razılaşıb ayrılmışlar. Röyala həm özünün daxili inamı, həm də Nofəlin təqdimatına əsasən çox etibar etmişdir və Seymur da, Röyal da onun doğma rayonu ilə qonşu rayondan olduqları üçün inanaraq behi notariusda rəsmiləşdirməmişdir. İddiaçının oğlu Məhəmməd 23 avqust 2024-cü il tarixdə Londondan Bakıya gəlmişdir. Lakin ipoteka sənədləşməsi işləri xeyli çəkmişdir. Belə ki, gah Seymurun arvadı (özünün dediyinə görə) Rusiyada olduğuna görə “razılıq məktubu” gecikmiş, sonra da “forma 1-ə” görə gecikmişdir. Nəhayət 01 oktyabr 2024-cü il tarixdə Seymur sonuncu sənədi iddiaçıya göndərmişdir və həmin anda da yazmışdır ki, bir həftəyə düzəlməsə evin qiymətini qaldıracaqdır, iddiaçı onu 230.000 manata almışdır. İddiaçı da cavabında pul nə vaxt, nə qədər lazım olsa deməsini və bəhanələrini yığışdırmasını yazmışdır. Çünkü oğlu yalnız bu iş üçün ikinci dəfə Londondan bura gəlir, onun xərci çox çıxmışdır. Bütün bunlar barədə Röyala da dəfələrlə bildirmişdir. 08 sentyabr 2024-cü il tarixdə oğlu Məhəmməd Bakıdan Londana qayıtmışdır. İddiaçı 10 oktyabr 2024-cü ildə Röyal ilə görüşmüşlər və ona bildirmişdir ki, evi sənədləşdirmək üçün oğlu bu gün Londondan gəlir, əminə de gəlsin, ona - “şəriki rayonda yoxdu, o gəlsin o da gələr Bakıya” demişdir. Həmçinin Röyala demişdir ki, əmisinin hərəkətlərindən xoşu gəlmir. Həmin vaxt Röyal da ilk dəfə olaraq iddiaçıya söyləmişdir ki, Seymur əmisi deyil, ev onun olub, ona olan borcu və borc faizlərinin əvəzi olaraq 215.000 manata evini ona vermişdir. Ancaq narahat olmayın, o da, atası da ona və oğluna deyərlər gəlib evi sənədləşdirib versinlər. 11 oktyabr 2024-cü il tarixdə saat 11-də və saat 15:09-da telefonla iki dəqiqə danışmışlar, Royalla iki gün sonraya konkret vaxt da müəyyənləşdirmişlər, lakin nə Seymur gəlmiş, nə də Röyal. Bu səbəbdən ev almaqla əlaqədar sənədləşmə işini görə bilmədən oğlu təkrarən heç bir iş görmədən 06 noyabr 2024-cü il tarixdə yenidən Londona qayıtmışdır. 2024-cü ilin noyabr ayının 16-da Seymurla 51 dəqiqəlik telefon danışığı olmuşdur. Seymura demişdir ki, oğlu Məhəmməd 01 dekabr 2024-cü il tarixdə Bakıya gəlir, gəl evi nağd ödənişlə, yəni ipotekasız sənədləşdir. Seymur söz vermişdir ki, indi təkdir, şəriki burda yoxdur, o, gəlsin gələcəkdir. Lakir, Seymur yenə də yalan vəd vermiş, vədinə əməl etməyərək gəlməmişdir. Seymurun bu hərəkətinə son qoymaq üçün çəkilən və çəkiləcək xərcləri öz üzərinə götürməklə razılaşdığı qiymətdən 5000 manat artıq pul ödəməyi də vəd etmişdir. Lakin nəticə dəyişməmişdir. Seymura xx.xx.2024-cü il tarixdə yazmışdır ki, yanvarın 6-dək gəl məsələyə son qoyaq. Əgər satmaq istəmirsə dövlətin qanunlarına əsasən behi iki qat və bu işə görə çəkdiyi əlavə xərcləri də ödə. Lakin, Seymur bununla bağlı ona heç bir cavab verməmiş, bir neçə gün əvvəl evi internet saytlarında təxminən 2 ay əvvəldən satışa qoyduğunu öyrənmişdir. Bundan əlavə oğlu Məhəmməd evin alınması ilə bağlı nəhayət 01 dekabr 2024-cü il tarixdə yenidən Bakı şəhərinə gəlmişdir. Lakin Seymur yenə də köhnə qayda ilə hərəkət edərək evin iddiaçıya satılması üçün lazım olan sənədləşmə işlərinin aparılmasından qəsdən yayınaraq gəlməmişdir, nəticədə onların aralarında olan ev alğısatqısı baş tutmamışdır. Oğlu Məhəmməd də xx.xx.2025-ci il tarixdə yenidən Londana qayıtmışdır. Bu səbəbdən iddiaçı, Seymura verdiyi behi və digər xərclərinin qanunla müəyyən edilmiş qaydada geri ödəməsini tələb etmişdir. Lakin, Seymur bu günə kimi iddiaçıya avans kimi ödədiyi beh pulunun ikiqat məbləğini və ödədiyi digər xərcləri verməkdən boyun qaçırmışdır. İddiaçının məruz qaldığı bu vəziyyət ona ciddi mənəvi ziyan vurmuşdur. Belə ki, yaradıcılıqla məşğuldur, junalistdir, hazırda “Hüquq və Qanun” jurnalının baş redaktorudur. Xeyli müddətdir ki, mənəvi əsəb gərginlikləri səbəbindən yaradıcılıq və işindən ayrı düşmüşdür. Fəal ictimai həyat şəraitindən məhrum olmuşdur. Yəqin ki, bu hal hələ uzun müddət məhkəmə instansiyalarında işi başa çatıb haqq yerini tapanadək davam edəcəkdir. Ona görə də cavabdehdən avans olaraq ödənilmiş behə görə 4000 manat, ev sənədlərinin tərtib edilməsi ilə bağlı oğlunun London-Bakı və Bakı- London reysi ilə üç dəfə uçuşu üçün ödədiyi 4942,34 manat, vurulmuş mənəvi ziyana görə 20000 manat, cəmi 28942,34 manat pul, hüquqi xidmət göstərilməsindən ötrü müdafiəçi ilə bağladığı müqaviləyə əsasən ödədiyi və ya ödəməli olacağı 330 manat pul, iddia qaldırmaqdan ötrü 578 manat dövlət rüsumu ödəmişdir və çəkdiyi həmin xərcləri də tələb edir. Cavabdeh iddiaçıya vurduğu həmin ziyanları ödəməkdən boyun qaçırır, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. Belə ki, cavabdeh şəxsi biznesinə pul qoymaq məqsədi ilə mülkiyyətində olan mənzili dəyərindən 15000 manat ucuz satmaq qərarına gəlmişdir, çünki həmin məbləği artıqlaması ilə biznesdən əldə etmək mümkün olacaqdı. Təxmini 2024-cü ilin avqust ayında Royal adlı tanışı Fəxrəddin adlı şəxsin mənzili almaq niyyətində olduğunu bildirmişdir. Tərəflərin görüşü zamanı cavabdeh bildirmişdir ki, iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi, evi təxminən 10-15 gün müddətinə satmaq niyyətindədir. İddiaçı xahiş edərək evi bank vasitəsilə yəni, ipoteka krediti vasitəsilə almaq niyyətində olduğunu, çünki şəxsi tanışları vasitəsilə aşağı faizlə kredit götürəcəyini bildirmişdir. Cavabdeh isə razılaşdıqları vaxt müddətində heç bir problemin olmadığı bildirmişdir. Lakin iddiaçının bankdan kredit götürmək məsələsi xeyli yubanmış və nəticədə cavabdehin mənzili satıb pulu ilə biznesi genişləşdirmək məsələsi baş tutmamışdır. Buna baxmayaraq cavabdeh xx.xx.2024-cü i! tarixdə iddiaçıya səsli mesaj göndərərək əlavə 1 həftə də vaxt verdiyini bildirmiş, bu müddət ərzində alğı-satqının baş tutmasını xahiş etmişdir. Lakin verilmiş növbəti müddət ərzində də, cavabdeh tərəfindən mənzilin alğı-satqısı üçün heç bir hərəkət edilməmiş, yalnız Bankdan cavab gözlənildiyi bildirilmişdir. Verilmiş müddətin sonunda yəni, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya səsli mesaj göndərərək qeyd etdiyi müddətin başa çatdığını, həmin müddətdə iddiaçının evi almaq niyyətinin olmaması səbəbindən artıq evi satmaq niyyətinin olmadığını bildirmişdir. Göründüyü kimi, mənzilin alğı-satqısının baş tutmamasının məsuliyyəti iddiaçının üzərindədir, çünki cavabdeh əvvəlcədən razılaşmış müddətdən də, çox müddəti iddiaçıya vermişdir. Cavabdeh mənzilin qısa müddətdə satılmasında maraqlı olmuş və bunun müqabilində müəyyən məbləğdə gəlir əldə etmək niyyəti olmuşdur. İddiaçının isə hesabında razılaşmış məbləğdə pul olmasına baxmayaraq mənzili nağd qaydada almaqdan imtina edərək, özünə sərf edən daha uzun zamana başa gələn aşağı faizlə kredit götürmək yolu almaq istəmişdir. Çünki səsli smslərində qeyd edir ki, aşağı faizlə kredit götürməni ölkədə ondan başqa heç kim edə bilmir, Halbuki, istəkli olsa idi, iddiaçı 08 oktyabrda cavabdehi notariusa çağırıb alğı-satqını rəsmiləşdirməyi təklif edə bilərdi. İddiaçının hesabında pul olması barədə Royal adlı şəxslə yazışma hissəsi nədənsə iddia ərizəsində qeyd olunmamışdır. Bundan başqa iddiaçı ali təhsilli hüquqşünas olan bir şəxs kimi beh müqaviləsinin notarial qaydada rəsmiləşməsində maraqlı olmamışdır, çünki bilirdi ki, həmin müqavilədə müddət ilkin razılaşdıqları 10-15 günlük müddət göstəriləcək, əlavə müddətə cavabdeh razı olmayacaqdır. Həmin müddət də, aşağı faizli ipoteka kreditini götürə bilməyəcəkdir. Bunun üçün beh müqaviləsinin notarial qaydada rəsmiləşməsini təklif belə etməmişdir. Buna baxmayaraq iddia tələbi əsaslandırılarkən mülki məcələninin behlə bağlı 491-492-ci maddələrinə istinad olunmuşdur. Halbuki, ümumiyyətlə tərəflər arasında beh müqaviləsi bağlanmamışdır. Eyni zamanda, iddiaçı, tərəflər arasında beh müqaviləsinin şifahi bağlanmış kimi göstərsə belə, yenə də, qanunvericiliyin tələbinə görə müqavilənin icra edilməməsi üçün məsuliyyəti iddiaçı tərəf daşımalıdır. Çünki cavabdeh tərəfindən verilmiş şifahi söz tutulmuş, iddiaçıya artıqlaması ilə vaxt verilmişdir. İddiaçının isə nağd alğısatqıya getmək imkanı olsa da, mənzili ipoteka krediti yolu ilə əldə etmək istəmiş və cavabdehin müəyyən etdiyi əlavə müddətdə də, krediti əldə edə bilməmişdir. Hesab edir ki, iddiaçının ilkin tələbi əsassız olduğundan ondan törənən digər tələblər də, əsassızdır. Belə ki, tərəflər arasında belə razılaşma olmamışdır ki, iddiaçının oğlu haradansa gəlib ipoteka krediti götürüb və onun hesabına mənzili alacaqdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, nümayəndəsi və vəkilinin izahatına uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakla bağlı alğı-satqı münasibətləri olmuş, iddiaçı cavabdehə beh kimi 2000 manat pul vermiş, sonra daşınmaz əmlakın alğı-satqısı baş tutmamış, iddiaçı beh kimi ödənilmiş 2000 manat vəsaiti cavabdehdən tələb etsə də, cavabdeh həmin məbləği qaytarmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan beh olaraq aldığı 2000 manatı qaytardığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında olan münasibətlər beh müqaviləsi üzrə münasibətlər kimi görünsə də, behlə bağlı tərəflər arasında hər hansı bir yazılı müqavilənin olmamasını və notariat qaydasında təsdiq edilməməsini nəzərə aldıqda, sözügedən münasibətlər beh müqaviləsi üzrə münasibətlər hesab edilməməklə hazırki mübahisəyə göstərilən münasibətlərə dair normalar tətbiq oluna bilməz.
10. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan aldığından hazırki mübahisəyə əsassız varlanma üzrə normalar tətbiq edilməlidir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
14. Beləliklə, cavabdeh pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan almaqla əsassız varlanmışdır ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 2000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia göstərilən tələb hissəsində qismən təmin edilməlidir.
15. İddia tələbinin iddiaçının oğlunun London-Bakı və Bakı- London reysi ilə üç dəfə uçuş üçün bilet puluna görə ödədiyi 4942,34 manatın tələb edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə aviabiletlər əlavə edilsə də, həmin avibiletlər üzrə ödənişlərin məhz iddiaçı tərəfindən ödənilməsini, eyni zamanda həmin biletlərin məhz hazırki mübahisə ilə bağlı alınmasını təsdiq edən sübut məhkəməyə tədqim edilməmiş, habelə tərəflər arasında nəzərdə tutulmuş əqdin bağlanması ilə iddiaçının oğlunun təyyarə ilə Bakı şəhərinə gəlməsi arasında səbəbli əlaqə müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin oluna bilməz.
16. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir:
17. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
18. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
19. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
20. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
21. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
22. Məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi mənəvi ziyan hissəsində də təmin oluna bilməz.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 02 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və xx.xx.2025-ci il tarixli 17093 saylı qəbzdən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 330 manat müəyyən olunmaqla İmişli rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 330 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.
25. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun bölüşdürülməlidir.
26. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 177 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli 164,61 manat məbləğ çıxılmaqla, qalan 12,39 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2000 manat, ev sənədlərinin tərtib edilməsi ilə bağlı oğlunun London-Bakı və Bakı- London reysi ilə üç dəfə uçuş üçün bilet puluna görə ödədiyi 4942,34 manat, vurulmuş mənəvi ziyana görə 20000 manat, cəmi 28942,34 manat pulun, vəkil xidmətinə görə ödədiyi 330 manat pulun və ödənilmiş 177 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul və vəkilin göstərdiyi yardıma görə 330 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 177 manat dövlət rüsumunun 12,39 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 164,61 manat məbləği İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.