Məhkəmə qərarları › İş №2(036)-814/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-814/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-814/2024 23.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: ölümün qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin 1932-ci il təvəllüdlü atası X1 29 dekabr 2004-cü ildə İmişli rayonunun Cavadxanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin 1932-ci il təvəllüdlü atası X1 29 dekabr 2004-cü ildə İmişli rayonunun Cavadxanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi bir evdə yaşayan atası, 1932-ci il təvəllüdlü X2 ağır xəstə idi. Onun xx.xx.2004-cü il tarixdə yaşadığı İmişli rayonunun Cavadxanlı kəndində evdə qəflətən vəziyyəti ağırlaşmış, həkim çağırslar da, həkim gələnə qədər atası vəfat etmişdir. Mərhumu İmişli rayonunun Cavadxanlı kənd qəbristanlığında dəfn etmişlər. Ərizəçi maraqlı şəxsə mərhum atasının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin maraqlı şəxs xx.xx.2024-cü il tarixdə imtina rəyi vermiş, səbəb də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olması göstərilmişdir. Ölüm haqqınca tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Tibb müəssisəsindən isə bildirmişlər ki, mərhum stasionar müalicə zamanı vəfat etmədiyindən, evdə öldüyündən tibbi ölum sənədi vermək mümkün deyildir. Ərizəçiyə İmişli rayon məhkəməsinə ölüm faktının müəyyən edilməsi barədə müraciət etmək məsləhət bilinmişdir. Atasının ölümü ərazi nümayəndəliyinin arayışı ilə və tərtib edilmiş aktla da təsdiq olunur. Bu faktı şahidlər də təsdiq edə bilərlər. Ona görə də ərizəçinin atası X1 xx.xx.2004-cü il tarixdə İmişli rayonu Cavadxanlı kəndiində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə şəhadətnamə verilməlidir. Həmin faktın müəyyən edilməsi vərəsəlik və sair ailə məsələlərinin həll edilməsi üçün zəruridir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

8. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İmişli Rayon İcra Hakimiyyətinin Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 127 saylı arayışdan görünür ki, 1932-ci il təvəllüdlü X2 29 dekabr 2004-cü il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində öz evində ölmüşdür və İmişli rayonunun Cavadxanlı kənd Qəbiristanlığında dəfn olunmuşdur.

10. İmişli Rayon İcra Hakimiyyətinin Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 1932-ci il təvəllüdlü X2 29 dekabr 2004-cü il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində öz evində ölmüşdür və İmişli rayonunun Cavadxanlı kənd Qəbiristanlığında dəfn olunmuşdur.

11. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi isə qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mərhum, X1 ölümünün qeydə alınmasından imtina edilmişdir.

12. İşin müəyyən edilən hallarından görünür ki, X2 29 dekabr 2004-cü il tarixdə ölmüş və o, İmişli rayonunun Cavadxanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir.

13. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X1 29 dekabr 2004-cü il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində ölməsi faktı müəyyən edilməlidir.

VI. Nəticə:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. 1932-ci il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində doğulmuş X1 29 dekabr 2004-cü il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə 1932-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar