Məhkəmə qərarları › İş №2(036)-866/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-866/2024

30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-866/2024 30.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: əmlakın qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1 baş yanıbalalı inəyin və ya onun dəyəri olan 1700 manat pulun, həmçinin ödənilən dövlət rüsumunun və mediasiya xərcinin alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 1 baş yanıbalalı inəyin və ya onun dəyəri olan 1700 manat pulun, həmçinin ödənilən dövlət rüsumunun və mediasiya xərcinin alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2018-ci ildə faktiki nikah münasibətinə girib evlənmişlər. Faktiki nikahlarından X1 adlı qızı anadan olmuşdur. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra ailə münasibətləri pozulmuşdur. Hazırda cavabdehlə faktiki olaraq ayrılmışlar, atası evində yaşayır. 2019-cu ildə atasının iddiaçıya hədiyyə olaraq verdiyi 1 baş yanıbalalı inəyi cavabdehin həyətində qalmışdır. Hazırda həmin inəyi cavabdehdən tələb edir, lakin o hər dəfə bir bəhanə gətirərək yanıbalalı inəyi vermir. Mütəxəssis rəyinə əsasən hazırda həmin inəyin bazar qiyməti 1700 manatdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə faktiki nikahda olmuşlar. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçının atası ona yanı balalı bir baş inək vermişdir. Uşaq doğulandan sonra onun səhhətində olan problemlərə görə maddi imkanları olmadığından iddiaçının razılığı ilə inəyi satıb pulunu uşağın müalicəsinə xərcləmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, iddiaçı onun həmkəndlisidir. İddiaçının atası ona yanı balalı bir baş inək hədiyyə etmişdir. İddiaçıya məxsus cehiz əmlakları cavabdehin yaşadığı evdən götürməyə gedəndə boz rəngli inək həyətdə bağlı vəziyyətdə idi.

6. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, iddiaçı onun həmkəndlisidir. İddiaçının atası ona yanı balalı bir baş inək hədiyyə etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2018-ci ildə faktiki nikah münasibətinə girmişlər, 2019-cu ildə iddiaçının atası ona 1 baş yanıbalalı inək hədiyyə olaraq vermişdir. Tərəflər arasında faktiki nikah münasibətləri pozulmuşdur.

12. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

13. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.

14. Mülki iş üzrə mübahisələndirilən hallar iddiaçı tərəfindən atasının ona inəyin verilməsi, cavabdeh tərəfindən isə uşağın müalicəsi ilə əlaqədar inəyin satılmasıdır. Qeyd edilən halları da sübut etmə yükünü tərəflər daşıyır. İddiaçı tərəf sübut etməlidir ki, atası tərəfindən ona hədiyyə olaraq inəy verilmiş, qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan inəydən məhrum olmuş və həmin inəy məhz qarşı tərəfin faktiki sahibliyindədir, cavabdeh tərəf isə sübut etməlidir ki, inəy uşağın müalicəsi üçün satılmış və bu iddiaçının razılığı ilə baş vermişdir.

15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

16. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü inəyin atası tərəfindən ona hədiyyə verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh, iddiaçının atasının ona yanı balalı bir baş inək verməsini etiraf etmişdir.

18. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, atası tərəfindən inəyin verilməsinin sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir.

19. Cavabdeh isə məhkəmə iclasında izahatında uşaq doğulandan sonra onun səhhətində olan problemlərə görə maddi imkanları olmadığından iddiaçının razılığı ilə inəyi satıb pulunu uşağın müalicəsinə xərcləməsini bildirsə də, buna dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

20. Eyni zamanda, cavabdehin istinad etdiyi hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də təkzib olunur. Belə ki, həmin ifadələrə əsasən iddiaçıya məxsus cehiz əmlakları cavabdehin yaşadığı evdən götürülərkən inək həyətdə bağlı vəziyyətdə olmuşdur.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia inəyin tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

22. İnəyin dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05 saylı arayışdan görünür ki, bazarda bir baş yanında altı aylıq erkək balası olan inəyin orta satış qiyməti 1700 manat təşkil etmişdir.

23. Məhkəmə hesab edir ki, əgər cavabdeh inəyi qaytara bilmədikdə, onun dəyəri olan 1700 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

24. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1 baş yanıbalalı inəy və ya onun dəyəri olan 1700 manat pul, ödənilmiş 38 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar